23 Dekabr 2024

Putin Azərbaycansız SSRİ qurur?- ilginc açıqlamalar

Son günlər, xüsusilə də Qazaxıstanda baş verənlərdən sonra Putinin digər keçmiş ittifaq respublikalarında da çevrilişlər hazırladığı, həmin ölkələrin müstəqilliyini təhdid etdiyi iddiaları ortaya atılır. Amma bir şey unudulur ki, Rusiya nə qədər böyük və qüdrətli olsa da, dünyanın indiki dönəmində bu sayda ölkəni bir dəfəyə işğal edə bilməz. Elə KTMT-nin hərbi birləşmələrinin Qazaxıstana daxil olmasına ABŞ başda olmaqla, Qərbin kəskin reaksiyası, həmçinin Ukrayna ətrafında yaşananlarla bağlı təpkilər Kremlin ümumilikdə postsovet məkanı ilə bağlı gözlənilən siyasətinə münasibətdən xəbər verir. Amma Rusiyadakı imperiyapərəstlərin mövqeyinin “çiçəklənməsi” də narahatlıq doğurur.

Düzdür, Rusiya prezidenti Vladimir Putin ötən il SSRİ-nin bərpası barədə danışarkən özü bu ideyanı mənasız adlandırmışdı. “Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, – deyə Putin bildirmişdi. Onun sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq. Amma üstündən təqridən yarım il keçəndən sonra fərqli müşahidələr ortadadır. Məsələn, Kremlin keçmiş baş ideoloqu Vladislav Surkovun yeni proqram xarakterli məqalə dərc etməsi və Rusiyanın daxili problemlərinin həllinin imperialist ekspansiyada olduğunu iddia etməsi diqqət çəkir. Surkov deyib ki, ya Rusiya ərazisini genişləndirməli, ya da ölməlidir. Hər halda, Jirinovski, Duqin, Zatulin, Milonov kimi imperiya sevdalıların baş qaldırması həm də hakimiyyətin mövqeyinin məntiqi nəticəsidir. Prezident Putinin KTMT-nin onlayn konfransında “evimiz”lə bağlı dedikləri də Rusiyanın iştahının göstəricisidir.

Amma bu situasiyada Rusiyanın Azərbaycanla bağlı mövqeyi, Putin-Əliyev münasibətlərinin yüksək səviyyədə qalması və inkişafı ölkəmizlə bağlı optimist fikirlər üçün əsas yaradır. Xüsusilə də 44 günlük müharibədə Putinin tutduğu mövqe heç kimə sirr deyil. Düzdür, Azərbaycan KTMT-yə müşahidəçi üzv kimi sonuncu dəfə ötən ilin sonlarında Nazarbayev tərəfindən dəvət olunmuşdu. Amma rəsmi Bakının qətiyyətli mövqeyi hamıya bəllidir, ölkəmiz bloklara qoşulmur. Hazırda isə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi davam etdirir. Belə olan halda sual yaranır: Putin SSRİ-ni Azərbaycansız bərpa edir? Bir sıra müşahidəçilər hesab edir ki, bizim cəmiyyətin Rusiyadan aşırı şəkildə ehtiyatlanması kompleksdən doğur. Konkretləşdirsək, uzun onilliklər boyu davam etmiş əzilmişlik kompleksidir bu! Amma bir az da bilərəkdən, maraqlı dairələr və şəxslər tərəfindən ictimai şüura yeridilir. Bəs bu Rusiya xofundan necə qurtulaq?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, MDB məkanında hansısa dövlətlərin eyni bir məkanda birləşməsindən söhbət getsə də, SSRİ-nin bərpası ilə bağlı dəqiq heç bir fikir və ya addım atılmayıb: “Əgər Rusiya ilə ən yaxın dövlət kimi Belarus misal gətirilərsə, onların öz arasında da həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən fikir ayrılığı mövcuddur. Yəni MDB məkanında bir yerdə olmaq hələ SSRİ-nin bərpası demək deyil. Bütün bu söhbətlərə səbəb, zənnimcə, Qərb, ABŞ və Rusiya arşında illərdir davam edən ”soyuq müharibə”dir. Bunun da səbəbi nüvə silahlarının, o cümlədən yaxın və orta mənzilli nüvə başlıqlı raket silahların Rusiyanın əlindən alınması və ya məhv edilməsinə təhrik etməkdir”.

A.Nağıyev qeyd etdi ki, son Cenevrə danışıqları da bunu bir daha təsdiq edir: “Yəni Rusiya güclü hərbi sənaye kompleksinə malik bir dövlət kimi bir sıra dövlətlərə silah ixrac edir, hansılar ki, ABŞ-ı narahat edir. Buna adekvat addımlar kimi NATO-nun Qərbdə təlimləri və bazalarının artırılmasıdır. Eyni zamanda Ukrayna sərhəddində Rusiyanın 100 minlik hərbi kontinqentinin cəmləşməsi də Qərbdə narahatlıq yaradır. Orta Asiyada, o cümlədən Qazaxıstanda son baş verənlər də göstərdi ki, Qərb Rusiya ilə bağlı planlarını həyata keçirməkdə davam edir. Rusiya da öz növbəsində adekvat addımlar atır və təbii ki, bu da kənardan SSRİ-nin bərpası kimi görünür”. Deputat xatırlatdı ki, ABŞ vaxtilə nüvə silahları ilə bağlı heç SSRİ-nin süqutunu istəmirdi: “Çünki silahlar bir neçə dövlətdə qala bilərdi. Buna görə də müəyyən zəmanətlər müqabilində Ukraynada və bir sıra dövlətlərdə silahların məhvinə nail oldular. Amma Rusiya ilə bu, baş tutmadı. İndi isə hətta Rusiyanın İranla, istərsə də Türkiyə ilə bu sahəda əməkdaşlığı Qərbdə qıcıq yaradır və nüvə silahlarını hansısa terror dəstələrinin ələ keçirəcəyi ilə bağlı anonslar verilir. Yəni SSRİ -nin bərpası imitasiya ola bilər, lakin real görünmür”. Amma A.Nağıyev hesab edir ki, pərdəarxası siyasi oyunlar da var. Ölkəmizə gəldikdə, deputat əminliklə qeyd etdi ki, Azərbaycanla bağlı məsələlər və SSRİ-nin bərpası məsələsi, ümumiyyətlə, inandırıcı deyil: “Biz həm Qərblə, həm Rusiya ilə normal iqtisadi, siyasi, hərbi və mədəni əlaqələr qurmuşuq və siyasətimiz də suverenlik, müstəqillik, təhlükəsizliyimizin həyata keçirilməsi və xalqımızın rifahıdır. Heç bir dövlətin ərazi bütövlüyünü təhdid etmirik. Bununla belə, bəzi qüvvələr çalışırlar ki, Azərbaycanda bir SSRİ xofu yaratsınlar, bu da alınan deyil. Çünki hazırda Rusiya -Azərbaycan- Türkiyə əlaqələri mühüm amildir, regional məsələlər qlobal məsələlərin elementləridir. Yəni hətta bunu istəsələr belə bu alınmaz. Tək silah gücünə də bunu etmək qeyri-mümkündür və bu heç Rusiyaya da hər hansı müsbət divident gətirməz. Rusiyanın Azərbaycanla bağlı mövqeyi çox yüksək səviyyədədir. 44 günlük müharibədə Putinin tutduğu mövqe də heç kimə sirr deyil. Ümumilikdə SSRİ-nin bərpasını kimlərsə arzulasa da, bu, hələ yaxın gələcəkdə mümkün reallıq deyil”.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Elçin Mirzəbəyli: “Liberal Qərbdən fərqli olaraq, postsovet məkanında yaşayan xalqların böyük əksəriyyəti Rusiyadan qorxmur”

Siyasi şərhçi Elçin Mirzəbəyli də əminliklə bildirdi ki, SSRİ-nin hər hansı bir formada bərpası mümkün deyil: “Bu amilin qabardılması həm postsovet məkanında, həm də Qərbdə, xüsusilə də Şərqi Avropada xof yaradılmasına xidmət edir. Rusiyanın hərbi gücü və potensialı haqqında yaradılan mif bu ölkənin imkanlarından dəfələrlə böyükdür. Və bu mifin yaradılmasında Rusiyanın özündən daha çox onun postsovet məkanına və Avropaya sızmış ”beşinci kolon”unun təmsilçiləri, satqın Qərb siyasətçiləri və mediası, eləcə də müti, qorxaq, azad düşüncədən məhrum, sığınmaq üçün güc axtaran texnokratlar, keçmiş sovet nomenklaturasının bəzi tör-töküntüləri və onların törəmələri daha çox rol oynayırlar. Eyni zamanda 2000-ci illərdən başlayan və bəşəriyyətin üz qarası Barak Obamanın prezidentliyi dönəmində vüsət alan “rəngli inqilablar” dalğası, bu “inqilablar”ın dünyanın müxtəlif ölkələrini cəhənnəmə çevirmələri qeyri-sabitlikdən yorulan xalqları alternativ güc axtarışına çıxmağa məcbur edir və bu vəziyyətdən avtoritarizmə meylli olan siyasətçilər də məharətlə istifadə edirlər”.

E.Mirzəbəyli hesab edir ki, Qərbin xarizmasız, xaraktersiz, ultraliberal siyasətçilərinin də Rusiya amilinin qabardılmasında rolu böyükdür: “Rusiyaya güzəştə getmək olmaz. Çünki bu ölkə dünyada, yaxud hansısa regionda sabitliyin qorunub saxlanılması məqsədilə edilən güzəşti də geriyə çəkilmək kimi anlayır və təzyiqlərini daha da artırır. Vaxtilə SSRİ-yə münasibətdə yumşaq mövqe nümayiş etdirən Avropa siyasətçilərinin qeyri-müəyyən və qorxaq davranışlarına ABŞ prezidenti Ronald Reyqanın 1983-cü ildə Floridada etdiyi çıxış son qoymuşdu. SSRİ-ni ”şər imperiyası” adlandıran Reyqan öz qətiyyətli mövqeyi ilə “yumşalma” cəhdlərini alt-üst edərək Qərbin SSRİ-yə qarşı birgə mübarizəsini təşkil etməyi bacarmışdı. Reyqan deyirdi ki, “əgər tarix bizə nəyisə öyrədibsə, bu, ona görədir ki, arzu etdiklərimizi reallıq kimi təqdim etməklə təcavüzkarı əyləndirmək axmaqlıqdır. Bu, öz keçmişimizə xəyanət və azadlığımıza etinasızlıqdır”. Hesab edirəm ki, Ronald Reyqanın yanaşması bu günümüz üçün aktualdır. Bu gün əksər Qərb siyasətçiləri Rusiyaya bağlı təqdimatlarında əsasən öz arzularını reallıq kimi təqdim etməyə çalışırlar. Onlara elə gəlir ki, Moskva ilə uzun-uzadı müzakirələr hansısa nəticəyə gətirib çıxaracaq. Amma bu, belə deyil. Rusiya bu müzakirələrə sərf olunan vaxtdan və “yumşalma”dan istifadə edərək öz təsir imkanlarını daha da gücləndirəcək və yeni şərtlərini diqtə etməyə çalışacaq”. Analitik hesab edir ki, məhz bu səbəbdən də Rusiya ilə onun öz dilində danışmaq, bir zərbəsinə on zərbə ilə cavab vermək lazımdır: “Rusiya siyasətçiləri əmin olsalar ki, şıltaqlıqları onlara baha başa gələcək, o zaman dayanacaqlar. Təəssüf ki, dünyada bu əminliyi yarada bilən siyasətçilərin sayı çox azdır. Yarada bilənlərin rəhbərlik etdiyi ölkələrin potensialı isə belə davranmağa imkan vermir. Doğrusu, əgər bu gün kimlərsə hələ də ”Rusiya xofu”nun təsiri altında əzilirsə, bu artıq həmin şəxsin şərin köləsinə, buyruq quluna çevrildiyini sübuta yetirir. Hətta zorakılğın ən qatı əleyhdarlarından olan Mahatma Qandi deyirdi ki, “əgər zorakılıqla qorxaqlıq arasında seçim etmək məcburiyyəti yaranarsa, o zaman mən zorakılığı seçməyi tövsiyə edərdim”. Martin Lüter Kinq isə qorxaqlığı zorakılıqdan daha böyük şər adlandırırdı. Düşünürəm ki, Rusiyanın iddialarının qarşısının alınmasının yolu cəsarətli və qətiyyətli davranmaqdan keçir”. E.Mirzəbəyli dedi ki, liberal Qərbdən fərqli olaraq, postsovet məkanında yaşayan xalqların böyük əksəriyyəti Rusiyadan qorxmur: “Sadəcə, SSRİ-nin süqutundan keçən dövr ərzində Moskva bu xalqların yaşadıqları dövlətlərin inkişafının qarşısının alınması üçün bütün vasitələrə əl atıb. Qərb isə bu xalqların Rusiyaya qarşı müqavimətini düzgün dəyərləndirməyib, onları dəstəkləməyib və bir çox hallarda onların maraqlarını çox ucuz qiymətə güzəştə gedib. Məhz bu amil də Qərbin timsalında etimad edilməsi mümkün olmayan geosiaysi qütb yanaşmasının formalaşmasına zəmin yaradıb ki, Rusiyanın ”beşinci kolon”u da bu əməldən öz təbliğatını qurmaq üçün məharətlə istifadə edib. Bu baxımdan hesab edirəm ki, Rusiyanın təcavüzkar davranışlarının qarşısının alınmasının yeganə yolu postsovet respublikalarının iqtisadi və hərbi cəhətdən gücləndirilməsindən keçir. Rusiyanın gücü postsovet məkanına təsir imkanlarındadır. Bu imkanlar zəiflədilərsə, Rusiyanın aqressiv davranışlarının da qarşısı alınacaq”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”