23 Dekabr 2024

Prodüser yenidən həbsdə – azyaşlı övladları əlindən alınacaq

Hüquqşünas: “Təranə Səmədovanın həyat tərzi, narkotik aludəçisi olması buna əsas yaradır”

Yenidən həbs olunan tanınmış prodüser Təranə Səmədovanın azyaşlı uşaqları da əlindən alına, valideynlik hüququndan məhrum oluna bilər.

Bu barədə tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a açıqlamasında deyib. Vəkil qeyd edib ki, əgər sübut olunarsa ki, Təranə Səmədova həqiqətən də uşaqlarına qarşı qanunsuz hərəkətlər edib, onların hüquqlarını pozub, şiddət göstərib və dilənçiliyə cəlb edib, o halda məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum olunması ilə bağlı qərar qəbul oluna bilər: “Təbii ki, bütün bunlar istintaq tərəfindən sübut olunmalıdır. Hətta uşaqlarını dilənçiliyə məcbur etməsi, onlara şiddət göstərməsi haqda məsələ öz təsdiqini tapmasa belə, Təranə Səmədovanın həyat tərzi, narkotik aludəçisi olması buna əsas yaradır. Bununla bağlı müvafiq qurumların,  o cümlədən yaşadığı ərazinin rayon icra hakimiyyətinin nəzdində olan azyaşlılarla iş və yaxud himayəçilik komissiyasının rəyi ilə məhkəmə onu valideynlik hüququndan məhrum edə bilər. Əslində etməlidir də. Çünki həmin  uşaqların həyatı təhlükədə ola bilər”.

Əsabəli Mustafayev: “Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan  götürülməsidir”

Əsabəli Mustafayev

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində Təranə Səmədovanın iki qız övladı 13 yaşlı Suel və 7 aylıq Adelin Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirildiyini deyib. Birliyin sədri Kəmalə Ağazadə sözügedən faktı təsdiqləyib.

Tolikin “Təranə evinin önündə qızı Sueli qucağında yeddi aylıq digər qızı Adel ilə dilənçiliyə məcbur edib” sualına isə Kəmalə Ağazadə bu cür cavab verib: “Hazırda Suelin sığınacağımızda adaptasiya dövrü başlayıb. Onlar birinci gecəni bizdə keçirdilər. Hər şey qaydasındadır.

Suel ailəsində o qədər xoşagəlməz hadisələrlə qarşılaşıb ki, bu sığınacaq onun üçün sanki rahat mühitə çevrilib. Diqqət, qayğı görüb. Bu məsələ ilə bağlı qonşular da məlumat verib, eyni zamanda Suelin bəzi danışdıqları var. Amma bunlara hüquqi qiymət verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərini dəvət edəcəyəm. Bizim psixoloq da Suellə ilkin söhbətlər aparıb. Bir neçə gündən sonra artıq uşağın vəziyyəti ilə bağlı açıqlama verəcəyəm. Bu gün onlar tibbi müayinədən keçməyə göndərildi. Yeddi aylıq Adeldə sağlamlığı və inkişafı ilə bağlı geriləməyi var. Bu problemi aradan qaldırmalıyıq. Qaldı ki, uşaqların gecə saatlarında küçədə olma faktı məsələsini Rəqsanə də mənə deyib”.

Onu da xatırladaq ki, Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı. Onun yeddi aylıq qızının atası Rasim Həsənov da iki ay öncə hədə-qorxu yolu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.