Prinsipial mövqe
Məlum olduğu kimi, 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın şəhəri işğal olunmuşdu. Lakin 2020-ci ilin 27 sentyabrında ermənilərin hücumuna cavab olaraq başlayan Vətən müharibəsində Azərbaycan Ordusu tarix yazdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz 44 gün ərzində erməni ordusunu darmadağın etdi. Prezident İlham Əliyevin uğurlu siyasəti və Azərbaycanın gücü sayəsində Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz olaraq işğaldan azad edildi.
Prezident İlham Əliyevin xüsusi diqqət və qayğı göstərdiyi işğaldan azad olunmuş ərazilərimizə yenidən həyat qayıtdı və Azərbaycan 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başladı. Möhtəşəm qələbədən sonra Qarabağın əsl sakinləri doğma yurdlarına geri döndülər. İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə başlanıldı və həmin işlərin hayata keçirilməsi sürətlə davam etdirilir.
Keçmiş işğal zonasına həyatın qaytarılması yalnız işğalın nəticələrini aradan qaldırmaqda ehtiva olunan quruculuq və bərpa prosesindən ibarət deyil. Dövlət başçımızın da ifadə etdiyi kimi, “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq”.
Bu gün Azərbaycan cənab İlham Əliyevin öndərliyində tarixin heç bir dövründə olmadığı qədər böyük quruculuq bərpa prosesinə ev sahibliyi edir. Özünün ən qüdrətli lideri ilə ən güclü zamanını yaşayan Azərbaycan dövlətinin bu layihələri uğurla başa vuracağına isə heç kimdə şübhə yoxdur.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi