22 Dekabr 2024

Prezidentin Türkiyədən verdiyi mühüm mesajlar – qardaşlığın möhtəşəm təntənəsi

Türkiyədəki açılış törənində İlham Əliyev “Qarabağ Fatehi” kimi qarşılandı; “Bir millət, iki dövlət”in liderlərindən dostları qürurlandıran, düşmənləri yandıran vəhdət nümayişi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkədə işgüzar səfərdə oldu. Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdilər.

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək. Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir. Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. Bu hava limanının dənizin doldurularaq inşa edilməsi böyük maraq doğurub. Dünyadakı 5 belə hava limanının ikisinə qardaş ölkə sahiblik edir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır. Azərbaycanın da turizmlə bağlı böyük hədəflərinin olması, Qarabağ və Zəngəzur bölgəsində hava limanlarının və yol infrastrukturunun müasir standartlarına uyğun şəkildə tikilməsi, üstəlik, bu işlərdə Türkiyənin elə Rizedəki hava limanını inşa edən aparıcı şirkətinin rol alması ortaq maraqlarımızdan, birgə hədəflərimizdən xəbər verir. Bu mənada iki liderin bir yerdə olması təbiidir.

AZƏRTAC-ın yaydığı məlumata görə, açılış mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb. Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd etdi və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırıb. Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər. Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize-Artvin  Hava Limanının açılışında iştirak ediblər (

Qeyd edək ki, 7 ay öncə Ərdoğan Füzuli rayonunda hava limanının açılışına gəlmişdi. Bu dəfə İlham Əliyevin təyyarəsi Rizədəki yeni hava limanına enən ilk xarici ölkə layneri oldu. Artıq ənənə halını alıb ki, iki qardaş ölkə strateji əhəmiyyətli obyektlərin açılışında ən yüksək səviyyədə iştirak edirlər. Dost-qardaşlar elə belə də olmalıdır: şad gündə də, dar gündə də bir yerdə! Artıq iki qardaş ölkə “ət-dırnaq” kimidir. Prezident çıxışında onu da xüsusi qeyd elədi ki, biz artıq rəsmən müttəfiqlik. Səfər, şübhəsiz, həm də dünyadakı olduqca mürəkkəb duruma, Ukrayna böhranının davam elədiyi dönəmə təsadüf eləməsi ilə məxsusi diqqət çəkir, xüsusi önəm kəsb edir. Səfər zamanı Ərdoğan və Bahçeli prezidentə hədiyyələr təqdim elədilər. Bahçeli üzərində “Qarabağ Fatehi” yazılmış tapança bağışladı.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində möhtəşəm nitq söyləyib. “Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuz illik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın ”Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”, – deyə Prezident bildirib.

Cənab İlham Əliyev qeyd edib ki, bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Sitat: “Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”. Dövlət başçımız dost-düşmənə mesaj olaraq xatırladıb ki, biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçib: “Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

İlk dəfə Rizedə olduğunu, bu diyar haqqında çox eşitdiyini deyən Azərbaycan Prezidenti müşahidələrini də bölüşüb: “Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara! Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir”.

Prezident çıxışını hava limanının açılışı münasibətilə təbriklərini çatdırmaqla və “Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!” sözləri ilə bitirib.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti barədə səmimi fikirlərini çatdırmaqla yanaşı, qarşıdakı hədəflərdən də bəhs edib. “Bir millət, iki dövlətin” liderlərinin növbəti dəfə görüşü və əzəmətli layihənin açılışında bərabər iştirakı qürurlu və tarixi hadisə oldu, heç şübhəsiz.

Ceyhun Məmmədov medalla təltif edilib » TEHSIL-PRESS Agentliyi

Deputat: “Bu, bir daha göstərdi ki, münasibətlər ən yüksək səviyyədədir”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, hər zaman olduğu kimi, bu səfər də xüsusi məqamlarla yadda qaldı: “Bu gün Türkiyə-Azərbaycan münasibətləri özünün ən yüksək inkişaf dövrünü yaşayır. Münasibətlərin bu səviyyədə olmasında hər iki ölkə liderinin müstəsna xidmətləri var. Sözügedən hava limanının açılışına məhz Prezident İlham Əliyevin dəvət olunması, onun şəklinin Türkiyə liderləri ilə birgə hava limanından asılması da Türkiyə xalqının və prezidentinin Azərbaycana verdiyi dəyərin, göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Bu kimi qarşılıqlı səfər və müzakirələr ölkələr arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə ciddi töhfələr verir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan çıxışlarında iki ölkə arasında münasibət və əlaqələrlə bağlı bir çox vacib məqamlara toxundular. İki dost və qardaş ölkə artıq yalnız dost və qardaş deyil, həm də strateji müttəfiqdirlər”. Deputat qeyd etdi ki, iki ölkə arasında əlaqələr heç zaman belə yüksək olmamışdı: “Milli Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Prezident İlham Əliyevə hədiyyə verməsi də səfərə əlavə rəng qatdı. Bəzən Azərbaycanla incikliklə bağlı spekulyasiyalara yol verilirdi. Bu, bir daha göstərdi ki, münasibətlər ən yüksək səviyyədədir. Eyni zamanda Türkiyə prezidentinin bu ayın sonunda Azərbaycana səfəri nəzərdə tutulur. Hesab edirəm səfər zamanı bir çox məqamlar ətrafında geniş müzakirələr aparılacaq, bir sıra yeni sənədlər imzalanacaq. Görüşün nəticələri barədə ətraflı məlumatlar verilib. Əsas olan odur ki, bu gün Azərbaycanla Türkiyə həm də strateji müttəfiqdir. Şuşa Bəyannaməsi bu müttəfiqliyin ən bariz nümunəsidir”.

QAT sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, Rizədəki görüşü, mərasimi, qarşılıqlı açıqlamaları böyük məmnuniyyətlə izləyərək, qürurlandıq: “Dünyada və regionumuzda ağır, çətin, təhlükəli proseslər gedir. Gürcüstan nə vəziyyətə düşdü, Ukrayna hansı haldadır? Moldovanın üzərinə gələn təhlükələr və digər məsələlər gözlərimizin qarşısındadır. Azərbaycan, Türkiyə də bütün bu təhlükələrdən sığortalanmayıb. Ona görə də iki qardaş ölkə arasında bu münasibətlərin yaranması təkcə qürur mənbəyimiz deyil, yalnız gəlişigözəl sözlər demək üçün deyil, daha dəqiqi, dünyanın çox təhlükəli bir məqamında hər iki ölkə üçün təhlükəsizlik kəməridir”.

A.Nağı qeyd etdi ki, Rizə görüşü Şuşa Bəyannaməsinin imzalanmasından sonra ən önəmli bir hadisə oldu: “Orada açılan hava limanı təkcə iqtisadi deyil, daha çox strateji əhəmiyyət daşıyır, Türkiyənin Azərbaycanla birlikdə geostrateji hədəflərinə xidmət edir. Azərbaycan Prezidentinin orada iştirakı, ona xüsusi diqqətin ayrılması, xüsusən də ”Qafqazın parlayan ulduzunun lideri” ifadəsinin işlədilməsi ciddi niyyətlərdən xəbər verir. 500 il əvvəl Səfəvilərin hakimiyyətdə olduğu Azərbaycan dövləti ilə Osmanlıların görəvdə olduqları Türkiyə dövləti arasında bu birliyə nail olmaq mümkün olmamışdı, indi iki lider həm tarixə nəzər salıb, dərs götürdüklərini, həm də gələcəyə birgə addımlayacaqlarını nümayiş etdirirlər”.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

QAT sədri: “İki liderin Qafqaz fəthi davam edir”

QAT sədri əminliklə qeyd etdi ki, bu münasibətlər Qafqazda hər şeyi yerinə qoyacaq: “Ermənistan son günlərdə bir az jarqona keçsək , ”caydırır”,  başqa həvəslərə düşür, Azərbaycanın qarşısında şərt qoymağa çalışır. Rizə görüşündə ermənilərə də aydın mesaj göndərildi ki, başqalarına arxalanıb, yanlış fikirlərə düşməsinlər. Hər şey Azərbaycanla Türkiyənin birgə cızdıqları planla gedir və onlar da bu plana əməl etməlidirlər!”

A.Nağı qeyd etdi ki, Türkiyə prezidentinin Azərbaycana yaxın vaxtlara təyin edilmiş səfəri də münasibətlərin davamlı olduğuna işarədir: “Böyük ehtimalla həmin səfər yeni bir prosesin başlanğıcı olacaq. Yeni proses dedikdə onu nəzərdə tuturuq ki, ermənilərin Qərbə və Rusiyaya arxalanaraq oyun oynamaq, vaxtı uzatmaq cəhdi göz önündədir. Ola bilər ki, iki lider Bakı görüşündə yeni hərbi əməliyyatların mesajını versinlər. Rizədə Dövlət bəy İlham Əliyevi ”Qarabağ Fatehi” adlandırdı, İlham Əliyev isə bildirdi ki , İkinci Qarabağ müharibəsində Rəcəb Tayyib Ərdoğanla birlikdə olublar, Qələbəni də ikisi birgə əldə edib. Qarabağın Fəthi Qafqazın fəthi deməkdir. İki liderin Qafqaz fəthi davam edir”.

Bu il növbəti açılış mərasimi işğaldan azad edilmiş Zəngilanda olacaq, Türk liderlərin birgə iştirakı ilə. Birliyimiz, bərabərliyimiz bölgəmizə hüzur gətirəcək…