23 Dekabr 2024

Prezident: “Yeni elektrik stansiyası ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək”

“Bu gün Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasimində bildirib.

“Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”, – deyə dövlətimizin başçısı vurğulayıb.