23 Dekabr 2024

Prezident Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi – Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunan “Ali məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfrans çərçivəsində məhsuldar müzakirələr arzulayıram.

Müasir Azərbaycan Respublikasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu sahəsində əsaslı tədbirlər görülüb, o cümlədən yeni məhkəmə-hüquq sisteminin təsis edilməsi ilə bağlı tarixi qərarlar qəbul edilmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəmə orqanları fəaliyyətə başlayıb. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süquta uğraması səbəbindən Azərbaycanda kassasiya instansiyası məhkəməsinin yaradılması yalnız ölkə tarixinin növbəti mərhələsində mümkün olub.

1923-cü ildə təsis edilmiş ali məhkəmə orqanı sovet dövrünün bütün çətin sınaqlarından keçib, məhkəmə sisteminin təkmilləşdirilməsində, hüququn və onun tətbiqi təcrübəsinin zənginləşdirilməsində, peşəkar milli hüquqşünas kadrların yetişdirilməsində iştirak edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi müəyyənləşdirilib, Ali Məhkəmə başda olmaqla müstəqil, üçpilləli məhkəmə sistemi təsbit edilib. Məhz ulu öndərin siyasi iradəsi nəticəsində, mütərəqqi hüquqi yanaşmalar və modellər nəzərə alınmaqla, müasir Azərbaycan məhkəmə sisteminin yaradılması məqsədilə fundamental islahatlar aparılıb.

Məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olub. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir. Qeyd edilən istiqamətlərdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsində Ali Məhkəmənin xüsusi rolu var. Ali Məhkəmə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi institutlarının formalaşdırılması sahəsində məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirməli, insan hüquqlarının müdafiəsinə yönəlmiş yeni hüquqi mexanizmlərin müəyyənləşdirilməsinə, məhkəmələrdə hüquqi məsələlərin həllində vahid təcrübənin təmin edilməsinə töhfə verməlidir.

Müasir cəmiyyətlərin qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsi institutlarının da fəaliyyətinə təsir göstərir. Pandemiyalar daxil olmaqla müxtəlif böhran vəziyyətlərində məhkəmələrin insanlar üçün əlçatanlığının, bununla belə məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt elementlərinin tətbiqi, eyni zamanda, bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi, ictimai münasibətlərin sürətlə dəyişməsi ilə əlaqədar hüququn təkamülü və onun sabitliyinin qorunması məqsədləri arasında effektiv balansın təmin edilməsi kimi məsələlər belə çağırışlar sırasındadır.

Ümidvaram ki, bugünkü beynəlxalq konfrans çərçivəsində müasir çağırışların müzakirəsi ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına, bununla da cəmiyyətimizin tərəqqisinə dəyərli töhfə verəcək.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini və işçilərini 100 illik yubiley münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayıram!”