Pərvin Kərimzadə: Ölkəmizdə idmanın inkişafı sistemli və dayanıqlı xarakter daşıyır
“Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük inkişaf var. Artıq bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Ötən illər ərzində bu sahədə çox ciddi nailiyyətlər əldə olunub. Başa vurduğumuz 2022-ci ildə də idman sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə qazanılan nəticələri müsbət qiymətləndirib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Millət vəkilinin sözlərinə görə, cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra ölkə idmanının inkişafında sıçrayış baş verdi. Ötən illər ərzində ölkədə güclü idman infrastrukturu da yaradılıb. Respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var. Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir. Ölkədə idman-olimpiya komplekslərinin və qurğularının tikintisi və onların ətrafında yaradılan infrastruktur sosial məsələlərin həllinə də kömək edir. Paytaxtda və bölgələrdə ən yüksək dünya standartları səviyyəsində inşa edilən idman obyektləri bir tərəfdən gənclərin asudə vaxt keçirmələri, mənəvi cəhətdən kamilləşmələri, fiziki sağlamlıq göstəricilərini yüksəltmələri üçün əvəzolunmaz məkandır. Sayı getdikcə artan bu obyektlərdə keçirilən mötəbər yarışlarda Azərbaycanın himnini səsləndirən, üçrəngli bayrağını qaldıran idmançılar ordusu yetişir. Digər tərəfdən, idman-olimpiya komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur artıq böyük təsərrüfat təşkil edir. Bu obyektlərdə çoxlu sayda yeni iş yerləri yaradılıb.
Deputat qeyd edib ki, yaradılan müasir infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, son illərdə respublikamızda Avropa və Dünya çempionatlarının keçirilməsi ənənə halına çevrilib. 2015-ci ilin yayında Azərbaycan Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. Respublikamız bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. 2017-ci ilin birinci yarısında ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Oyunlara rekord sayda – 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb.
Son illərdə respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, gimnastika üzrə beynəlxalq turnirlərə, 41-ci dünya Skaut konfransı və 13-cü dünya Skaut gənclər forumuna və s. ev sahibliyi edib.
İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başladı. Bütün bunlar Azərbaycanın müasir mənzərəsini canlandırır. Cənab Prezidentin hərtərəfli qayğı və diqqəti sayəsində respublikamız qısa müddətdə yüksək səviyyəli idman ölkəsinə çevrilib ki, bu fakt beynəlxalqü miqyasda etiraf edilir.
Pərvin Kərimzadə vurğulayıb ki, dövlət tərəfindən idmanın kütləviliyinə xüsusi diqqətin yetirilməsi sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır: “Bu amil isə Vətənimizin sağlam gələcəyi deməkdir. Biz şahidi olduq ki, 44 günlük Vətən müharibəsində məhz sağlam, vətənpərvər gənclik torpaqlarımızı düşmən tapdağından azad etdi. Cənab Prezident bu faktı hər zaman vurğulayır. Digər bir vacib məqam isə işğaldan azad edilmiş ərazilərimizdə ən müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılması məsələsidir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Şuşada beynəlxalq şahmat, Suqovuşanda beynəlxalq avarçəkmə yarışlarının və Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsi həm də ondan xəbər verir ki, tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkili ənənəsinin əsası artıq indidən qoyulur. Bundan əlavə, Ağdamın məşhur “İmarət” stadionunun nəzərdə tutulan yeni layihəsi, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin atılması bu sahədə görüləcək mühüm tədbirlərdən xəbər verir. Şübhə yoxdur ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yaradılan idman infrastrukturları da nüfuzlu yerli və beynəlxalq yarışların keçirildiyi məkanlar olacaq”.