Paytaxtda kombilər qadağan ediləcək? – Yeni sosial narazılıq kimə lazımdır…

“Paytaxt Bakıda yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə ətraf mühitin çirklənməsinə səbəb olur”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov “Xəzər-xəbər”ə deyib. O qeyd edib ki, artıq bu sistemlərin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.
Məlumdur ki, paytaxtda on minlərlə mənzildə kombi sistemi var. Bu sistemin əsas özəlliyi istehlakçının sistemə müdaxilə edə bilməsidir: temperatur rejiminə nəzarət, qaz sərfiyatına qənaət və s. Mərkəzləşdirilmiş qaydada isə belə imkanlar yoxdur. Üstəlik, aylıq ödəniş etməyən abonentlərə görə digər abonentlərin istilikdən məhrum olma ehtimalı var. Bütün bunları nəzərə alaraq, ortaya bir çox suallar çıxır.

Fazil Mustafa: “Bunu hər yerdə tətbiq etmək böyük sosial narazılığa gətirib çıxara bilər”
Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bu məsələ ilə bağlı müəyyən təkliflər səsləndirilib: “Bu, əsasən Paris sazişi və Kyoto protokolu ilə bağlı götürülən öhdəliklərlə əlaqədardır. Atmosferə karbon qazının buraxılmasının mümkün qədər qarşısının alınması əsas hədəflərdəndir. Buna bağlı olaraq da alternativ enerji mənbələrinin genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, yeni inşa edilən binalara, ayrı salınan qəsəbələrə şamil olunması nəzərdə tutulur. Bunu hər yerdə tətbiq etmək çox böyük sosial narazılığa gətirib çıxara bilər. İndiyə qədər bir çox evlərdə qızdırıcı sistem mərkəzləşdirilmiş istilik sisteminə bağlı idi. Bu sistemin tam gücü ilə işləməməsi böyük problemlər yaratdı. Fikrimcə, bu məsələdə fərqli yol izlənməlidir. Yeni binalarda yaxud qəsəbələrdə bunu sınaqdan çıxarmaq lazımdır. Çünki bəzən qərar qəbul olunur, amma onun həyata keçirilməsi imkanları məhdud olur. İmkanlar məhdud olduqda isə qərarların effekti olmur. Bu isə vətəndaşa ziyandır. Həm də burada istehsalçı hüquqları istehlakçı hüquqları qədər pozula bilər. Şəbəkələşmiş quruluşlar var və onların birdən-birə sıradan çıxmasına səbəb olan proses başlaya bilər. Bu məsələlər təkliflər formasında gündəmə gəlib”.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib.

Eyyub Hüseynov: “Bu, birbaşa istehlakçı hüquqlarının pozulmasıdır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, kombilərin qadağan edilməsi ehtimalı birbaşa istehlakçı hüquqlarının pozulmasıdır: “Bu təklif müsbət dəyərləndirilsə, istehlakçılar çıxılmaz vəziyyətdə qalacaqlar. Bir çox ərazilərdə vətəndaşlar kombi sistemini məcburən quraşdırıblar. Məsələn, paytaxtın mərkəzində, Nizami küçəsindəki bir ərazidə vətəndaşlar istiliksiz qalıblar. Dəfələrlə AİB-ə, baş nazirə müraciət etsələr də, faydası olmayıb, buna görə də məcbur olub kombi quraşdırıblar. Öncə vətəndaşa şərait yaratmaq, sonra ləğvetmə olmalıdır. Elə bina var ki, qazanxanası var, lakin ödəniş olunmayıb, sakinlər isə kombi quraşdırıblar”.
Mütəxəssis əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda istehlakçı hüquqlarına nəzarətə məsul olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti demək olar ki, heç bir iş görmür.