23 Dekabr 2024

Paşinyan sülh istəyir?

Künc zərbəsi

Ermənistan baş nazirinin sözü ilə əməli uyğun gəlmir

Getdikcə daha aşkar şəkildə Rusiya ilə Qərbin maraqlarının toqquşduğu məkana çevrilən Ermənistanda baş nazir Nikol Paşinyanın siyasətindən narazılıqlar artmağa başlayıb. “Soros uşağı”nın xüsusilə son dövrdə əzəli himayədarları olmuş Rusiyaya üz çevirməsi, əvəzində Avropa İttifaqının (Aİ) monitorinq missiyasının Ermənistan ərazisində yerləşdirilməsində göstərdiyi canfəşanlıq düşmən ölkənin siyasi kluarlarında da birmənalı qəbul edilmir. Sonuncu faktın reallaşması Ermənistanın yaxın “qardaş”ı İranın da ürəyincə deyil və böyük ehtimalla Aİ-nin monitorinq missiyasının gəlişi iki ölkənin dostluğuna təsirsiz ötüşməyəcək. Digər tərəfdən, Türkiyə ilə münasibətlərin normallaşması üçün yaranmış tarixi imkanı dəyərləndirməkdə maraqlı görünən Paşinyan bu istiqamətdə atdığı addımlar, verdiyi açıqlamalarla ölkə daxilində narazıların yeni təzyiq dalğasının hədəfinə çevrilib. Erməni politoloqlar və siyasi analitiklər Nikolun nə istədiyini, nəyə nail olmağa çalışdığını aydınlaşdırmaqda çətinlik çəkirlər. Doğrudan da maraqlıdır, Paşinyanın “bir əlində bir neçə qarpız saxlamaq” sevdası Ermənistan üçün nələr vəd edir? Və ən mühümü, “inqilabçı” baş nazir həqiqətənmi sülh istəyir?

Əvvəlcə Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin səbəbləri və ehtimal olunan nəticələri haqqında bəzi məqamlara diqqət yetirək. “Soros”un Paşinyanı küçə hərəkatı vasitəsilə iqtidara gətirməsi açıq şəkildə Rusiyanın Ermənistandakı maraqlarının və planlarının pozulmasının başlanğıcı oldu. Baxmayaraq ki, hakimiyyətinin ilk vaxtlarında Nikol ölkəsində yüzillərdir formalaşmış rusiyameyilli siyasi kursu davam etdirmək istədiyi görüntüsünü yaradırdı. Ermənistanın Rusiyadan iqtisadi-ticari, hərbi və siyasi asılılığının həmin dövr üçün səviyyəsini nəzərə alsaq Paşinyanın alternativ seçim imkanının olmadığını təxmin etmək mümkündür. Məhz buna görə Ermənistanın baş naziri ənənəvi kursa sadiqlik nümayiş etdirir, Rusiyanı ölkəsinin “yaxın dostu və strateji müttəfiqi” adlandırırdı. Elə 44 günlük İkinci Qarabağ müharibəsinin Ermənistanın məğlubiyyətini rəsmiləşdirən yekun sənədini – 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatını da Paşinyan həmin “yaxın dost və strateji müttəfiq”in vasitəçiliyi ilə imzaladı. Yeri gəlmişkən, məlum kapitulyasiya aktını imzalamaqla Ermənistanı müharibənin daha faciəli nəticələrindən canını qurtara bildi. Müharibədən az sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçirərək növbəti dəfə hakimiyyətdə qalmağı bacaran, daha dəqiqi, yerini bir az da bərkidən Nikol Paşinyan bundan sonra müəyyən mərhələlərlə Rusiyaya qarşı siyasi mövqeyində korrektələr etməyə başladı. Buna Nikol öz əsl sifətini göstərməyə başladı da demək mümkündür. Çünki bu, Paşinyanın qarşısında onu hakimiyyətə gətirən Qərbin, yəni “Soros”un qoyduğu əsas tapşırıq idi. Bu baxımdan hətta nəticələrə görə Rusiyanı da günahlandıra bilmək üçün Azərbaycana qarşı növbəti təxribatlar da törədildi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına reallıqdan uzaq tələblər irəli sürüldü, Ermənistanın həmin təşkilatdan çıxmasının mümkünlüyü ilə bağlı xəbərlər dövriyyəyə buraxıldı və ölkədə açıq şəkildə Rusiya əleyhinə təbliğat kampaniyasına start verildi. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra isə Ermənistan daha əzəli himayədarı ilə “yaxın dost və strateji müttəfiq” olmaq istəmədiyini gizlətmədən üzünü Qərbə çevirdi.

Prezident Vladimir Putin başda olmaqla Rusiya rəsmilərinin Ermənistanla bağlı son açıqlamaları deməyə əsas verir ki, Paşinyan hökumətinin bu ölkəyə qarşı mövqeyinin dəyişməsi Kremldə ciddi narazılıq yaradıb. Bəs “bu “özbaşınalığın” cəzası nə olacaq” sualının cavabı isə hələlik açıqdır.

Paşinyanın Aİ-nin monitorinq missiyasının Ermənistana gəlməsinə razılıq verməsi təkcə Rusiyanın maraqlarına zidd olması baxımından deyil, ümumiyyətlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə təhdid yaratması baxımından da qəbuledilməzdir. Halbuki üçtərəfli görüşlər formatında müəyyən irəliləyişə nail olunmuşdu. Üstəlik, İran da sərhədlərində qərbliləri görməkdən xoşnud olmayacaq. İranla əlaqələrin səviyyəsini və bu iki ölkənin bir-biri üçün əhəmiyyətini nəzərə alsaq Nikolun bu addımının Ermənistan üçün yarada biləcəyi problemləri təsəvvür etmək çətin deyil.

Türkiyəyə gəlincə, qardaş ölkədə onminlərlə insanın həyatını itirməsi ilə nəticələnən zəlzələdən sonra Ermənistanın da humanitar yardım göstərən ölkələrin sırasına qoşulması, xilasedicilərdən ibarət qrupu köməyə göndərməsi və nəhayət, fevralın 15-də xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya səfəri müsbət addımlar kimi dəyərləndirilə bilər. Ancaq həm Mirzoyan, həm də Paşinyan bilməmiş deyillər ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin açarı Ermənistanın hər vəchlə pozmağa çalışdığı Azərbaycanla sülh danışıqlarına sadiqliyindən keçir. Türkiyə ən ali səviyyədə bunu dəfələrlə bəyan edib. Bəs “bir əlində bir neçə qarpız saxlamağa” çalışan Paşinyan həqiqətənmi sülh istəyir? Axı Ermənistan baş nazirinin sözü ilə əməli, nümayiş etdirdiyi siyasi mövqe uyğun gəlmir…