23 Dekabr 2024

Paşinyan Putindən icazə almağa gedir: Baş tutmasa, istefa verməyəcək, seçki keçirməyəcək

Əgər, Rusiya prezidenti ilə anlaşma əldə olunarsa, Kreml növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qələbəsini təmin edəcək; Kremlin sayəsində yenidən baş nazir kreslosuna oturacaq Nikol Paşinyan isə hakimiyyətdə olduğu müddətdə Rusiyanın bütün təlimatlarını qeyd-şərtsiz yerinə yetirəcək…

Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq həlledici mərhələyə keçib. Bu mübarizənin yekun nəticələri yaxın bir neçə ay ərzində məlum olacaq. Və Ermənistanın gələcək taleyi də məhz həmin nəticələrdən birbaşa asılıdır.

İndiyə qədər Ermənistan cəmiyyətində hakimiyyət uğrunda mübarizədə demək olar ki, bütün vasitələr sınaqdan çıxarılıb. Ancaq siyasi qarşıdurmanın iştirakçıları mütləq qələbəyə yaxınlaşa bilməyiblər. Və bu, Ermənistan üçün çıxılmaz vəziyyət kimi dəyərləndirilə biləcək durumdur.

Növbəti dəfə təsdiqləndi ki, ermənilər özlərinə rəhbər seçə bilmirlər. Bu seçim onlara aid deyil. Onların müstəqil seçim hüququ yoxdur. Bu məsələ Ermənistandan kənarda – Rusiyada həll edilir.

930254273d1efe19646eb84e321ec334.jpg (132 KB)

Azərbaycanın tarixi zəfəri ilə nəticələnmiş 44 günlük savaşda biabırçı məğlubiyyət Ermənistanda hakimiyyət dəyişikliyinə münbit şərait yaratmışdı. Ancaq bu, mümkün olmadı. Çünki Kreml hakimiyyətə can atan siyasi qüvvələrdən heç birisinə açıq dəstək vermədi, hadisələri sadəcə, aktiv şəkildə müşahidə etməklə kifayətləndi.

Kremlin müşahidə taktikası isə Rusiyaya güvənən, dəstək uman revanşist siyasi qüvvələrə Paşinyan hakimiyyətini devirmək üçün yetərli olmadı. Ermənistan cəmiyyəti isə Kremlin “qələmini qırdığına” tam əmin olmadığı hakimiyyətin devrilməsinə dəstək vermədi.

Düzdür, bu, Paşinyan hakimiyyətinin öz mövqelərini qorumasına imkan verdi. Ancaq Paşinyan hakimiyyətinin indiki şərtlər daxilində Ermənistanı normal şəkildə idarə edə biləcəyi də real görünmür. Bu səbəbdən də, Paşinyan hakimiyyəti yenidən güclənərək, öz siyasi rəqibləri üzərində üstünlük qazanmaq üçün növbədənkənar seçkilərə razılaşmaq məcburiyyətində qaldı. Bununla da, Ermənistanda gələcək hakimiyyəti müəyyənləşdirmək mexanizmləri tamamilə Rusiyanın əlində cəmləşmiş oldu.

Məsələ ondadır ki, Ermənistanda hakimiyyətə iddialı hər bir siyasi qüvvə ilk növbədə Kreml ilə anlaşıb, “dobro” almaq məcburiyyətindədir. Revanşist siyasi qüvvələr son aylarda buna israrla cəhd göstərsələr də, Rusiyadan umduqları dəstəyi ala bilmədilər. Çünki onların siyasi-ideoloji şüarları Rusiyanın həssas yanaşdığı üçtərəfli anlaşmaların öhdəlikləri ilə ziddiyyət təşkil edir. Hətta həmin anlaşmaların icrasına təhlükə törədir.

pash-soros31599860855.jpg (38 KB)

Ancaq Paşinyan hakimiyyəti də Kremlin güvəndiyi siyasi komanda deyil. Onun ABŞ-ın “Soros” Fonduna bağlı mənşəyi Kremldə qıcıq yaradır. Bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyan da Rusiyanın siyasi favoritləri sırasında deyil.

Bununla belə, Paşinyan hakimiyyətinin üçtərəfli anlaşmaların icrasına meyilli olması Rusiyanı bu siyasi qüvvə üzərində dayanmaq məcburiyyətində buraxır. Sadəcə, Kremlin yekun və qəti qərar verməsi üçün Paşinyan hakimiyyətinin bir daha Rusiyanın maraqlarına zidd addımlar atılmayacağına tam təminat verməsi lazımdır.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti belə bir təminatın verilməsinə və öz üzərinə əlavə öhdəliklər götürməyə hazır olduğunu qətiyyən gizlətmir. Kreml nə qədər məsafə saxlamağa çalışsa da, baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin ilə birbaşa təmaslar üçün bütün imkanlardan yararlanmağa çalışır. Və bu məsələdə kifayət qədər israrlı davranır.

Ötən il erməni baş nazir Rusiya prezidenti ilə 60 dəfədən çox telefonla danışıb. Bu telefon danışıqlarının mütləq əksəriyyəti 44 günlük savaş və ondan sonrakı dövrə təsadüf edib. Səbəblərini təxmin etmək isə o qədər də çətin deyil. Bu il isə erməni baş nazir Kreml sahibini artıq 7 dəfə telefona çağırtdırıb. Yəqin ki, o, Rusiya prezidentini hakimiyyətdə qalacağı təqdirdə, üçtərəfli anlaşmalara sadiq olacağına inandırmağa çalışıb.

resized_4a122-74ca3cd0mansetpasinyan.jpg (66 KB)

Bəzi məlumatlara görə, telefon canfəşanlığı Kremldə elə də inandırıcı təəssürat yaratmayıb. Ona görə də, erməni baş nazir Moskvaya gedərək, Rusiya prezidentini üz-üzə, göz-gözə formatda inandırmaq qərarına gəlib və buna çətinliklə də olsa, razılıq ala bilib.

İndi erməni baş nazirin gələcək taleyi və siyasi karyerası məhz aprelin 7-də baş tutacaq həmin görüşdən birbaşa asılı vəziyyətə düşmüş kimi görünür. Və baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putin ilə görüşə xüsusi hazırlaşdığı barədə məlumatlar Ermənistan mətbuatında yer almaqdadır.

Onu da qeyd edək ki, Kreml Putin-Paşinyan görüşü ilə bağlı rəsmi açıqlama da verib. Həmin açıqlamaya görə, tərəflər bu görüşdə Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasının gedişatını müzakirə edəcəklər. Yəni Kreml sahibi erməni baş nazirdən anlaşmaların icrasında müşahidə olunan gecikmənin səbəblərini soruşacaq, o da izah edəcək.

Bundan sonra isə Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına əngəl törədən problemlərin həllinə dair gələcək addımlar götür-qoy ediləcək. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin qarşısında konkret öhdəliklər götürəcək, onların yerinə yetirilməsi üçün hansı planlara sahib olduğunu izah edəcək. Yəni, erməni baş nazir Kreml sahibini üçtərəfli anlaşmaları icra etmək niyyətlərinə və imkanlarına inandırmaq üçün bir xeyli əziyyət çəkməli olacaq.

pasinyandan-putine-mektup.jpg (33 KB)

Əgər, bu vəzifənin öhdəsindən gələ bilərsə, Kremlin seçki dəstəyini özü üçün təmin etmiş olacaq. Əks halda, növbədənkənar seçkilər ideyası gündəmdən çıxarılacaq. Kreml Ermənistanda Rusiyanın maraqlarını daha keyfiyyətlə təmsil edə biləcək yeni hakimiyyət komandası formalaşdırana qədər baş nazir Nikol Paşinyan ölkənin rəhbərliyində qalmaqda davam edəcək.

Göründüyü kimi, baş nazir Nikol Paşinyanın istefa məsələsini mümkün qədər uzatması qətiyyən səbəbsiz deyil. Belə bir addımın atılması üçün Kremlin qəti razılığını almaq lazımdır.

Əks halda, istefa verib, növbədənkənar seçkilər keçirtmək niyyətini bəyan etmiş bir baş nazirin Moskvaya səfiri hər hansı siyasi anlam daşıya bilməzdi. Üstəlik, Rusiya prezidentinin də hakimiyyəti təhvil vermək ərəfəsində olan bir baş nazirlə görüşə vaxt sərf etməsini də izah etmək çətin olardı.

Bütün bunları nəzərə aldıqda, ehtimal etmək olar ki, əgər, Rusiya prezidenti ilə anlaşma əldə olunarsa, baş nazir Nikol Paşinyan plan üzrə aprelin sonlarında həqiqətən də istefa verəcək. Rusiya onun növbədənkənar parlament seçkilərində qalib gəlib, baş nazir postuna geri dönməsini təmin edəcək. Kremlin sayəsində yenidən baş nazir kreslosuna oturacaq N.Paşinyan isə hakimiyyətdə olduğu müddətdə Rusiyanın təlimatlarını qeyd-şərtsiz yerinə yetirəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu