Paşinyan gələn ay sülh sazişini imzalayacaq: Geciksə, Rusiya tezliklə Ermənistanı öz tərkibinə qatacaq
Rəsmi İrəvan Kremlin deyil, məhz Qərbin dəstəklədiyi sülh sazişi variantını qəbul etməklə, Ermənistanı Rusiyadan uzaqlaşdıra biləcəyinə ümid bəsləyir… Əks halda, Ermənistan ya Rusiya-Belarus İttifaqına qoşulmaq məcburiyyətində qala, ya da müstəqilliyini ümumiyyətlə itirib, Kremlin idarəçiliyi altına düşə bilər…
Cənubi Qafqazda və ümumiyyətlə, region ətrafında olduqca önəmli geopolitik proseslər cərəyan edir. Hazırda ABŞ və Qərb bu region uğrunda Rusiya ilə amansız mübarizə aparır. Əsas hədəf Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılmasıdır. Və bu mübarizədə Ermənistan hər iki tərəf üçün sadəcə, “geopolitik alət”dir.
Maraqlıdır ki, son vaxtlar baş verən hadisələr, xüsusilə də, rəsmi İrəvanın davranışları Ermənistanın tədricən Rusiyadan uzaqlaşmağa can atdığını göstərir. Hər halda, indi Paşinyan hakimiyyəti birmənalı şəkildə ABŞ və Qərbin həm təsiri, həm də təlimatları altında hərəkət edir. Hətta rəsmi İrəvanın Rusiya ilə münasibətlərdə “qırmızı cizgiləri” keçdiyini də iddia etmək mümkündür.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti artıq Ermənistanın Rusiyanın patronajlığı altında olan KTMT-dan çıxması ilə bağlı siyasi-ideoloji təbliğata başlayıb. Eyni zamanda baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dan rəsmən ayrılması məqsədilə hüquqi prosedurlara 2023-cü ilin fevral ayında start verilə biləcəyinə də eyham vurub. Yəni, Rusiya-Ermənistan münasibətlərində daha böhranlı mərhələ hələ irəlidədir.
Ermənistan cəmiyyətində Rusiya əleyhinə keçirilən kütləvi etiraz aksiyaları ilə yanaşı, erməni mətbuatında Kremlə qarşı kəskin təbliğat da belə düşünməyə əsas verir. Baş nazir N.Paşinyanın həyat yoldaşı Anna Hakopyanın nəzarətində olan “Aykakan Jamanak” qəzeti Rusiyanın Ermənistandan qeyri-rəsmi tələbləri barədə material yayıb. Həmin materiala görə, Kreml Ermənistandan iki variantdan birini seçməyi tələb edir.
Birinci variant Ermənistanın Rusiyaya birləşdirilməsindən ibarətdir. Bu halda, Ermənistan öz mütəqilliyindən və suverenliyindən rəsmən imtina etməli və Rusiya Federasiyasının subyektinə çevrilməlidir. Rəsmi İrəvanın bu variantdan dərhal imtina etdiyi bildirilir. Və Ermənistanın öz dövlət müstəqilliyindən heç bir halda, imtina etməyəcəyi vurğulanır.
Erməni qəzetinin yazdığına görə, ikinci variant rəsmi İrəvanın müqavimətini nisbətən zəiflətmək məqsədi güdür. Yəni, Ermənistandan müstəqillikdən imtina deyil, Rusiya-Belarus İttifaqına üzv olmaq barədə müraciət edilməsi tələb olunur. Bu variantdasa, Ermənistanın müstəqilliyi formal olsa da, davam edəcək. Ancaq rəsmi İrəvan bütün xarici siyasət kursunu və atacağı addımları Kremllə razılaşdırmalı olacaq.
Göründüyü kimi, Kreml Ermənistanın ABŞ və Qərblə yaxınlaşmaq cəhdlərini məhz Rusiyaya hüquqi bağlılıq üzərindən cilovlamaq niyyətinə düşüb. Düzdür, Rusiya siyasi dairələri erməni qəzetinin, Paşinyan hakimiyyətindəki mənbəyə istinadən yaydığı bu iddiaları dərhal təkzib etdi. Hətta Rusiyanın heç vaxt Ermənistana yönəlik belə tələblər irəli sürmədiyini də vurğuladı. Və bu iddiaların Rusiya-Ermənistan münasibətlərinin daha da qəlizləşdirilməsi məqsədilə gündəmə gətirildiyini qabartdı.
Ancaq Ermənistan cəmiyyətində Kremldən verilən təkzib açıqlamalarını artıq o qədər də ciddiyə almırlar. Erməni toplumunda Rusiyanın Ermənistana düşmənçilik etməsi barədə qənaət möhkəmlənib. Bu isə Paşinyan hakimiyyətinin Rusiya əleyhinə, ABŞ və Qərbin lehinə apardığı təbliğatın “uğur qazanması” anlamına gəlir.
Paşinyan hakimiyyəti indi Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşmağın Ermənistan üçün yeganə xilas yolu olduğunu da erməni toplumuna qəbul etdirməyə çalışır. Bu təbliğatın tərkibindəsə, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasının vacibliyinə xüsusi istiqamət olaraq, yer verilir. Paşinyan hakimiyyəti erməni toplumuna anlatmağa çalışır ki, Azərbaycanla sülh sazişi imzalanmayacağı, Türkiyə ilə normal münasibətlər qurulmayacağı təqdirdə, Ermənistanın Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşmaq planı baş tutmayacaq.
Maraqlıdır ki, yenə də baş nazir N.Paşinyan həyat yoldaşına məxsus qəzetdə Azərbaycanla imzalana biləcək sülh sazişinin bəzi detalları açıqlanıb. Qəzetin iddiasına görə, Brüssel prosesinə əsasən, Qərb siyasi dairələri Ermənistandan sülh sazişini dərhal imzalamağı tələb edirlər və sənədin mətnində “artsax” mövzusuna yer ayrılmasına cəhd göstərilməməsini istəyirlər.
Erməni qəzeti eyni zamanda vurğulayır ki, Qərb siyasi dairələrinin bu tələbləri rəsmi Bakının şərtləri ilə də üst-üstə düşür. Buna misal olaraq isə rəsmi Bakının Qarabağda olan qanunsuz hərbi birləşmələrin bölgədən çıxarılması, Qarabağın heç bir status olmadan Azərbaycanın tərkib hissəsi kimi tanınması və s. kimi şərtlərini göstərir. Ancaq erməni qəzeti Rusiyadan fərqli olaraq, Qərbin dəstəklədiyi sülh sazişi variantında Ermənistan ərazisindən Kremlin nəzarətində olacaq “dəhliz”in deyil, rəsmi İrəvanın yurisdiksiyasında qalacaq nəqliyyat marşrutunun yaradılmasının nəzərdə tutulduğu vurğulanır.
Erməni nəşri məhz Qərb siyasi dairələrinin dəstəklədiyi sülh sazişi variantının Ermənistana daha sərhəli olduğunu vurğulayır. Belə anlaşılır ki, bu, həm də Paşinyan hakimiyyətinin də rəsmi mövqeyidir. Çünki, baş nazir N.Paşinyan öz açıqlamalarında rəsmi Bakının Ermənistanı “29.800 kv. kilometr ərazisi” ilə tanımasını istəyir. Və bu, Paşinyan hakimiyyətinin artıq “artsax” mövzusundan imtina etdiyini göstərir.
Digər tərəfdən, Paşinyan hakimiyyəti Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı da müəyyən təbliğat aparmağa çalışır. Ermənistanın hakim partiyasını təmsil edən Vigen Xaçatryan bu mövzuda bildirib ki, Azərbaycana keçən əraziləri “artsax”dan başqa heç kim “artsax”ın ərazisi kimi tanımır: “O cümlədən, mən də tanımıram. Bütün dünya bu torpaqları Azərbaycanın ərazisi hesab edir. Müharibə dövründə hamı hesab edirdi ki, Azərbaycan öz torpaqlarını azad edir. İran Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edib. Rusiya prezidenti V.Putin də bəyan edib ki, bütün “artsax” və ətraf rayonlar Azərbaycanındır”.
Göründüyü kimi, Ermənistan siyasi dairələrində reallıqlarla barışmağın qaçılmazlığını artıq qəbul etməyə başlayıblar. Paşinyan hakimiyyəti sülh sazişinin imzalanmasının vacibliyini daha əminliklə təbliğ etməyə başlayıblar. Levon Ter-Petrosyanın “Sülh sazişi imzalanmasa, altı aydan sonra Ermənistan olmayacaq”, Robert Köçəryanın isə “ABŞ, Fransa və Rusiyanın Azərbaycan və Türkiyəyə təsir mexanizmləri yoxdur” deməsindən sonra rəsmi İrəvan üçün təbliğat imkanları daha da asanlaşmış kimi görünür.
Məsələ ondadır ki, hazırda Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanacağı tarixi Ermənistan cəmiyyətinə qəbul etdirməyə çalışır. Ona görə də, rəsmi İrəvanın təlimatı ilə erməni mətbuatının noyabr ayında sülh sazişinin imzalanacağını xüsusi olaraq, qabartması qətiyyən təəccüblü deyil. Böyük ehtimalla bütün bu hadisələrin nəticəsində Cənubi Qafqazda sülhün və sabitliyin bərpa edilməsi nəhayət ki, mümkün ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu