22 Noyabr 2024

Paşinyan Brüsselə “şikayət kitabçası” və… Bakının xəbərdarlığı ilə gedir

Qərb Azərbaycanın qələbəsi ilə barışmaq ərəfəsindədir; Vətən müharibəsinin nəticələrini qeyd-şərtsiz tanımaqla o, ən böyük yaxşılığı elə ermənilərə edə bilər…

Düz iki həftə sonra – dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərləri – Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Brüsseldə görüşəcəklər. Bu, 44 günlük müharibədən sonra onlar arasında sayca üçüncü, Avropada isə ilk canlı təmas olacaq.

Şübhə yox ki, “ürəyi” Rusiyadan çox Qərblə “döyünən” Ermənistan baş naziri Brüsseldə özünü daha sərbəst və arxayın hiss edəcək. Üstəlik, görüşün əsas təşkilatçısı – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel fransız olmaqla yanaşı, həm də Fransa prezidenti Emmanuel Makronun yaxın dostudur, hətta bu vəzifəyə onu elə Makron gətirdiyi deyilir. Makronun Azərbaycana hansı münasibətdə olduğu isə məlumdur.

*****

Ancaq Bakı Vətən müharibəsindəki möhtəşəm qələbəsi ilə bölgədə elə bir reallıq yaradıb ki, Nikol Paşinyanın və digər erməni rəsmilərinin Qərbə şikayətləri böyük ölçüdə mənasız və təsirsiz hala gəlib. Bunu 26 noyabr üçtərəfli Soçi görücü və onun yekun bəyanatı bir daha təsdiqlədi. Bəlli oldu ki, məğlub ölkə ilk növbədə Bakı-Moskva-İrəvan formatı üzrə hərəkət etmək zorundadır və həlledici söz sahibi deyil. Onun 1 nömrəli vəzifəsi üzərinə qoyulan öhdəlikləri vaxtında yerinə yetirməkdir, Bakıya və onu darmadağından xilas eləmiş Rusiyaya qarşı şərt irəli sürmək yox.

Başqa yandan, Soçi görüşü ərəfəsi keçirdiyi on-line görüşdə Paşinyan belə bir ifadə işlətmişdi ki, “dünya bizim şikayətlərimizdən bezib”. Doğrudan da belədir, özü də bu, erməni xalqına əsl gerçəyi anlatmaq baxımından ciddi etiraf hesab olunmalıdır. Niyə?

Məsələ ondadır ki, beynəlxalq ictimaiyyət Ermənistanın şikayətlərini əsassız və boş saydığını hələ 2-ci Qarabağ savaşında büruzə vermişdi. Azərbaycanın haqq savaşına ya neytral qalmaq, ya da onun yanında olmaqla. Hətta Qərbin özü Fransa xaric, aşağı-yuxarı eyni mövqe sərgiləmişdi.

Paşinyan Əliyevlə niyə Moskvada deyil Brüsseldə görüşmək istədi? -  İnanılmaz səbəb: Putin qəzəbləndi / ŞƏRH | Kanal.az - Xəbər kanalı

İndi – bölgədə Azərbaycanın əli möhtəşəm hərbi qələbə ilə daha da gücləndikdən, regionun açar ölkəsi kimi rolu “daşlaşdıqdan” sonra İrəvanın ah-naləsi, ümumiyyətlə, Qərb üçün maraqlı deyil, ola bilməz. Hərçənd sırtıq bir toplumun nümayəndəsi kimi, N.Paşinyanın Brüsselə də Bakıya qarşı “Şikayət kitabçası” ilə gedəcəyi şəkk-şübhə doğurmur.

Düzdür, erməni lobbisinə bağlı bir sıra Qərb siyasiləri və çevrələri vaxtaşırı “status” məsələsini qaldırır, “Dağlıq Qarabağ konflikti hələ həll edilməyib” kimi təxribatçı bəyanatlar verir, Minsk Qrupunu reanimasiya eləməyə çalışırlar. Lakin bütün bunlar erməni maraqlarından çox, onların sırf öz ölkələrinin mənafeyinə hesablanmış gedişləridir və belə görünür, bu yolla Bakıdan hansısa dividentlər umur və qismən də Rusiyanın, Türkiyənin bölgədə artan nüfuzunu zəiflətməyə çalışırlar.         

*****

Əiyevlə Paşinyan Brüsseldə Rusiyasız görüşür: Moskvanın reaksiyası... -  Nələr müzakirə olunacaq? | Kanal.az - Xəbər kanalı

Bəzi təhlilçilərə görə, qarşıdakı ikitərəfli görüş ən əvvəl “siyasi bazarlaşma” xarakteri daşıyacaq. Məsələn, ermənipərəst ekspert Modest Kolerov hesab edir ki, Paşinyan Brüsseldə Soçi razılaşmalarını sıfırlamayacaq, əks halda, həmin razılaşmalara getməzdi: “Brüssel təması ona Moskvaya təzyiq etmək üçün, İlham Əliyevə isə ATƏT-in Minsk Qrupu ilə qarşıdurmanı səngitmək üçün lazımdır”.

Soçi razılaşmalarının mahiyyəti isə məlumdur: İrəvan tezliklə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Bakı ilə birbaşa danışıqlara başlamalı, Zəngəzur dəhlizinin açılması yönündə, nəhayət, real addımlar atmalıdır. Yekun bəyanatdan və Putinin açıqlamasından da göründüyü kimi, bu, əsla erməni tərəfi üçün istək məsələsi deyil. Artıq daha konkret zaman çərçivəsinə salınmış öhdəliklərdir. Onların icrasının yenə də yubadılması 16 noyabrda yaşanan və Ermənistana baha başa gələn “bir günlük müharibə”nin qat-qat geniş miqyasda təkrarlanmasına gətirə bilər.

“Soçidə sərt şəkildə Nikol Paşinyana yeri göstərilib və üçtərəfli bəyanatın yerinə yetirilməsinin vacibliyi ona anladılıb”.

Bunu digər rusiyalı analitik, “Milli Müfdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Brüssel sammitində Paşinyan Amerika və Avropa “kartı”nı oynamağa çalışacaq. “Bəli, Rusiya Soçidə sammit keçirməklə Ermənistanın Brüsseldə öz gündəliyini irəli sürmək imkanlarını azaldıb. Amma məncə, Ermənistan dayanmayacaq. Bu proqnozdur, bəlkə də yanılıram”, – deyə Korotçenko vurğulayıb.

*****

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə İlham Əliyevlə görüşdə  müzakirə oluna biləcək mövzudan söz açıb

İstənilən halda, Ermənistan rəhbəri Brüssel görüşünə sərt Soçi “xəbərdarlıqları”, konkretləşən öhdəliklərlə gedir və obrazlı yazsaq, burcutmaq üçün şansı yoxdur, o ki ola Bakı və Moskvaya Avropa Birliyinin əli ilə hansısa ortaq təzyiq rıçaqı yaratması.

Əslində reallığı Avropa Birliyi (AB) də anlayır. Bu yerdə Şarl Mişeilin ötən ilin yayında bölgəyə səfəri çərçivəsində İlham Əliyevlə görüşü və birgə mətbuat konfransında verdiyi bəzi açıqlamalar yada düşür. Bakıya İrəvandan gələn Mişel Azərbaycan paytaxtında “status”la bağlı heç nə söyləməmiş, əsasən AB-Azərbaycan əməkdaşlığını dərinləşdirməyin vacibliyindən danışmışdı. Bir də ki, sərhədlərin delimitasiyası və demarkasiyasının zəruriliyini qeyd edərək, AB-nin bu işə köməyini təkid eləmiş, “əsirlər” məsələsindən söz açmışdı.

Şarl Mişelin səfəri: Azərbaycan-Aİ münasibətlərində yeni səhifə və  perspektivlər

Böyük ehtimalla, Brüssel görüşündə də AB tərəfdən ritorika oxşar olacaq. Yəni Bakının ehtiyatlanacağı bir şey yox. Çünki Şarl Mişelin Bakı səfəri göstərdi ki, AB bölgədə Azərbaycanın həlledici söz sahibliyi ilə barışır və bunu qulaqardı eləmək Avropanın maraqlarına daxil deyil. Doğrudur, Qərbin, o sırada Avropa Birliyinin mövqeyində Bakını qane eləməyən elementlər qalır. Bu elementlər Azərbaycandan çox Qərbin maraqlarına ziyan vurur. Vəziyyətdən tək çıxış yolu isə 2-ci Qarabağ müharibəsinin nəticələrinin hamı, özəlliklə Qərb tərəfindən qeyd-şərtsiz tanınmasıdır.

Belədə Ermənistanın böyük sülh sazişi imzalaması da uzun çəkməz. Onsuz da proses buna yön alıb. Rəsmi Brüssel bu prosesə töhfə verməklə, onu sürətləndirməklə həm də erməni xalqının iztirablarının sonunu tezləşdirə, ən böyük yaxşılığı  elə ona eləmiş olar. Eyni zamanda özünün regiondakı avtoritetini ciddi ölçüdə artıra bilər. Seçim özlərinindir…