22 Dekabr 2024

Parlamentin “Taleyran”ı getdi, yerinə gənc kadr gəldi – Fərid Hacıyev kimdir?

Bu ölkədə uzun müddət bir vəzifədə qalan və 5-6 rəhbərlə işləyən şəxsləri adətən məşhur fransız diplomat Şarl Taleyranla müqayisə edirlər. Tam adı Şarl Moris de Taleyran-Periqor olan bu tarixi şəxsiyyət Fransa kralı Lüdoviklə, Fransa inqilabının rəhbəri Maksimilian Robespyerlə, ondan sonra hakimiyyəti götürən Direktoriya ilə, daha sonra imperator Napoleon Bonapartla, lap axırda isə yenidən Fransa kralı ilə işləyib, 4 dəfə xarici işlər naziri təyin edilib, sonda baş nazir postunu tutub.

Bu, əsasən ona görə baş verib ki, Taleyran işinin peşəkarı olub, bütün rəhbərləriylə dil tapmağı bacarıb.

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev də öz çapında elə bir adam idi. O da 30 il boyunca çalışdığı vəzifədə 6 fərqli rəhbərlə işləmişdi. Parlamentin müxtəlif siyasi görüşə malik olan sədrləri MM katibliyini, parlamentin aparatını məhz bu şəxsə etibar ediblər – savadlı hüquqşünas olduğuna, qüsursuz icraçılığına görə.

Ancaq hər şeyin sonu olduğu kimi, iş kareyrasının da bir sonu var. Üstəlik, ilbəil artan yaş da öz sözünü deyir. Ona görə də 70 yaşını haqlayan Səfa Mirzəyev bu günlərdə tutduğu vəzifədən azad edilib və onun yerinə gənc kadr təyin olunub. Bu 33 yaşlı Fərid Hacıyevdir.

Bu təyinatın son illərdə Prezident İlham Əliyevin yeritdiyi gəncləşdirmə siyasəti çərçivəsində olacağı əvvəlcədən şübhə doğurmurdu. Artıq neçə vaxtdır bəllidir ki, həyata keçirilən çoxşaxəli islahatlar kursunun mühüm bir istiqamətini uğurlu kadr islahatları təşkil edir. Peşəkar, bacarıqlı kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizdə idarəetmənin daha da təkmilləşdirilməsi, müasir dövrün tələblərindən irəli gələn uğurlu kadr siyasətinin həyata keçirilməsinə imkan verib. Bu islahatlar çərçivəsində həm müxtəlif vəzifələrdə təcrübə qazanmış, müəyyən uğurlu fəaliyyət yolu keçmiş kadrlar vəzifələrdə irəli çəkilir, eyni zamanda, bacarıqlı, savadlı gənclərə böyük meydan verilir. Prezident İlham Əliyev bu məsələni dövlət qurumları qarşısında mühüm bir vəzifə kimi müəyyənləşdirmiş və qeyd edib ki, son dövrün kadr islahatlarının məqsədlərindən biri də odur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər.

Əlbəttə, dövlət idarəetmə sistemində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi Azərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, ölkənin inkişafında gənclərə inam və etibarın artmasına xidmət edir. Eyni zamanda, bu gün istər idarəetmə sahəsində, istərsə də sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatda gənc kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizin ümumi inkişafının təmin olunmasına da töhfə verir.

Qeyd etmək yerinə düşər ki, altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara dəstək vermək və parlament aparatının fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə islahatlar həyata keçirilmişdir. O cümlədən, Prezident İlham Əliyevin gənc, bacarıqlı kadrların rəhbər vəzifələrə irəli çəkilməsi ilə bağlı müvafiq tövsiyəsinə uyğun olaraq, bir çox gənc kadrlar parlament aparatında müvafiq vəzifələrə təyin olunmuşlar. Fərid Hacıyevin Milli Məclis aparatının rəhbəri vəzifəsinə təyin olunması da ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin və yeni kadr islahatları çərçivəsində bacarıqlı və istedadlı gənclərin yüksək dövlət vəzifələrinə irəli çəkilməsi ilə bağlı tövsiyəsinin həyata keçirilməsinin növbəti nümunəsidir.

Onu da qeyd edək ki, Sahibə Qafarova parlamentin sədri seçiləndən sonra gəncləşdirmə krosesi Milli Məvlis aparatında da başlayıb. Bundan əvvəl bir sıra yüksək vəzifəli şəxslərin övladları, kürəkənləri tanışlıq və qohumluq hesabına MM aparatında müxtəlif vəzifələrdə işləyirdilərsə, S.Qafarovanın dövründə onların yerinə daha peşəkar kadrlar təyin edilib. Bu zaman yeni kadrların şəhid və qazi ailələrinin övladları olmasına xüsusi diqqət verilib. 

*** 

Milli Məclis Aparatının rəhbəri vəzifəsinə təyin edilən Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra F.Hacıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

Fərid Hacıyev çox gənc yaşlarında – Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil etmiş və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən “Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası” layihəsində parlament aparatını təmsil edir.

Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.
Göründüyü kimi, F.Hacıyev Milli Məcslin strukturana yaxşı bələd olan, gənc yaşına rəğmən bu işlərdə bişmiş adamdır.

Necə deyərlər, vətənə, millətə xeyirli olsun. Ümid edək ki, o, yeni vəzifəsində başarılı olacaq, parlamentin “Taleyran”ını yaxşı əvəz edəcək.