Parlament “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ilk oxunuşda təsdiqlədi

Donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracı ilə bağlı sərt cəzalar gəlir: vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək
İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova əvvəlcə Türkiyə səfəri ilə bağlı deputatları məlumatlandırdı.
Bildirdi ki, səfərdə məqsəd Qlobal Parlament Konfransında iştirak etmək idi: “Türkiyə Böyük Millət Məclisi ilə Parlamentlərarası İttifaqın birgə təşkil etdikləri bu mötəbər toplantı müasir dövrün aktual problemlərindən olan miqrasiya və qaçqınlar probleminə həsr edilmişdi. Konfransın birinci panelinin əsas məruzəçisi kimi etdiyim çıxışda mən miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsi, cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasının təmin edilməsi, onların ləyaqətli, təhlükəsiz şəraitdə doğma ölkələrinə qaytarılması məsələləri barədə fikirlərimi bildirdim”.
Daha sonra gündəlikdəki ilk məsələnin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.
Milli Məclisdə çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub: “Qeyd edim ki, ”Büdcə sistemi haqqında qanun”un 23.1-ci maddəsinə əsasən Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir: ““2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 26.816 milyon, xərclərinin 29.879 milyon, kəsirinin isə 3.063 milyon manat olacağı planlaşdırılmışdı. Eyni zamanda 2022-ci ildə ÜDM-in real artım tempinin 3.9%, inflyasiyanın orta illik səviyyəsinin 4%, orta aylıq əmək haqqı artım tempinin isə 8.7% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və geoiqtisadi siyasətin nəticəsi olaraq bu ilin 5 ayı ərzində Azərbaycan iqtisadiyyatı bütün sahələrdə mühüm iqtisadi artım nümayiş etdirmiş, ixracdan əldə edilən valyuta gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2%, qeyri-neft ÜDM-i 11% artım nümayiş etdirmiş, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in həcmi isə 25 milyard manatı keçmiş, qeyri-neft ixracı isə bu ilin 4 ayı ərzində 38,5% artıb. Bu ilin 5 ayı ərzində ilk dəfə olaraq qaz ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə edilən valyuta gəlirlərinə yaxınlaşıb. Belə ki, bu müddət ərzində neft ixracından 3.8 mlrd dollar, qaz ixracından isə 3.5 mlrd dollar valyuta gəlirləri əldə etmişik. Qeyd edim ki, bu artımlar son 12 ilin ən böyük artımlarıdır”.
Parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, yenilənmiş dövlət büdcəsində pandemiya ilə bağlı bəzi müavinət xərclərinin azaldılması nəzərdə tutulur. Komitə sədrinin sözlərinə görə, müavinətlərə ayrılan vəsaitin azaldılması pandemiyanın təsirinin azalması ilə bağlıdır: “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Qanununda təklif olunan dəyişikliyə əsasən, uşağın anadan olmasına görə müavinətin məbləğinin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatıdırılması nəzərdə tutulub. Bu artım uşağın doğulmasına görə məbləğin bu ilin əvvəlində 200 manatdan 300 manata qədər artırılması ilə bağlıdır. Bütün bu dəyişikliklər dürüstləşdirmə xarakteri daşıyır və əhalinin sosial təminatının davamlılığının təmin olunması strategiyasına xidmət edir”.
M.Quliyev dedi ki, 2022-ci il üzrə dürüstləşdirilmiş büdcənin müzakirəsi ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar hadisədir: “Dünyada gedən dərin, hərbi-siyasi, maliyyə-iqtisadi böhranına baxmayaraq postmüharibə və postpandemiya dövründə Azərbaycandakı iqtisadi artımı dövlətimizin qüdrəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən və doğru siyasətin nəticəsi kimi qiymətləndirmək lazımdır. Biz keçən ilin payızında müstəqillik dövrümüzün ən böyük həcmli büdcəsini qəbul etmişik. Bu ilin 5 ayı ərzində baş verən iqtisadi artım büdcəmizin daha da böyüməsinə imkan yaratmışdır. Bu ilin ilk 5 ayında əvvəlki illə müqayisədə 7,2% iqtisadi artım baş vermişdir ki, bu da son 12 ilin ən böyük artımıdır. Qeyri-neft sektorunda 11,4%-lik artımın müşahidə edilməsi də sevindiricidir və yaxın dövrdə bu sahələrdən əldə olunan gəlirlərin ÜDM-in mühüm hissəsinə çevriləcəyini söyləyə bilərik. Dürüstləşdirilmiş büdcə layihəsində dövlət büdcəsinin xərcləri 32,3 milyard manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsindən 8,1% çoxdur. Büdcə xərclərinin bölüşdürülməsi istiqamətləri də hökumət tərəfindən prioritetlərə uyğun olaraq düzgün müəyyənləşdirilib. Büdcə xərclərinin mühüm bir hissəsi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına yönəldiləcək. Erməni vandalizmi nəticəsində dağıdılmış ərazilərin bərpası, məcburi köçkün soydaşlarımızın ata-baba torpaqlarına qayıtması bu gün dövlətimizin və xalqımızın qarşısında duran ən vacib məsələdir. Mən hesab edirəm ki, biz bütün gücümüzü və səylərimizi bu istiqamətdə birləşdirməliyik”.
Maliyyə naziri Samir Şərifov bildirdi ki, qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında yaşanan resessiya 2021-ci ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənib. Cari ilin ötən dövründə də bu müsbət dinamikanın davam etməsi müşahidə edilib. Nazir qeyd etdi ki, cari ilin beş ayı ərzində 39,6 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 19,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub: “Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM 7,2 faiz, qeyri-neft sektoru üzrə isə ÜDM 11,4 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə iqtisadiyyatının bütün sahələrində artım olub. Belə ki, sənaye sahəsində 2,8 faiz, kənd təsərrüfatında 3,6 faiz, tikinti sektorunda 10 faiz, informasiya və rabitə sahəsində isə 14,8 faiz real artım müşahidə olunub”.
Maliyyə naziri bildirdi ki, 2022-ci ilin beş ayı üzrə dövlət büdcəsinin gəlirləri 11227,0 milyon manat proqnoza qarşı 12442,4 milyon manat və ya 1215,4 milyon manat (10,8 faiz) çox olub. S.Şərifovun bildirdiyinə görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlirlər 2706,6 milyon manat və ya 27,8 faiz çox olub: “Dövlət büdcəsinin gəlirlərinin 6353,4 milyon manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə isə daxilolmaların xüsusi çəkisi isə 51,1 faiz təşkil edib. 2022-ci ilin ilk beş ayında dövlət büdcəsinin xərcləri 10380,8 milyon manat proqnoza qarşı 10450,0 milyon manat – 100,7 faiz icra edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 1083,8 milyon manat və ya 11,6 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsində 1992,4 milyon manat profisit yaranıb. Bu proqnoza qarşı 1146,2 milyon manat və ya 2,4 dəfə çoxdur”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, aparılan təhlillər 2022-ci ilin yenidən baxılan dövlət büdcəsi layihəsində nəzərdə tutulan müdafiə olunan xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ilkin təsdiq edilmiş büdcə illə müqayisədə artdığını göstərir. Palata sədri qeyd etdi ki, 2022-ci ilin təsdiq edilmiş büdcəsində 89,4% təşkil etsə də, yenidən baxılmış dövlət büdcəsində qeyri-neft gəlirlərinin artımı nəticəsində bu göstərici yüksələrək 99,8% səviyyəsində proqnozlaşdırılıb: “Büdcə sistemini tənzimləyən qanunvericilikdə mövcud olan boşluq və uyğunsuzluqların aradan qaldırılması, eyni zamanda qabaqcıl təcrübəyə uyğun fiskal sahəyə dair yeni yanaşmaları da ehtiva edən Büdcə Məcəlləsi ilə bağlı ilkin təkliflərimiz Maliyyə Nazirliyinə təqdim edilib. Bu təklifləri Milli Məclisə də təqdim etməyi nəzərdə tuturuq”.
Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında bir sıra təkliflərini irəli sürdü. Bildirdi ki, hazırda sahibkarlığın inkişafı üçün əlavə vəsait ayırmağa ehtiyac yoxdur. Sadəcə, sahibkarlığın inkişafına əngəlləri aradan qaldırmaq, həmçinin bank faizlərinə baxmaq lazımdır.
Daha sonra F.Mustafa tədrisin ilinin başlanma tarixi ilə bağlı maraqlı mövqedən çıxış etdi. Bildirdi ki, ölkəmizdə müəllimlərin yay tətili avqustun 24-də bitir və onlar sonrakı dönəmdə maaş alırlar. F.Mustafa qeyd etdi ki, Azərbaycan müəlliminə nə qədər yüksək maaş verilsə, azdır və onların fəaliyyətini təqdir etdi. Amma əlavəsini də etdi: “Bu maaşı sentyabrın 1-dən versəz, yaxşı olmazmı?” Deputat dərslərin 15 sentyabrdan başlanmasını istilərlə əlaqələndirənlər haqda da danışdı: “Bu zehniyyətli insanları Afrikada nazir olmağa göndərsəniz, onlar isti olduğunu əsas gətirib, ümumiyyətlə, Afrikada il ərzində dərsləri qadağan edərlər. Müəllim avqustun 24-dən sentyabrın 15-dək maaş alırsa, onda 1 sentyabrdan dərs desin, maaş alsın da”.
Deputat Tahir Kərimli isə bildirdi ki, qazın kubmetrinə görə qiymət neftlə bərabərləşdirilməlidir: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, bizim qazdan gələn gəlirlərimiz neftdən gələn gəlirlə bərabərləşdi. Bu, tarixdə ilk dəfədir. Təklif edirəm ki, əgər elədirsə, qazın kubmetrinə görə qiymət neftlə bərabərləşdirilsə yaxşı olar”.
Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda təsdiq edildi.
Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi birinci oxunuşda müzakirə edildi. Qanun layihəsini Milli Məclis sədrinin Birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Layihəyə əsasən, İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. Dəyişikliyə əsasən, ombudsmanın vəzifə maaşı 2230 manatdan 3060 manata çatdırılacaq. Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə vəsait ödəniləcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Qaydalara əsasən, insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşəcək. Layihədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın – qurumun – təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək. Qanun layiixracınahəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Ölkəmizdə Əlavə Dəyər Vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilir. Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər plenar iclasda birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihəyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad ediləcək. Eyni zamanda layihəyə əsasən, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən ediləcək. Qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.
Elşad PAŞASOY,
“Yeni Müsavat”