21 Noyabr 2024

Özbəkistanın Nəqliyyat Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib – FOTO

Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-15 fevral tarixlərində ölkəmizdə işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Abdusamat Muminovun həmsədrliyi ilə iki ölkə arasında nəqliyyat və tranzit yük daşımaları üzrə birgə işçi qrupunun ilk iclası keçirilib. 

İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən 6 ölkənin (Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan) dəmir yolu qurumlarının iştirakı ilə yaradılmış CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yük daşımaların həcminin artırılması, daşıma şərtlərinin yaxşılaşdırılması və infrastrukturun inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. 

Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur dəhlizinin region ölkələri, ilk növbədə türkdilli ölkələr üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı qarşı tərəfə məlumat verilib.

Nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-də olub.

Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin səfər çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Bakı Gəmiqayırma Zavodunda da görüşlər keçirməsi planlaşdırılır.