23 Dekabr 2024

Özbəkistanda “Azərbaycanı kəşf et” adlı layihənin təqdimatı keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki “Hyatt Regency” otelində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan tədbir keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin səfirlikdəki abidəsi önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.

Daşkənddəki “Hyatt Regency” otelində təşkil olunan tədbirdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət nümayəndələri, yerli azərbaycanlılar, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.

Mərasim iştirakçıları foyedə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin turizm imkanlarına dair fotoşəkillər, milli mədəniyyətimizə dair suvenirlərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, bu böyük şəxsiyyətin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın qazandığı uğurlardan danışıb. Səfir bildirib ki, Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində mühüm işlər görüb və bu istiqamətdə fəaliyyət davam edir. Hüseyn Quliyev 44 günlük Vətən müharibəsi və Azərbaycan ordusunun parlaq qələbəsi haqqında da məlumat verib.
Diplomat Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən danışıb, bu böyük siyasi xadimin fəaliyyətinin inkişafa və rifaha yol açdığını vurğulayıb.

O, Azərbaycanın inkişafından qürur duyduğunu, ölkəmizin bugünkü uğurlarını yüksək qiymətləndirdiyini söyləyib.

Daha sonra “Azərbaycanı kəşf et” adlı layihə çərçivəsində eyni adlı sənədli film nümayiş etdirilib. Sənədli filmdə müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin paytaxtı Bakı ilə yanaşı, Qəbələ, Şəki, Gəncə, Naxçıvan və Şuşanın görməli yerləri, turizm imkanları, tarixi abidələri, mətbəx mədəniyyəti, habelə işğaldan azad olan ərazilərimizə mədəniyyətin qayıdışı, keçirilən möhtəşəm tədbirlər öz əksini tapıb.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Özbəkistanın “Saqich Creative Media” şirkəti tərəfindən hazırlanmışdır. Filmin ideya müəllifləri Samir Abbasov, Elşən Namazlı və Gülnarə Əsədovadır.

Sonda Özbəkistanın havaçılıq sahəsində sərnişindaşıma xidmətini göstərən “Fly KHİVA” aviasiya şirkətinin nümayəndələri tədbir iştirakçılarına ödənişsiz olaraq “Odlar yurduna səyahət” adlı Daşkənd-Bakı reysinə kupon hədiyyə ediblər. Səfər il ərzində reallaşdırıla bilər.