23 Dekabr 2024

Ölkənin dəyişməyən toy və yas məclisi dəbdəbəsi – biznes, yoxsa…

Uzun illərdir ki, ölkədə dəbdəbəli toy və yas mərasimlərinin ifrat həddə çatmasından danışılır. 1 ildən çox davam edən toy və yas qadağalarından, bu müddətdə düzənlənən kiçik məclislərin ənənəyə çevriləcəyinə dair gözləntilər vardı. Ancaq… Müşahidələr göstərir ki, postpandemiya dövründə toy menyuları daha da böyüyüb, bahalaşıb, menyuya bahalı dəniz məhsullarının daxil edilməsi yarışı başlayıb. Həmçinin yas məclisləri də ən “kasıb” menyu 15-20 manata olub. Yuxarı hədd 50 manatı da ötür.

Qeyd edək ki, mətbuatda, mediada mütəmadi olaraq dəbdəbəli toylar, ifrata varan yas mərasimləri, onun yaratdığı fəsadlar haqqında çoxlu sayda müzakirələr, fikir mübadiləsi aparılıb, tövsiyələr verilib. Lakin yenə də bu məsələ öz həllini tapmamış qalır. Bu gün xınayaxdı məclisləri az qala toyları da geridə qoyur. Bahalı restoranlarda, hətta hotellərdə belə xınayaxdı məclisləri təşkil edilir.

Bəzi mütəxəssislər təbliğatla deyil, inzibati yolla bu məsələnin həll olunmasına çağırışlar edirlər. Hansı ki, Tacikistanda, Özbəkistanda inzibati qaydada dəbdəbəli toyların keçirilməsi qadağan olunub.

Eləcə də qonşu İran və Türkiyədə toylar çox sadə keçirilir. Məclislərdə qonaqlara qazan-qazan yeməklər təqdim olunmur.

Bəs vətəndaşlarımız niyə sadə və özünü borc-xərcə salmayan ənənəyə geri dönmədi? Burada biznes maraqları, yəni şadlıq, mərasim evlərinin təkid və təklifləri rol oynayır, yoxsa insanların düşüncəsi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb:

“Zatən ölkədə inflyasiyanın ciddi olduğu bilinir. Hətta Prezident də son çıxışında etiraf  etdi ki, çox ciddi inflyasiya, qiymət artımı prosesi var. Əsasən  də ərzaq inflyasiyası çox yüksəkdir. Rəsmi rəqəmlərə görə 22 faiz civarındadır, lakin toy və yaslarda istifadə olunan  əsas ərzaq növlərinin qiyməti daha çox artıb. Təqribən 40 faizə yaxın. Ona görə də həm toylarda, həm də yaslarda təklif olunan menyuların qiymətinin artması qaçılmaz idi.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli: “Yalnız insanların davranış vərdişləri dəyişərsə, bu sahədə qiymətlər ucuzlaşa bilər”

Düşünmürəm ki, bütün şadlıq və mərasim evləri sözü bir yerə qoyub qiyməti artırırlar. Çünki bu sahədə müəyyən rəqabət var, yəni ölkədə yüzlərlə belə obyektlər mövcuddur. Ona görə də bu məsələnin obyektiv səbəbləri daha çoxdur.

Hesab edirəm ki, davranış qaydalarının dəyişməsi ilə bu problemi həll etmək olar. Yəni dəbdəbəli toy  və yas mərasimlərinə əhalinin münasibəti dəyişməsə, qiymət azalması mümkün olmayacaq. İnsanlarımızın toy və yaxud yas vərdişləri dəyişməlidir. Çox xərc böyük ərzaq itkilərinə də səbəb olur, çox təamlar yeyilmir, stollarda qalır. Yəni bir daha qeyd edirəm ki, yalnız insanların davranış vərdişləri dəyişərsə, bu sahədə qiymətlər ucuzlaşa bilər”.

Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki, bu məsələ xalqımızın mentaliteti, şöhrətpərəstliklə bağlıdır:

“Həmçinin həyatımızı özümüz üçün yaşamadığımıza, başqalarının  nə fikirləşəcəyinə önəm verdiyimizə görədir.

Fazil Mustafa yeni qanun haqqında: "Jurnalist sərbəstliyinə imkan  yaradılmalıdır" - 14.12.2021, Sputnik Azərbaycan

Fazil Mustafa: “Ortada toy, şadlıq, mərasim evi mafiyası var və onun arxasında xeyli vəzifəli şəxslər dayanır, lakin…”

Hesab edirəm ki, bu məsələdə alternativlər olmalıdır. Məsələn, bir cəsur adam çıxıb deməlidir ki, mən yas mərasimində yemək vermirəm, çay için. Yas mərasimində konkret, məsələn, 2-3 saat vaxt təyin olunmalı, bu  saat ərzində hər kəs gəlib baş çəkə bilər. Amma yox, xüsusilə də zənginlərin  yasında dəxli olan-olmayan adamlar görünməli, gəlib orada salam  verməlidir ki, sonradan deyilməsin ki, yasıma niyə gəlmədin.

Hətta bəzən insanlar bir-birilərinə irad bildirirlər ki “niyə hüzrə gəlmədin”, baxmayaraq ki, adamlar  uzaq məsafədədir. Axı bu gün telefon var, onun vasitəsilə də başsağlığı verib, dərdə həmdəm olmaq olur. Bu anlayış ölkəmizdə yoxdur, olmadığından da bu problem dövlətlə deyil, bütövlükdə cəmiyyətlə bağlı məsələdir.

Şahidi oluruq ki, indi yoxsul insanlar da 40 mərasimində mütləq yemək verir, sonra da gəlib boynunu bükür ki, filan qədər borcun altına girmişəm. Niyə? İndi kiminsə yadında qaldı ki, sən bir qarın yemək verdin, ya vermədin? Kiminsə ruhuna o yemək gedib çatdımı? Qədimdə hansısa heyvanı öldürürdülər ki, guya kiminsə ruhuna qurban verilir. Axı indi ö dövr keçib, biz indi müasir, modern dövrdə yaşayırıq.

Ona görə də nə şadlıq, nə də mərasim evlərini çox da qınamıram,  çünki onların da müəyyən vergi öhdəliyi var və buna görə məcburdurlar ki, müəyyən  addım atsınlar. Beləliklə, bu istiqamətdə insanların özlərinin özlərinə problem yaratması artıq bir faktdır. Yəni çalışırlar ki, ən dəbdəbəli, varlı yerlərdə məclislərini keçirsinlər.

Xatırlayıram ki, bir məkanda yas mərasimlərində bir tək çay verilirdi. Lakin sonra insanlar 3-4 ay orada yas  mərasimi keçirmədilər ki. “niyə qoymursunuz ki, yemək də verək”. Ondan sonra həmin məkanda sistem pozuldu, yemək də verməyə başladılar”.

Fazil Mustafa bildirdi ki, indi daha çox kasıb insanlar dəbdəbəyə can atır:

“İsrafçılıq məsələsi kasıba, varlıya baxmır. Deyim ki, kasıblar varlılardan daha çox dəbdəbəyə can atır ki, özlərini “sındırmasınlar”. Halbuki çalışmaq lazımdır ki, şərəfdə, ləyaqətdə “sınmayasan”. İnsan kasıb və ya varlı ola bilər, amma o yalnız  ləyaqətinə görə qəbul olunur. Yoxsa ki, onun haradasa artıq  pul xərcləməsi kimin nə vecinədir? Sonradan özü çətin vəziyyətə düşmüş olur.

Bu gün toyla bağlı nə qədər dəbdəbəli məclislər keçirilir, yəni 4-5 cür toy modeli fikirləşiblər. Məsələn, xınayaxdı, ciyəraxşamı və sairə. Bir xınayaxdı üçün müğənni gətirirlər və toyun xərcini bu məclisə verir və gələn qonaqdan bu xərci alırlar. Və yaxud toya gedən kimi soruşursan ki, bu stolun qiyməti neçəyədir? Təsəvvür edin, adam götürüb 300 manatlıq stol təşkil edir və vecinə deyil ki,  gələn adamın 300 manata imkanı çatacaq, ya yox.

Əlbəttə ki, ortada toy, şadlıq, mərasim evi mafiyası var və onun arxasında xeyli vəzifəli şəxslər dayanır. Onlar üçün maraqlıdır ki, mərasim evləri gəlir gətirsin və alternativlərin də inkişaf etməsinə imkan vermirlər. Amma  insanların özündə də bir xarakter var.

Daha sonra, toyu olan gənc hansısa müğənnini bəyənir deyə 5-6 min manat pul verib, onu dəvət edirlər. Müğənni də gəlib, yarım saat oxuyub, 5 min manatını alıb, gedir. Hansı ağıllı adamı belə soymaq olar? Əlbəttə ki, yalnız axmaq adamı.

Elə qəbir daşları da bu dəbdəbənin davamıdır. Qəbir daşına əlavə 3-4 min xərc qoyulur. Bu bahalı qəbir daşları nəyə lazımdır, bunu kimə göstərirsiniz? Sən orada yatan insanın ruhunu əziz tut, onu xatırla, hər zaman əməllərini yaşat, yoxsa ki bu dəbdəbə nəyə lazımdır?

Beləliklə, bütün bu məsələlərdə ciddi narahatedici amillər var və bu da cəmiyyətə bağlıdır”.