27 Dekabr 2024

Ölkəmizin beynəlxalq aləmdə nüfuzu günbəgün artır

Dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi diqqəti çəkəndir. Regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışları olduğunudan məqsəd olaraq daim diqqətdə saxlanılır.

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayı ərizində bir sıra dövlətlərə səfərləri və beynəlxalq tədbirlərdə çıxışı ölkəmizin xarici siyasətinin uğurlu göstəricisidir. Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətləri ötən əsrin 90-cı illərinə təsadüf edir. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb.

Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib. Qeyd edək ki, ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən Xarici İşlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.

Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik”. Bu fikirləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib: “2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”.

İndi Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayır. Bu gün beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan dünyaya həm də, neft, qaz, elektirik enerjisi, neft – kimya məhsulları ixrac edir. Dünyada sülhsevər ölkə kimi tanınan müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır, tərəfdaşlarının sayı çoxalır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı