21 Dekabr 2024

Ölkəmiz üçün AŞPA-nın heç bir əhəmiyyəti yoxdur

Yanvarın 25-də Azərbaycan nümayəndə heyətinin AŞPA-da ölkəmizə qarşı irqçi, Azərbaycanofob və İslamafob münasibətə cavab olaraq əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarını verməsi AŞPA üçün gözlənilməz cavab zərbəsi oldu. 2001-ci ildən etibarən ölkəmiz Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu və münaqişənin uzadılması Avropa Şurasına Azərbaycana qarşı illər boyunca təyziq etməyə münbit şərait yaradırdı.

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edən Azərbaycan BMT nizamında bu addımı atan ilk ölkə olub. Hətta BMT-nin müvafiq missiyası Xankəndiyə səfər edərək burada heç bir “etnik təmizləmə” əlamətlərinin olmadığını qeyd edib. Lakin bütün bunlara baxmayaraq möcud reallıqları qəbul etməkdə çətinlik çəkən təsisatlardan biri də AŞPA-dır.

AŞPA kimi nüfuzu olmayan təsisatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Reallıq odur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır və bu gün ölkəmiz 7 Avropa ölkəsinə qaz ixrac edir. Seçkilər zamanı reytinq xatirinə erməni lobbisinin dəstəyini qazanmağa çalışan “lider”lərin canfəşanlığı müvəqqətidir və heçdə öz vətəndaşlarının maraqlarına xidmət etmir. Hər bir halda artan enerji xərclərinin yükünü çəkən həmin dövlətlərin vətəndaşları olur. Azərbaycan isə bütün bunlara baxmayaraq, sülhün tərəfdarıdır və regionda dayanıqlı sülhün bərqərar olması üçün nəticəyönümlü fəaliyyət göstərir.

Azərbaycan nümayəndə heyətinin bu addımı artıq əksər dünya güclərinin açıq müstəviyə keçən ikili standartlara əsaslanan siyasətinə ciddi etiraz və mesajdır. Azərbaycana qarşı qarayaxma kampaniyasının bir mərkəzdən koordinasiya olunması inkaredilməzdir. Son hadisələrə qısa nəzər salmaqla bunu bir daha təsdiqləyə bilərik. ABŞ Dövlət Departamentinin dünya ölkələrində  insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatı, ABŞ Konqresinin ədalətsiz  907-ci düzəlişin  fəaliyyətinin bərpası  məsələsini   qabartması, Fransanın tarixi Zəfərimizdən sonra  səngiməyən qərəzli kampaniyaları və simasızlığı, bunun tərkib hissəsi olaraq bu günlərdə Fransa Senatının qəbul etdiyi qondarma qətnamə, Avropa Parlamentinin ölkəmizdə keçiriləcək prezident seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina etməsi, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin utanmadan Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham etməsi və sair kimi ikili standartlardan irəli gələn addımları… Atılan belə addımların, qəbul olunan qərarların və qətnamələrin Azərbaycan üçün heç bir önəmi yoxdur. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur.  Qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir.  Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə bir əhəmiyyət kəsb etmir. Təbii ki, işğalçı ilə işğala məruz qalan dövləti eyni vaxtda üzv qəbul edən bir qurumdan ədalət gözləmək sadəlövhlük olardı.  Azərbaycan 23 ildə daim bu ədalətsizliyin, qərəzli yanaşmanın şahidi olub.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi