Ölkəmiz sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın tərəfdarıdır
Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə respublikamızla əməkdaşlıq münasibətləri olan dövlətlər arasında siyasi, hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əlaqələrin mövcud vəziyyətinə toxunulub, eyni zamanda, bu istiqamətlərdə gələcəkdə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.
Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək məqsədi daşıyan Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı bir çox məqamlara toxunub. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılmasından, o cümlədən Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olmasından və Ermənistanın müharibə cinayətlərinin bu günə kimi davam etməsindən danışıb. Bütün çıxışlarında Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəf olduğunu qeyd edən cənab Prezident, Zirvə Toplantısında bunu bir daha vurğulayıb və Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etdiyini bildirib.
Prezident İlham Əliyev Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında növbəti dəfə dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə, faşist ideologiyasına xidmət edən Ermənistanın apardığı soyqırımı siyasətinə yönəltdi. Azərbaycan Prezidentinin çıxışında nəzər saldığı ən önəmli məsələlərdən biri Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, işğalçı Ermənistanın sərhəddə törətdiyi təxribatlar oldu.
Otuz illik işğal dövründə böyük məhrumiyyətlərlə üzləşən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan bütün bunlara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmiz o mövqedən çıxış edir ki, regionun potensialı müharibəyə deyil, inkişafa, əməkdaşlığa, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməlidir. Bundan ötrü Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşdirilməli və sülh sazişi imzalanmalıdır. Yalnız bundan sonra iki ölkə arasında etimad mühitinin formalaşması mümkündür.
Hər birimiz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğur zirvələrini fəth edən Azərbaycan diplomatiyası regional sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatında da mühüm qərarlara imza atacaqdır.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi