24 İyun 2024

Ölkəmiz müdrik və uzaqgörən siyasət sayəsində türk dövlətləri sırasında yüksək nüfuz qazanıb və söz sahibinə çevrilib

Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin regionda Azərbaycanın yaxın dostluq əlaqələrinə malik olduğu dövlətlərdən biri də Tacikistandır. Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri hər iki ölkə arasında əlaqələrin inkişafında önəmli rola malikdir.

Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirmək cəhətdən yeni inkişaf mərhələsinin əsasını qoymuş oldu. Azərbaycan və Tacikistan arasında münasibətlər tarixən özünün ən yüksək inkişaf səviyyəsinə çatıb. Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əlaqələrin inkişaf dinamikasına öz müsbət təsirini göstərərək əməkdaşlığın daha dərinləşməsi üçün önəmli imkanlar yaradır.

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Danılmaz həqiqətdir ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində türk dövlətləri sırasında nüfuz və söz sahibinə, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Bu, dövlət başçımızın 20 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda, ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir.

Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. Qeyd edək ki, ötən il 14 sentyabr tarixlində Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı