23 Dekabr 2024

Ölkədə telefon və torbalarla bağlı yeni və sərt qayda – əhali nə deyir?

Fevralın 15-dən ölkədə iki yeni qanunun tətbiqinə başlanılır. Belə ki, həmin gündən etibarən Azərbaycan ərazisinə daxil olacaq istənilən mobil telefonların İMEİ kodları məcburən bəyan edilməlidir. Yəni burada söhbət yalnız mobil telefonun gömrükdə bəyan edilməsindən deyil, onun həm də İMEİ kodunun bəyan edilməsindən gedir. Hansı ki, əvvəllər məhz telefonun özü bəyan edilirdi.

Güman ki, artıq DGK və RİNN informasiya sistemləri inteqrasiya olunub. Bundan sonra İMEİ kodu DGK bazasında olmayan telefonları RİNN-ə məxsus olan Mobil Cihazların Qeydiyyat Sistemində (portal.rinn.az) qeydiyyatdan keçirmək mümkün olmayacaq. İMEİ kodu bir ay müddətində qeydiyyatdan keçirilməyən telefonlar mobil operatorlar tərəfindən bloklanacaq və işləməyəcək.

Ölkəyə gətirilən mobil telefonların bəyan edilməsi DGK-nın Smart Customs mobil tətbiqi və ya e.customs.gov.az portal vasitəsilə reallaşacaq. Ölkəyə şəxsi məqsəd üçün gətirilən mobil telefonun qiyməti 800 dollardan artıqdırsa, məhz həmin artıq hissəyə təxminən 40%-dək gömrük rüsumu və gömrük xərcləri hesablanacaq. Bütün bu məsələlər NK-nın məşhur 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı və 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası” ilə tənzimlənir. Bu qayda mobil telefon bazarına necə təsir edəcək? Bahalaşma olacaqmı?

Məsələni aydınlaşdırmaq üçün bir neçə mobil telefon satılan mağazaya üz tutduq. Nizami rayonunda yerləşən “Nar mobile” mağazasının satıcısından öyrəndik ki, qiymət artımı hələ ki yalnız “Ayfon”larda özünü göstərir: “Bütün telefonlara 36 faiz dövlət rüsumu ödənməlidir. Məcburuq şirkətlərin qoyduğu qiymətə sataq. Misal üçün, “İrşad”dan aldığımız telefona 100 manat qiymət qoyublarsa, biz də o qiymətə alırıq. Bizdə işlənmiş “Ayfon”lardır, ona görə qiymətlərində də elə fərq yoxdur”.

Yaxınlıqdakı mağazaya da daxil olduq, satıcı bizimlə söhbətdə bildirdi ki, hələ ki qiymətlərdə dəyişiklik yoxdur: “Amma bundan sonra aldığımız mobil telefonları baha satmağa məcburuq, çünki şirkətlərdən artıq baha qiymətə alacağıq”.

Bakupost.az - “Vətəndaşlar hələ də e-xidmətlərdə çətinlik çəkirlər” - Osman  Gündüz

Osman Gündüz 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Yeni Müsavat”a dedi ki, bu sərtləşmə , ilk növbədə şəxsi məqsədlər adı altında mobil telefonların biznesini quranlara zərbə vuracaq: “Hansı ki, onlar bununla da mobil telefonları gömrük rüsumu ödəyənlərdən daha ucuz sata bilirdilər. Sadə vətəndaşlar isə şübhəsiz ki, bazarda mobil telefonların qiymətlərinin artımını müşahidə edəcəklər. Vəziyyətdən çıxmaq üçün İMEİ kodlarının süni yollarla, müxtəlif proqramlardan istifadə etməklə qeyri-qanuni dəyişdirilməsini də məsləhət görmürük. Ən azı ona görə ki, hökumət paralel olaraq da bununla bağlı cərimələri sərtləşdirib. Xatırladıram ki, hazırda İMEİ kodlarının qeydiyyat rüsumları hədsiz dərəcədə yüksəkdir. Əvvəllər 5 manata olan bu rüsum bir neçə il öncə (31 iyul 2018-ci ildə) 30 dəfəyədək qaldırılıb, təxminən 20-150 manat civarında müəyyən edilib və indi də qüvvədədir. Lakin ötən ilin sonu “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklə mobil cihazların qeydiyyat rüsumlarına yenidən baxılması üçün NK-ya 2 ay vaxt verilib”.

İkinci yenilik isə Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbaların fevralın 15-dən etibarən ödənişli olmasıdır. Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Əhali arasında isə bu dəyişiklik narazılıqla qarşılanıb. İnsanların daha çox verdiyi sual isə ondan ibarətdir ki, mağazalarda hər məhsul üçün kiçik torbalara da ödəniş hesablanacaq, yoxsa bu yalnız ümumi malların yerləşdirildiyi torbalara aid edilir? Bütün bunları aydınlaşdırmaq üçün bir neçə mağazaya üz tutduq. Bizimlə söhbətdə satıcılar artıq polietilen torbalar üçün 3-5 qəpik dəyərində ödəniş hesablandığını dedilər: “Alış-veriş zamanı kiçik “pinqvin” deyilən torbalar üçün ödəniş hesablanmayacaq. Yalnız üzərində mağazanın loqosu yazılan iri torbalar üçün ödəniş tələb olunacaq”. Satıcı ilə söhbətimizi eşidən yaşlı bir xanım isə etiraz etdi. “Əgər bu torbalar zərərlidirsə, niyə buna görə ödəniş etməliyik. Pulla alıramsa, zərərli olmayan torba alım da”, deyən paytaxt sakini çantasından parça torba çıxardı və bundan sonra belə alış-veriş edəcəyini bildirdi.

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bizimlə söhbətdə dedi ki, sellofan torbalar ətraf mühitin intensiv çirklənməsinə, istehlakçıların tədricən zəhərlənməsinə gətirib çıxarır: “Sellofan paketlər, təhlükəli streç-filinlərin əksəriyyəti polivenil xlordan hazırlanır. Hətta 50 ildə torpaqda həll olmur və ətraf mühiti çirkləndirir. İnsanlar da təbii ki, bundan zəhərlənməyə məruz qalırlar. Bir sıra ölkələrdə sellafon torbaların istifadəsindən imtina edilsə də, Azərbaycanda bu hələ də qalmaqdadır. Kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri sellofan qablaşdırmaya üstünlük verir. Polietilen torbalar orqanizm üçün zərərlidir. Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir. Qara rəngli sellofan torbaların daha təhlükəli olduğunu deyən müsahibimiz bu cür torbalarda qida saxlamağı məsləhət görmür. Qara və digər rəngli torbalar zibillərin təkrar emalından alınır. Zibilin əridilməsi nəticəsində əldə olunan plastik rənglənir və ondan müxtəlif ölçüdə torbalar hazırlanır. Bəzi torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa da keçir. Ərzaq vasitəsilə isə orqanizmə daxil olur. Amma şəffaf torbalar nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir, qırışır və ərzaqla reaksiyaya girir. Ümumiyyətlə, bu torbalardan imtina etmək üçün gərək onların alternativi olsun. Təəssüf ki, Azərbaycanda alternativ paket istehsalı ilə məşğul olan müəssisələr yoxdur.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə mövzu ilə bağlı deyib ki, əslində marketlərdəki polietilen torbalar bu günə qədər havayı verilməyib: “Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyimiz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür. Maya dəyərinə nələrin daxil olduğuna baxaq, məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir.  Torbanın xərci də böyük hərflərlə yazdığım sonuncu hissədə gizlənirdi. İndi bu xərci, sadəcə, çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin. Əlqərəz, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə polietilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil”.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
“Yeni Müsavat”