23 Dekabr 2024

Ölkədə narkomanların yeni sayı: gerçək rəqəmlər və gizlinlər

Mütəxəssis  deyir ki, əvvəllər tək-tək adamlar anaşa çəkirdi, indi isə demokratiyadır və onun da öz problemləri var…

 2022-ci ildə narkotik vasitə istifadəçilərinin sayı ölkə üzrə 35 min 97 nəfər olub. Bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. Onun sözlərinə görə,  ötən ilin hesabatına görə, ölkə üzrə 35 min 97 nəfər narkotik vasitə istifadəçisidir. Onlardan 572 nəfər qadın, 11 nəfəri 15-17 yaşarası yeniyetmə, 271 şəxs isə 65 yaşdan yuxarı insanlardır.

O deyib ki, narkotik vasitəni qəbul edən şəxslər ilkin mərhələdə bunu gizlətsələr də, bir müddət keçdikdən sonra yuxusuzluq, əsəbilik, sürətli arıqlama, davranışda lənglik kimi əlamətlərlə bu, özünü göstərməyə başlayır.  Narkotik vasitələrdən psixoloji asılılığın ilkin, fiziki asılılığın isə 2-3 həftə istifadədən sonra özünü göstərdiyini qeyd edən O. Cəfərov deyib ki, valideynlər övladlarını müşahidə etməlidir: “Narkotik vasitələrin qəbulu zamanı ünsiyyət problemləri dərhal hiss edilir. Stres, əsəbilik, ünsiyyət qurmamaq, yuxusuzluq ilkin simptomlardır. Bəzi hallarda, əsasən narkotik vasitənin növü ilə əlaqədar şəxslərdə normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlamaq, hallüsinasiya, tez-tez qıcıqlanmaq halları müşahidə edilir. Yeniyetmələrdə davranış problemləri daha tez aşkarlanır. Onların məktəbə davamiyyəti pozulur və gözlərində qızarmalar yaranır. Valideynlər onların müəllimləri ilə davamlı ünsiyyətdə olmalı, uşaqlara nəzarəti gücləndirməlidir. Hər hansı bir narkotik vəsaitinin istifadə olunduğu test üsulu ilə aşkarlanır”.

Qeyd edək ki, son illər Azərbaycanda narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metamfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddələrin istifadəsi çoxalıb.  Müşahidələr göstərir ki, polisin gücləndirilmiş iş rejimində işləməsinə baxmayaraq, hər gün minimal olaraq, 100 nəfər tutulsa da həm narkotik istifadəçilərinin, həm satanların  qarşısını almaq  çətinləşib. Ekspertlər narkotik istifadəçilərinin artmasının səbəblərindən biri kimi pandemiyanı göstərirlər. Pandemiya dövründə insanların psixoloji durumunda ciddi dəyişikliklər yaşandı və istifadəçilərin sayı artdı. Onu da qeyd edək ki, ölkə başçısının sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ı da təsdiq edilib.

O səbəbdən məlum məsələdir ki, Respublika Narkoloji Mərkəzin rəhbərinin təqdim etdiyi son rəqəmlər  yalnız narkomaniya adlanan bəlanın rəsmi rəqəmlərlə görünən hissəsidir. Heç kimə sirr deyil ki, əslində bu rəqəm dəfələrlə çoxdur. Narkoloji müalicəyə üz tutanlardan başqa, illərlə bu bəladan əziyyət çəkən minlərlə ailə var. Bir çox hallarda onlar müalicədən kənarda qalırlar. Aydındır ki, səbəb təkcə müalicə olunmaqdan utanmaqla məhdudlaşmır. Azərbaycanda narkomaniyadan müalicə çoxlu pul tələb edir, üstəlik, həmin adamların əvvəlki həyatlarına qayıdacaqlarına təminat verilmir. Azərbaycanda xarici ölkələrdən fərqli olaraq yüksək keyfiyyətli müalicə müəssisələri yoxdur. Bu səbəbdən narkomaniya bəlasına düçar olanların real statistikasını aparmaq mümkün olmur.

İkinci bir tərəfdən, narkomaniya cəmiyyətin problemindən daha çox, ayrı-ayrı adamların “pozğunluğu” kimi qəbul edilir. Bu bəlaya düçar olanlar özlərini cəmiyyətdən kənarlaşdırılmış adamlar kimi görürlər, çünki hamı onlardan qaçır. Bu kimi səbəblərdən də narkomaniyanın qarşısını almaq da çətinləşir. Yalnız hər gün yayılan polis statistikası narkomaniyanın ölkədə necə sürətlə yayıldığının  sübutudur. Nə etməli?

Evlər yıxan "patı" heroindən daha dəhşətlidir, kişi kişiliyini itirir -  Narkoloqla MÜSAHİBƏ » Siam.az

Fəzail Sadıqov 

40 ildir ki, bu sahə üzrə çalışan psixiatr-narkoloq, tibb elmləri namizədi Fəzail Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda bazarda insanların istehlak edəcəyi leqal-qeyri-leqal narkotik maddələr  satılır: “Əgər alıcı yoxdursa, onun satıcısı da olmaz. “Niyə ölkəmizə narkotik gətirilir”, – deyə sual olunursa, bu bütün dünyada var, gətirilir də, aparılır da. Ən güclü ölkə olan ABŞ-da da bununla mübarizə aparılır. Narkotik həmişə olacaq. Heç kim deyə bilməz ki, bunun kökü kəsiləcək. Sadəcə olaraq, ailələrdə valideynlər övladlarına düzgün tərbiyə verməldirlər, başa salmalıdırlar. Tiryək və  onun sintetik formaları əslində tibbdə istifadə olunan dərmanlardır.  Əsas problem odur ki, cəmiyyətimizin bu məsələlərə münasibəti qeyri-adekvatdır. Birinci növbədə əhalinin 90 faizi deyilənləri başa düşmür”.

Narkoloq qeyd edir ki, narkotik istifadəçilərinin artması həm də əhalinin də artması ilə bağlıdır: “Əvvəllər əhali sayı  5-6 milyon idi, indi 10 milyondur. SSRİ dövründə bu, geniş yayılmamışdı, demək olar ki, yox idi. Tək-tək adamlar anaşa çəkirdi. İndi demokratiyadır, onun da öz problemləri var. İnsanlar azaddır, azad olmaqla bərabər tələyə daha çox düşmək ehtimalları var. İlk olaraq valideynlər uşaqlarına nəzarət etməlidir. İnsana təqribən 25 yaşa qədər nəzarət olmalıdır. Çünki insan beyni 25 yaşa qədər tam formalaşır. Mən  həmişə demişəm, ağıl payı insanın düşüncəli, şüurlu fəaliyyətinə, işi qabaqcadan planlaşdırmaq kimi cavabdeh bir orqandır. 18-20 yaşda gənclər çox şeyi dərk edə bilmirlər, çünki beyin hələ tam formalaşmayıb. İkincisi, hansı ailədə şübhə yarandısa, nə qədər erkən üstünə düşsələr, bunun şansı daha çoxdur. Bəzən ata deyir ki, mənim oğlum elə şey eləməz, halbuki iş işdən keçib, amma dərk eləmir. Ona görə ilkin şübhə olanda onları indiki dövrdə müalicə etmək asandır. Tibb müəssisələrinə, narkoloji xidmətə müraciət edib, sidik analizi ilə cəmi on beş dəqiqəyə bunu müəyyən etmək olar. O ki qaldı müalicəyə, dövlətin ixtiyarında olan, Bakıda Respublika Narkoloji Mərkəzi var ki, o da Maştağada yerləşir. Stasionardır, 200 çarpayısı var, amma orada da xəstələr çox olur deyə yer olmur. İkincisi də bizim mərkəzdir, Bakı Şəhəri Narkoloji Mərkəzidir ki, bura da ambulatoriyadır. Yəni insanlar könüllü müraciət edir, məcburiyyət yoxdur. Bu, qanunla təsbit olunub. Yenə deyirəm, ilkin vaxtda mütəxəssislərə müraciət edilməlidir”.

Son dövrlər məktəb yaşlı uşaqlar arasında narkotik maddələrdən istifadə narahatlıq doğurur. Psixiatr-narkoloq Asif Kəngərli “Yeni Müsavat”a dedi ki, uşaqlar arasında bunun yayılmasının qarşısını yalnız maairfləndirmə yolu ilə almaq olar: “Təəssüflər olsun ki, bu bizdə çox zəif aparılır. Narkomaniya da, tütünçəkmə də,  alkoqolizm də digər ölkələrdə olduğu kimi bizim də bəlamıza çevrilib. Hələ 1996-cı ildə ölkə başçısı narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparmaq üçün fərman və sərəncam imzalayıb. Bu sərəncama görə, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi kompleks maarifləndirici və profilaktik tədbirlər görməlidir. Təhsil Nazirliyi orta məktəblərdə ədəbiyyat və tədris proqramına narkomaniyadan bəhs edən əsərlər salmalı, onları tədris etməlidir. Misal üçün, mən müəllifi olduğum hekayələrimin aşağı siniflərdə, pyesimin isə yuxarı siniflərdə tədris edilməsini təklif edirəm. Bu əsərlərdə narkomaniyanın bir ailənin başına gətirdiyi faciələri qələmə almışam. Millətimə bu formada kömək etməyi özümə borc bilirəm. Mədəniyyət Nazirliyi tərəfindən də digər müəlliflərin əsərləri tamaşaya qoyulmalı, filmlər çəkilməli, kitablar çap edilməlidir. Çalışmaq lazımdır ki, orta məktəb şagirdləri ədəbiyyatdan bir dərsi teatrda keçsinlər. Bu mümkün deyilsə, onda həmin dərsin sinifdə film tamaşası təşkil olunmalıdır. Amma Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi  bunu etmək istəmir, maarifləndirici iş görülmədən isə nəyəsə nail olmağı düşünmək, sadəcə, sadəlövhlükdür”.

Ekspert narkotik maddələrin insan orqanizminə verdiyi zərərlərdən də danışıb: “Qaraciyərdə narkotikin zərərli təsiri nəticəsində əvvəlcə hepatit, sonra isə sirroz inkişaf edir. Narkomanlar arasında müalicəyə çətin tabe olan qaraciyərin C virus hepatiti geniş yayılıb. Eyni zamanda cinsi sfera zədələnir, narkomanlar arasında impotensiya bir problem kimi durur. Narkotikin zərərli təsirindən immun sistemi zəifləyir, infeksion xəstəliklərə tutulma asanlaşır və ağciyərlərdə vərəm baş qaldırır. Digər tərəfdən, narkotik maddələr ürəyin yığılma qabiliyyəti olan liflərini məhv edir, damarları daraldır, qanı laxtalandırır. Axırda qanın hərəkəti ləngiyir, toxumalarda oksidləşmə-bərpa prosesi pozulur. Həzm və endokrin sistemin işi pozulur. Narkotik maddələr beyini, necə deyərlər, “qurutduğu” üçün kəskin nevrasteniya, depressiya və psixi xəstəliklərə çox rast gəlinir. Eləcə də narkomanlar arasında QİÇS (SPİD) və zöhrəvi xəstəliklər geniş yayılıb ki, onlardan birincisi sağalmaz, ikincisi isə ağır xəstəlik sayılır”.