Nigeriyada 12 il ərzində 46 milyard dollarlıq neft oğurlanıb
2009-2020-ci illərdə neft və neft məhsullarının oğurlanması, həmçinin neft kəmərlərində törədilən vandalizm Nigeriyaya 46 milyard dollar zərər vurub. Oğurlanan neftin ümumi həcmi 619,7 milyon barel təşkil edib.
AZƏRTAC xəbər verir ki, Nigeriyanın “This Day” qəzeti bu barədə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) ictimai təşkilatının yerli bölməsinin bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda nigeriyalı məmurların varlanmaq məqsədilə əcnəbilərlə sövdələşdiyi deyilir. Dünyanın ən böyük mədən kompaniyalarından biri olan “Glencore” şirkətinin (İsveçrə) Nigeriya Milli Neft Kompaniyası ilə müqavilə imzalamaq üçün yüksək vəzifəli məmurlara rüşvət verməkdə şübhəli bilinir.
Qəzetin məlumatına görə, Nigeriya hökuməti neft oğurluğunu araşdırmaq üçün xüsusi komitə yaradıb. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatının yerli nümayəndələri araşdırmaya texniki yardım göstərəcəklər.
MSŞT mədən sənayesində gəlirlərin şəffaflığını və hesabatlılığını təşviq edən beynəlxalq ictimai təşkilatdır. Təşkilata üzv ölkələr hasilatla məşğul olan kompaniyaların fəaliyyətinin bütün mərhələləri barədə hesabat verməyi öhdələrinə götürür. Təşkilata 60-a yaxın dövlət daxildir.
Qeyd edək ki, Nigeriya neft hasilatına görə Afrika ölkələri arasında liderdir.