23 Dekabr 2024

Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”

“İsrail ordusu Qəzza zolağında əməliyyatın yerüstü mərhələsinə hazırlıqlarını davam etdirir, lakin onun başlamasının dəqiq vaxtı barədə danışmaq tezdir.

“Report” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciətində deyib.

Onun sözlərinə görə, İsrail Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə atəş açmaqla minlərlə terrorçunu zərərsizləşdirib:

“Bu, hələ başlanğıcdır. Bundan əlavə, yerüstü əməliyyatlara da hazırlaşırıq. Bunun nə vaxt, necə olacağını deməyəcəyəm, nəzərə aldığımız bütün amilləri açıqlamayacağam. Onların əksəriyyəti ictimaiyyətə məlum deyil”.

Netanyahu təsdiqləyib ki, Qəzza zolağında əməliyyatın əsas məqsədləri dəyişməz qalır: HƏMAS-ın inzibati strukturunun və hərbi potensialının tamamilə aradan qaldırılması və anklavda saxlanılan bütün girovların azad edilməsi.

O vurğulayıb ki, İsrailin hərbi-siyasi rəhbərliyi “qələbəyə qədər öz məqsədlərinə çatmaq üçün gecə-gündüz işləyir”:

“Burada heç bir siyasi faktor yoxdur, bizim qarşımızda yalnız bir vəzifə var – ölkəni xilas etmək, qələbəyə nail olmaq. Yerüstü əməliyyatın başlama vaxtı ilə bağlı qərarı ölkənin Nazirlər Kabineti və Ordu Baş Qərargahı yekdilliklə qəbul edəcək. Biz döyüşçülərimiz üçün optimal şəraitin təmin edilməsi üçün hər şeyi edirik”.