23 Noyabr 2024

Nəhəng treyderlər Rusiyadan taxıl ixracını dayandırır

Rusiya hökumətinin biznesin işinə müdaxiləsinin getdikcə artması bu ölkədə qalıb işləmək istəyən az sayda xarici şirkətlərin də oradan qaçmasını şərtləndirir.

Media1.az xəbər verir ki, son iki gündə dünyanın iki ən böyük taxıl treyderinin – ABŞ-ın “Cargill” və Kanadanın “Viterra” şirkətlərinin Rusiyadan taxıl ixracından çəkildikləri məlum olub.

“Cargill” martın 28-də Rusiya Kənd Təsərrüfatı Nazirliyinə rəsmi xəbərdarlıq göndərib ki, iyulun 1-dən başlanacaq yeni ixrac mövsümündə taxıl ixracında iştirak etməyəcək.

“Cargill” Rusiya taxılının 6-cı ən böyük ixracatçısıdır. İllik taxıl ixracı 2-2,2 milyon ton ətrafında dəyişir. Bu, Rusiyanın ümumi taxıl ixracının 4-5 faizinə bərabərdir. Onun Krasnodarda ticarət şirkəti, elevatorları, Rostov-Donda çay taxıl terminalı var. Novorossiysk limanında yerləşən KSK taxıl terminalının 25 faizi də “Cargill”ə məxsusdur. Şirkət 2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə investisiyaları dayandırdığını elan edib.

Taxıl ixracından əlavə, “Cargill” Rusiyada taxılın dərin emalı, bitki yağlarının, piylərin, heyvan yemi, kraxmal və sair məhsulların istehsalı ilə də məşğul olur. Şirkət hələlik yalnız taxıl ixracı sahəsində fəaliyyətini dayandırdığını, digər sahələrdə işinə davam edəcəyini açıqlayıb. Bundan başqa, bu mövsümün sonunadək taxıl ixracına dair bağlanmış bütün müqavilələrə əmək ediləcək.

Rusiya KTN “Cargill”in bazardan çıxmasının ölkədən taxıl ixracının həcminə hər hansı təsir göstərməyəcəyini, onun boşalan yerinin tezliklə milli şirkətlər tərəfindən doldurulacağını açıqlayıb.

Martın 29-da isə “Bloomberg” daha böyük xarici şirkətin Rusiyadan taxıl ixracını dayandırdığına dair məlumat yayıb. Söhbət Rusiya taxılının 4-cü böyük ixracatçısı olan “Viterra” şirkətindən gedir. Şirkətin Rusiyadakı törəməsi olan “Viterra Rus”da “İnterfaks”ın sorğusu şərh edilməyib.

“Viterra Rus” Rusiyanın taxıl ixracatçıları arasında 4-cü ən böyük şirkətdir. Onun Taman dərinsulu limanındakı taxıl terminalının illik ixrac gücü 5 milyon ton, Rostov-Dondakı terminalının ixrac gücü isə 2 milyon tondur.

“Bloomberg”in yazdığına görə, xarici treyderlərin Rusiyanın kənd təsərrüfatı sektorundan uzaqlaşmasının əsas səbəbi dövlətin bu sahəyə sərt nəzarət tətbiq etməsi, biznesin fəaliyyətinə ciddi müdaxilələrin başlanmasıdır.

Maraqlıdır ki, “Cargill” və “Viterra”nın Rusiyadan taxıl ixracını dayandıracağını bu ölkənin nəhəng gübrə istehsalçısı olan “Uralxim” konserninin rəhbərliyi 2022-ci ilin dekabrında açıqlamışdı. Konsernin baş direktoru Dmitri Konyayev prezident Vladimir Putinə rəsmi məktubla müraciət edərək hər iki şirkətin Rusiyadakı biznesini almaq üçün icazə verilməsini xahiş etmişdi. O, məktubunda məsələnin KTN-lə razılaşdırıldığını bildirmişdi. “Kommersant” nəşri Putinin bu müraciətə müsbət cavab verdiyini yazsa da, sonradan həm “Cargill”, həm də “Viterra” Rusiyadan taxıl ixracından çəkilmək niyyətlərinin olmadığını açıqlamışdılar.