22 Dekabr 2024

Nazirlik rəsmisi 46 gündür davam edən aksiyanın DETALLARINI AÇDI: Volkovun müavinləri demişdi ki…

Havanın şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 46 gündür davam edir, gənc aktivistlər yüksək fəallıq göstərirlər.

961af727-f5cf-335d-bb81-7f647bdf3685_850.jpg (130 KB)

Aksiyanın iştirakçılarından biri – Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, yalnız bu prosesləri dərindən izləyənlər, məlumatları mənbədən götürən dünya ictimai təşkilatları, beynəlxalq qurumlar nisbətən obyektiv məlumatlar işıqlandırırlar:

trend_amil_mammadov_131222.jpg (50 KB)

“Aksiya 12 dekabr səhər saatlarında başladı. Biz – ekoloqlar, QHT-lər 11 dekabr axşamdan Şuşada idik. Ondan əvvəl – 9 dekabrda müvafiq müraciəti Rusiyanın Azərbaycandakı Səfirliyinə şəxsən təqdim etmişdim. Hələ ki, müraciətlə bağlı cavab yoxdur. Biz Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkovun aksiya yerinə gəlməsini tələb etsək də, gəlmədi, müavinlərini göndərdi. Onlar Volkovun gələcəyinə söz vermişdilər, amma gəlmədi.

volk.PNG (1.38 MB)

Biz şüarlarımızda ekosidə yox deyirdik, monitorinqin keçirilməsini tələb edirdik. Aksiyanın gedişatında şüarlara əlavələr etdik və onları hələ də səsləndirməkdəyik. Təəssüf ki, dünyada keçirdiyimiz aksiyaya münasibət birmənalı deyil. Çox sayda beynəlxalq ictimaiyyətin nümayəndəsi olan təşkilatlar qərəzli reaksiya göstərirlər və əsasən erməni mənbələrinin təqdim etdiyi formada – yolun bağlanması, humanitar blokada və s. sözlərlə bəzəyirlər. Lakin orada yolun bağlanmasından söhbət getmir, biz orada könüllülərlə, gənclərlə dinc aksiyamızı keçirməyə davam edirik. Yük maşınlarının və Qırmızı Xaç Komitəsinin həkimlərini, dərmanlarını daşıyan avtomobillərin rahat şəkildə oradan keçməsinə imkan yaradırıq. Hər bir təchizat ora gedib çatır – istər yanacaq daşıyan yük maşınları, istərsə də ərzaq və digər məhsullar”.

Amin Məmmədov qeyd edib ki, əsasən QHT fəalları, eyni zamanda müxtəlif gənclər təşkilatlarının könüllüləri aksiyada iştirak edir: “Onların bir neçə günlük evlərinə getmə imkanları olur, sonradan geri qayıdırlar. Aksiyaya ictimai fəalları və mövzudan məlumatlı olanları cəlb etməyə çalışırıq ki, onlar media ilə ünsiyyətdə düzgün məlumatlar çatdırsınlar”.

bayraq.jpg (307 KB)

“Sizcə, monitorinq nə vaxt baş tuta bilər?” sualına Nazirlik rəsmisi belə cavab verib:

“Monitorinqin baş tutması ilə bağlı nəsə demək çox çətindir. Çünki Rusiya sülhməramlı kontingentinin komandanlığı da etiraf edir ki, monitorinq mütləq keçirilməlidir, onların buna qarşı etirazı yoxdur. Belə çıxır ki, onların monitorinqə şərait yaratma imkanları ya kifayət deyil, ya da bunu etmək niyyətləri qəti deyil. Amma istənilən halda orada yataqları istismar edən İsveçrənin “Base Metals” şirkəti öz fəaliyyətini dayandırıb. Biz əminik ki, monitorinq mütləq baş tutacaq, yataqlara nəzarət Azərbaycan hökumətinə keçəcək. Nəticə etibarilə biz orada dəymiş ekoloji ziyanın qiymətləndirməsinə nail ola biləcəyik”.

Aytən Novruz