22 Dekabr 2024

Nazir əvəzi Anar Kərimov mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirib FOTO

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirib.

Nazirlikdən Musavat.com-a bildirilib ki, görüşdə Qarabağa qayıdış, işğaldan azad olunan torpaqlarda mədəniyyət infrastrukturunun yaradılması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Videokonfrans iştirakçılarını salamlayan Anar Kərimov bir neçə ay öncə mədəniyyət xadimləri ilə bu formatda görüş keçirildiyini və aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Ötən müddətdə tarixi hadisələrin baş verdiyini, ölkəmizin Vətən müharibəsində qalib gəldiyini deyən Anar Kərimov bu günlər ümumxalq sevincini yaşadığımız böyük zəfər münasibətilə mədəniyyət xadimlərinə təbriklərini çatdırıb. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad edib. Bu müharibədə qəhrəmanlıq göstərən Vətən övladları sırasında mədəniyyət işçiləri də var. Müharibədə iştirak etmiş 65 nəfər mədəniyyət işçisindən 6 nəfər şəhidlik zirvəsinə ucalıb. Vətən uğrunda canlarından keçən bu gənclər adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar. 6 nəfər döyüşlərdə yaralanıb, ümumilikdə 162 nəfəri mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

Anar Kərimov bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Qeyd edib ki, Vətən müharibəsi günlərində xalqımız, o cümlədən mədəniyyət xadimləri, yaradıcı insanlar, Ali Baş Komandanın da vurğuladığı kimi, bir yumruq kimi birləşərək öz həmrəyliyini göstərib, müzəffər Ordumuza dəstək veriblər. Mədəniyyət Nazirliyinin də bu prosesdə aktiv iştirak etdiyini deyən Anar Kərimov bildirib ki, iki əsas istiqamətdə fəaliyyət həyata keçirilib: ölkə daxilində vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağla bağlı zəngin irsimizin təbliği və xaricdə bəzi dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyasına cavab verilməsi, Azərbaycan həqiqətlərinin yayılması.

Sonra Anar Kərimov Vətən müharibəsi günlərində nazirlik tərəfindən internet üzərindən, o cümlədən sosial şəbəkələr vasitəsilə həyata keçirilən və bir qismi indi də davam edən “Qarabağ – mədəniyyətimizin beşiyi”, “Ordumuz üçün yarat”. “Qarabağnamə”, “Mənim qəhrəman əsgərim” ədəbi müsabiqəsi, “Biz bərpa edəcəyik” və başqa layihələr barədə məlumat verib. Vurğulayıb ki, Qarabağın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası, insanların doğma yurdlarına qayıdışı deyil, eyni zamanda, bu torpaqlara geniş anlamda mədəniyyətin qayıtması deməkdir: “Ona görə də bu yöndə layihə və aksiyalarımızı “Mədəniyyəti Qarabağa qaytarırıq” devizi ilə həyata keçiririk. Biz bu torpaqlara mədəniyyəti qaytarmaqla, oradakı tarixi-mədəni irsi bərpa etməklə dünyaya da göstərəcəyik ki, Qarabağda 30 ilə yaxın vandalizmlə, talanla məşğul olanlardan fərqli olaraq, bu yerlərin əsl və əzəli sahibi kimlərdir”.

Anar Kərimov diqqətə çatdırıb ki, bu günlər bəzi ölkələrdə, beynəlxalq dairələrdə guya Qarabağdakı xristian irsinin məhv edilməsi ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır: “Bu çirkin kampaniyaya cavab olaraq “Xristian irsimizi tanıyaq” adlı layihəyə başladıq. Təkcə Qarabağda deyil, bütün Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələrlə bağlı hazırlanan videoçarxlar geniş rezonans doğurub. Bir sıra xarici KİV-lərdən bu mövzuda bizə müraciətlər də olub”.

Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən bu xüsusda ABŞ-dakı Metropolitan İncəsənət Muzeyinin, Fransanın, Rusiyanın bir qrup mədəniyyət xadiminin qərəzli mövqeyi ilə bəyanatlar verilib. Bundan əlavə, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, dinc insanları qətlə yetirməsi, eləcə də azad olunmuş ərazilərdə aparılan ilkin monitorinq nəticəsində üzə çıxan faktlar, ermənilərin Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməlləri barədə beynəlxalq təşkilatlara, 150-dən çox ölkənin mədəniyyət nazirlərinə müraciətlər göndərilib.

Bildirilib ki, ölkə başçısının müvafiq sərəncamı əsasında işğaldan azad olunmuş rayonlarda yaradılan müvəqqəti komendaturalar nəzdindəki işçi qruplarda Mədəniyyət Nazirliyinin nümayəndələri də təmsil olunur. Beş rayonda ilkin monitorinqlər zamanı 288 mədəniyyət müəssisəsi üzrə qeydiyyat aparılıb və onların demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir. İlkin monitorinqlər zamanı 162 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə də baxış keçirilib. 63 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı, digərlərinin vandalizmə məruz qaldığı aşkar edilib. Hazırda monitorinq davam edir və onun nəticələri mütəmadi olaraq beynəlxalq təşkilatlara da təqdim olunacaq. Həmçinin Şuşa şəhərində ölkə başçısının müvafiq sərəncamına əsasən, mədəniyyət müəssisləri və obyektləri ilə bağlı invertarlaşdırma işləri aparılır.

“Qarabağda bizi böyük quruculuq işləri gözləyir” deyən A.Kərimov diqqətə çatdırıb ki, bu görüşün məqsədi də dövlət tərəfindən həyata keçiriləcək Böyük Qayıdış proqramında mədəniyyət xadimlərinin, müvafiq sahələr üzrə mütəxəssislərin, yaradıcı təşkilatların iştirakı, bu işə verə biləcəyimiz töhfələr barədə fikirləri dinləməkdir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Xalq artisti, tarzən Ramiz Quliyev, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Quliyev, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, Əməkdar artist Tahir İmanov, memar, sənətşünas Elçin Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar artist, dirijor Əyyub Quliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Xalq artisti Xuraman Qasımova, Əməkdar artist, dirijor Fuad İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış ediblər.

Çıxışlarda belə bir ümumi fikir ifadə olunub ki, Qarabağın azad olunması uğrunda savaşda qalib gəlmişik, Vətən müharibəsi başa çatıb, amma mədəniyyət müstəvisində mücadilə davam edir. Qarabağda tarixi-mədəni irsimizi bərpa etməklə, bu torpağın əzəli sahibi kimi mədəniyyət və mənəviyyatımızı ən yüksək səviyyədə dünyaya təqdim etməklə bu mücadilədə də qalib olacağıq.

Qarabağda tarixi abidələrin bərpasına yerli və xarici mütəxəssislərin cəlb olunması, Şuşanın unikal tarixi-mədəni simasının qoruması, mədəniyyətimizin beşiyi olan şəhərdə musiqi festivallarının keçirilməsi, yenidən qurulacaq rayonlarda kitabxana fondlarının təşkili, teatr sənətinin, musiqi təhsilinin inkişafı, Qarabağda böyük qayıdışın kino-foto salnaməsinin yaradılması, Qarabağla bağlı mədəni aksiya və kampaniyaların daha çox xarici arenaya çıxarılması və s. məsələlərə dair təkliflər səsləndi, fikir mübadiləsi aparılıb.

Anar Kərimov səslənən bütün təkliflərin əhəmiyyətini vurğulayaraq, bır sıra məsələlərlə bağlı Mədəniyyət Nazirliyi tərəfindən görülən işlər, nəzərdə tutulan layihə və tədbirlər barədə fikirlərini bölüşüb.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli, nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov aidiyyəti sahələrlə bağlı məsələlərə dair məlumat veriblər.

Videokonfransa yekun vuran Anar Kərimov bütün iştirakçılara təşəkkürünü bildirib və mədəniyyət xadimləri ilə aktual məsələlərə dair müxtəlif formatlı görüşlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Musavat.com