Naxçıvan Muxtar Respublikasında ekoloji-təhlükəsiz enerji siyasəti

Sənayeləşmə prosesi nəticəsində, 1870-ci illərdən bəri fosil yanacaqların istifadəsinin artması ilə bəşəriyyət qlobal iqlim dəyişikliyi problemi ilə üzləşmək məcburiyyətində qaldı. Bu problem, inkişaf səviyyəsindən asılı olmayaraq, demək olar ki, bütün dünya ölkələrinə ciddi şəkildə təsir edir. Bərpa olunan enerji və ya alternativ enerji mənbələri son illərdə müdafiə olunur və təbiətin qorunması mövzusunda ən çox fikir birliyi olan bir təklif olaraq önə çıxır.Qlobal istiləşmə, iqlim dəyişikliyi və məhdud təbii ehtiyatların azalması, təbiətə və təbii qaynaqlara zərər verməyən enerji və istehsal formaları, xüsusilə Kioto Protokolunun imzalanmasından sonrakı müddətdə dövlətlərin prioritet tələblərindən birinə çevrildi.Bu protokolda qlobal iqlim dəyişikliyi problemi və onun idarə edilməsi üçün bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin əhəmiyyəti təqdim edilmişdir.
Enerji insan həyatını davam etdirmək üçün ən vacib tələbdir. Bununla belə, enerji təchizatı siyasətinin əsas məqsədi ekoloji təhlükəni aradan qaldırmaq olmalıdır. Bu gün inkişaf anlayışı, enerji bolluğu və istehlakı əvəzinə enerjini daha səmərəli və daha qənaətcil şəkildə təmin edə bilən texnologiya və resurs istifadəsi anlayışı ilə əvəz edilmişdir.Bu yeni perspektiv “sağlam ətraf mühit”, “enerji təhlükəsizliyi” və “enerji müxtəlifliyi” siyasətini özü ilə gətirdi. Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirlərinin azaldılması bu yeni siyasətin əsasını təşkil edir. İqlim dəyişikliyi əhəmiyyətli ekoloji problemlərdən biri olsa da, digər problemlərdə də böyük rol oynayır.Bu vəziyyətin əksinə olaraq, soyuq müharibə dövründə ətraf mühitlə bağlı bəzi təşəbbüslər və konfranslar istisna olmaqla, 1980-ci illərə qədər iqlim dəyişikliyi beynəlxalq gündəmə girməmiş və ümumiyyətlə texniki tədqiqatların və elmi araşdırmaların mövzusu olaraq qalmışdır.Hazırda qabaqcıl texnologiyalardan istifadə etməklə müasir ekoloji təhlükəsiz enerji mənbələrinin aşkarlanıb istifadə edilməsi bəşəriyyət qarşısında həll edilməsi tələb olunan ən vacib problemlərdən biridir. Belə problemlərin həlli istiqamətində təbii ekoloji günəş və külək enerjisindən istifadə və onların müxtəlif enerji mənbələrinə çevrilməsi daha aktualdır.
Ölkələrin inkişaf prosesləri ən səmərəli şəkildə düzgün planlaşdırmadan asılıdır. Zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikası da iqlim müxtəlifliyi və təbii sərvətlər baxımından rəngarəngliyi ilə seçilir. Muxtar respublikada yeni texnologiyalar əsasında yaradılan sənaye müəssisələri, istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının ixrac potensialının artması, müasir energetika infrastrukturunun yaradılması regionun iqtisadiyyatının dinamik inkişafınnın əsasını təşkil edir. Bir zamanlar enerjini idxal hesabına əldə edən muxtar respublika son illər enerji ixracatçısına çevrilmişdir. Ərazinin iqlim şəraiti alternativ və bərpaolunan energidən səmərəli istifadə edilməsinə zəmin yaradır. Hazırda ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78% -dən çoxu muxtar respublikanın payına düşür. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan ümumi tələbatın 65%-dən çoxu alternativ və bərpaolunan energi mənbələri hesabına ödənilir. Təhlillər göstərir ki, elmi nəzəriyyə və təcrübəyə söykənən bu amil inkişaf etmiş Avropa ölkələri üçün çox yüksək göstəricidir.
İlahə Seyidova,
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı