21 Noyabr 2024

NATO Türkiyənin dediyini dedi: İsveç və Finlandiya hansı addımları atacaq?

Vaqif Hüseyn: “İsveç öz təhlükəsizliyi üçün real təhdid hiss etməsə”…

İsveç və Finlandiyanın iyunun 28-30-da Madriddə keçiriləcək zirvə görüşündə NATO-ya üzv olması real görünmür. NATO Baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında çıxış edərkən bu tarixi iki ölkənin NATO üzvlüyünə qəbulu üçün son tarix hesab etmədiyini açıqlayıb. O bildirib ki, Türkiyənin terrorizmlə və digər məsələlərlə bağlı “legitim narahatları” var və bu, ciddi qəbul edilməlidir.

Türkiyə Finlandiya və İsveçi kürd militanlarını dəstəkləməkdə ittiham edir və bildirir ki, öz siyasətlərini dəyişməsələr, iki şimal ölkəsinin NATO-ya üzv olmasını dəstəkləməyəcək.

Stoltenberq vurğulayıb ki, “heç bir NATO dövləti Türkiyə qədər terrorizmdən əziyyət çəkməyib” və diqqəti Türkiyənin İraq və Suriya kimi ölkələrlə sərhədi olan strateji məkanda yerləşdiyinə yönəldib: “Bunlar legitim narahatlıqlardır. Bu, terrorizmlə bağlıdır, silah ixracı ilə bağlıdır. Biz bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab verməliyik. Türkiyənin PKK terrorçu qrupu ilə bağlı narahatlıqları da daxil olmaqla”.

Bunun ardından Finlandiya prezidenti bəyanat verərək deyib ki, İsveçsiz Finlandiya NATO üzvü olmaq iddiasından geri durur. Artıq görünür ki, bu mərhələdə Türkiyə diplomatiyası qalib gəldi. Bəs İsveçə və Finlandiyaya sığınmış, orada mənzillənmiş, möhkəmlənmiş PKK militanları Türkiyəyə təhvil verilə bilərmi? NATO-nun bu istiqamətdə hər iki ölkəyə təsir etməsi realdırmı?

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR

Vaqif Hüseyn

Politoloq Vaqif Hüseynin dediyinə görə, İsveç və Finlandiyanın NATO-ya üzlüyü göründüyü qədər sadə proses deyil: “Xüsusilə Ukraynadakı müharibə fonunda gündəmə gəlməsi onun mürəkkəbliyini daha da artır. İsveç və Finlandiya indiyədək NATO ilə Rusiya arasında bufer zona kimi qəbul edilirdi. Hər iki ölkə əslində Üçüncü Dünya müharibəsindən sonra heç bir alyansa qoşulmurdu. Ukrayna müharibəsi nəticəsində bu iki ölkə NATO-ya üzv olarsa, artıq alyansla Rusiya arasında hər hansı neytral zona qalmayacaq. Rusiya Ukraynanı işğal etsə, yaxud Ukrayna Rusiyanı ərazisindən çıxara bilib NATO-ya daxil olsa, İsveç və Finlandiyanın da alyansa üzvlüyü reallaşsa, bu, Moskva üçün həddindən artıq arzuolunmaz vəziyyət yaradacaq. Zənnimcə, bu həssasiyyəti tək Türkiyə deyil, NATO-nun lider ölkələri də görürlər. Diqqət yetirirsinizsə, İsveç və Finlandiyanın NATO üzvlüyünə hansısa bir eyforiya nəzərə çarpmır, proses bir növ könülsüz aparılır. Çünki vəziyyətin mürəkkəbliyi onlara da məlumdur”.

V.Hüseynə görə, Türkiyənin iki ölkənin NATO üzvlüyü məsələsində tutduğu mövqe haqlıdır: “Bu məsələdə Türkiyə çox haqlıdır. Xüsusilə İsveçə yönəlik iddialarında Türkiyənin haqlı tələbləri çoxdur. Bunlardan ən birincisi ondan irəli gəlir ki, İsveç rəsmi səviyyədə, dövlət olaraq PKK-nın oradakı bütün varlığını dəstəkləyir. İsveçdə çoxsaylı PKK-lılar var, xeylisi Türkiyədən ora mühacirət edənlərdir, orada onlar ciddi şəkildə təşkilatlanıblar. Nəinki təşkilatlanma, hətta geniş iqtisadi fəaliyyət qurmaları üçün İsveçdə onlara hər cür şərait təmin olunub. PKK-nın dağ bölmələri üçün maliyyəni həmin İsveçdəki iqtisadi quruluşlar toplayıb göndərirlər. Vaxtaşırı İsveç şəhərlərində Türkiyə əleyhinə kütləvi təbliğat tədbirləri keçirilir. Və bunların hamısı rəsmi Stokholm tərəfindən müdafiə olunur. İsveçin xarici işlər naziri Anna Linde heç nəyə baxmadan PKK liderlərinin nümayəndələri ilə görüşür. PKK liderləri İsveç parlmentində panellər təşkil edib, Türkiyə əleyhinə çıxışlar edirlər. Bu isə Türkiyə tərəfinin haqlı etirazlarına səbəb olur. Türkiyə İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmaqda tam haqlıdır. Belə bir dövlətlə bir alyansda olmaq mümkün deyil. İsveçin fəaliyyətləri NATO prinsiplərinə də ziddir. Çünki İsveç faktiki olaraqTürkiyənin bölünməsi üçün fəaliyyətləri dəstəkləyir. Belə görünür ki, NATO-da daTürkiyənin narahatlıqları qəbul edilir”.

İsveç və Finlandiya Türkiyənin tələb etdiyi şəxsləri Ankaraya verə bilərmi? V.Hüseyn bildirir ki, əgər NATO üzvlüyü İsveç üçün həyati önəm daşıyacaqsa, bu, baş verə bilər: “Əgər İsveç Rusiya təhlükəsini həqiqi olaraq öz üzərində hiss edəcəksə, dövlətin təhlükəsizliyinə real təhdid yaranacaqsa, o zaman Türkiyənin tələblərini nəzərə alacaq. Ola bilər ki, Ankaranın tələb etdiyi PKK militanlarını da təhvil versin. Hər halda, dövlətin ərazi bütövlüyü, təhlükəsizliyi təhdid olunduğu zaman bu məsələ çox kiçik görünəcək. Əgər İsveç belə təhdid hiss etməyəcəksə, onda Türkiyənin tələblərinə əməl etmək zərurətini də görməyəcək, NATO-ya üzvlükdə də təkid etməyəcək”.

Natiq Cəfərli: “Bu artım bazar qiymətlərinə hec cür adekvat deyil”

Natiq Cəfərli 

Natiq Cəfərli Real Partiyası Aparatının rəhbəri Natiq Cəfərli isə hesab edir ki, Türkiyəni İsveç və Finlandiyanın NATO üzvlüyü məsələsində yola gətirmək üçün başqa bir varianta əl atılıb: “Son həftələr Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib, ilk baxışdan tarixi, strateji qarşıdurma kimi görünsə də, son gərginliyin daha çox taktiki məsələlərin həllinə yönəldiyini düşünürəm. İki NATO ölkəsi bir-biri ilə texniki olaraq müharibə edə bilməz, etməz, burası aydındır, həm də Yunanıstanın özü də Türkiyə ilə real müharibə edə bilməyəcəyini bilir, Türkiyə hərbi anlamda Yunanıstandan çox güclüdür – son gərginliyin əsas hədəfi taktiki məsələdir. Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyü üçün haqlı tələblər irəli sürüb problem yaradır, buna qarşı Türkiyənin qəzəbinə səbəb olacaq addım kimi Yunan adaları hərbiləşdirilir – sonda Türkiyəyə deyəcəklər ki, siz üzvlük məsələsində yumşalın, biz də Yunanıstanın qulağını çəkək, adalardan hərbi infrastrukturu yığışdırsınlar, ya da azaltsınlar”.

Dünya SAKİT,
“Yeni Müsavat”