23 Dekabr 2024

NATO-dan Ukrayna bəyanatı – Rusiya meydanda tək qalır…

Son günlər dünya mediasının gündəmində olan məsələlərdən biri də Rusiya ilə Ukrayna arasındakı gərginlikdir. Hər keçən gün iki ölkə arasında münasibətlərdəki narazılıq dərinləşir, müharibə ehtimalı artır.

Aprelin 10-da Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etməsi, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməsi, əldə olunan bir sıra razılıqlar da məsələyə müxtəlif çalarlar verib.

NATO artıq mövqeyini açıqlayıb və Ukraynanı Rusiya ilə tək qoymayacağını bildirib.

Bəs bu dəstək hansı formada olacaq? NATO Türkiyədəki boğazlardan keçərək, Ukraynaya hərbi gəmilər yollaya biləcəkmi? Buna Rusiya-Türkiyə müttəfiqliyi imkan verirmi?

Həmçinin bu boğazlar 1936-cı ildə bağlanan Montre sazişi ilə idarə edilir, həmin anlaşmaya görə ABŞ, NATO öz müttəfiqlərinə hərbi yardım göstərə bilərmi? İndiyədək necə olub? 2008-ci ildə Rusiya Gürcüstan, 2014-cü ildə Ukrayna ərazilərinə təcavüz edəndə NATO bu ölkələrə kömək edə bilmişdimi? 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Ukraynanın meydanda tək qalmayacağını düşünür: “Rusiya və Ukrayna qarşıdurmasında NATO, xüsusilə ABŞ Ukraynanı tək qoymayacaq. Baydenin seçilməsindən sonra bu məsələdə əminlik daha da artır. Hazırkı ABŞ Administrasiyası xarici siyasətində ön plana Rusiya ilə məsələnin birdəfəlik həllini qoyub. Bu məqsədinə çatmaq üçün Rusiyanın buraxacağı hər hansı səhvdən, yaxud verəcəyi istənilən əsasdan maksimum yararlanmağa çalışacaq. Rusiya da bunu yaxşı anlayır. Kənardan nə qədər aqressiv görünsə də, istənilən vaxt hərbi əməliyyatlara başlaya bilməsi ilə bağlı görüntülər yaratsa da Kreml regionda hadisələrin qaynar fazaya keçməsindən uduzacağını yaxşı bilir. Buna rəğmən hazırkı siyasətinə aqressiv notlar əlavə etməklə ABŞ-ı qorxutmağa çalışır. Amma hesab edirəm ki, vəziyyət Moskvanın düşündüyü kimi, olmaya bilər. Göründüyü kimi prezident Zelenski Ukraynanın ərazi bütövlüyünün bərpası ilə bağlı fəaliyyətini son aylarda daha inamlı və daha ardıcıl aparmağa başlayıb. Bu da ABŞ-ın son aylarda Rusiya ilə bağlı siyasətinin kəskinləşməsindən sonra yaranan arxayınlıqla bağlıdır. Maraqlı tərəfi odur ki, ABŞ-ın etirazlarına rəğmən son illər Rusiya ilə strateji əməkdaşlıq edən Türkiyənin də açıq şəkildə bu prosesə qoşulacağı gözlənilir. Bir neçə gün öncə Zelenskinin Türkiyəyə rəsmi səfəri çərçivəsində prezident Ərdoğanla görüşü və bu görüşdə bildiyimiz və bilmədiyimiz müzakirələr çox hadisələrdən xəbər verir.

Səməd Seyidov da satılıbsa, günahını boynuna alıb, istefa verməlidir"-Elşən  Mustafayev - YouTube

Elşən Mustafayev: “Vəziyyət Moskvanın düşündüyü kimi olmaya bilər”

Təsadüfi deyil ki, məhz bu səfərdən sonra Rusiya pandemiyanın güclənməsi səbəbi ilə Türkiyəyə bütün reysləri dayandırdı. Hesab edirəm ki, pandemiya səbəb olaraq bəhanədir. Əsas məqsəd Türkiyəni son zamanlar tutduğu mövqeyə görə iqtisadi cəza kəsəcəyi ilə şantaj etməkdir. Çünki Rusiya bu addımı ilə milyonlarla rusiyalı turistin Türkiyəyə getməsinin və milyardlarla vəsait xərclənməsinin qarşısını almaqla iqtisadi təzyiq edəcəyini düşünür. Lakin hadisələrin inkişafı başqa reallıqlara gətirib çıxara bilər. Yuxarıda dediyim kimi, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayarsa, NATO buna dərhal reaksiya verəcək. Artıq NATO dəhlizlərində Qara dənizə hərbi gəmilərin göndəriləcəyi ilə bağlı söhbətlər dolaşır. Bunu dolayısı ilə hərbi təlimlər adı altında da, birbaşa Ukrayna hökumətinin müraciəti ilə də edə bilərlər. Hərbi gəmilərin İstanbulda boğazdan keçməsinə isə heç bir problem yoxdur. Birincisi, Türkiyə buna razılıq verəcək, ikincisi, Montre razılaşmasına görə, həm hərbi təlimlər üçün, həm də hansısa dövlətin rəsmi dəvəti əsasında boğazdan keçməsi üçün heç bir məhdudiyyət yoxdur. Rusiyanın olduğu situasiyada isə ümumiyyətlə, etiraz etməsinin əhəmiyyəti olmayacaq. Onsuz da çoxdandır ki, Montre razılaşmasının yenilənməsi ilə bağlı söhbətlər ortada var. Ən əsası demək istəyirəm ki, hadisələr nə 2008-ci ildə Gürcüstandakı vəziyyətə, nə də 2014-cü ildə Ukraynadakı vəziyyətə bənzəyir. Ümumiyyətlə, dünya həmin illərdəki dünya deyil. Bütün bunlar ortada var ikən Zelenski indiyədək olmamış hazırkı sərfəli vəziyyətdən maksimum istifadə etməklə ABŞ və NATO-nun yardımı ilə ərazi bütövlüyünü bərpa etməyə çalışacaq. Əks halda, qarşıdakı seçkilərdə yenidən qalib olması sual altında qalacaq”.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə: “Ukraynanı Rusiya ilə kəskin müharibə gözləyir”

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya ilə Ukrayna arasındakı hərbi gərginlik təkcə bu iki ölkə arasında deyil: “Bunu ABŞ başda olmaqla, NATO və Rusiya arasında gərginlik kimi də xarakterizə etmək olar. Hazırkı prosesə biz diqqət etsək, Donbasda müharibə başlayacaqsa, bu, 2014-cü il müharibəsindən fərqli olacaq. Çünki Ukrayna silahlı qüvvələri güclənib və Donbası öz nəzarətinə almaq gücündədir. Buna da Rusiya razı olmayacaq və konkret elan edib ki, hərbi müdaxilədən çəkinməyəcək. Təbii ki, belə olduqda Ukraynanı Rusiya ilə kəskin müharibə gözləyə bilər. Bundan əlavə, Avropa Birliyi və NATO da Rusiyanın cəzalanması və beynəlxalq sistemdə rolunun zəifləməsi üçün məhz bu konfliktdən istifadə etməyi planlaşdırır. Bir sözlə, iki tərəf arasında burada güc nümayişi və bunun real hərbi toqquşmaya gətirib çıxaracağı mümkündür. ABŞ və NATO artıq öz ordularını Ukrayna ətrafında cəmləyib. Bunun da əsas məqsədi Rusiya Donbasda müharibə başlayacağı təqdirdə Rusiyanı Ukraynaya qarşı hərbi müdaxilədən çəkindirməkdir. Əgər Rusiya Ukraynanın Donbasa hücumuna qarışmasa, ABŞ və NATO da Ukraynaya kömək etməyəcək. Çünki bu illər ərzində kifayət qədər ordunu gücləndiriblər. Amma müharibədə Rusiya qarışsa, ABŞ və NATO Ukraynanı müasir silahlarla təmin edəcək. Hətta gəmilərdən Donbasa raketlər də atılması mümkündür. Bu, artıq NATO və Rusiya savaşı demək olar. Montre razılaşmasına baxmayaraq ABŞ və NATO gəmiləri 21 gün ərzində, artıq da Qara dənizdə qala bilər. Çünki, burada bir ölkənin taleyi və geopolitik savaş var. Hazırda boğazlardan ABŞ hərbi gəmiləri keçir. Bu, 21 gün ərzində qalmaq şərtləri ilədir. Rusiya və Türkiyə arasında biz strateji əməkdaşlığı nəzərə alsaq, Rusiyanın kəskin mövqeyi olmayacaq. Onsuzda Rusiya Türkiyəyə xəbərdarlıq edib. Türkiyəyə uçuşları dayandırıb. Müəyyən sahədə Türkiyə ilə konflikt ola bilər. Amma Rusiya Türkiyə ilə əlaqələri dayandırmayacaq. Bu, Rusiyanın da maraqlarına cavab vermir. 2014-cü il müharibəsində Qərb yetərli dəstək vermədi. Amma indiki məqamda Qərb, ABŞ və NATO Ukraynaya dəstək verməsə, bu, Rusiyanın əl-qolunu açacaq və Avropa üçün daha da problemlər yaradacaq. Ona görə də ABŞ və NATO Ukraynaya bu savaşda dəstək verməyə Rusiyanın aqressiv siyasətinin qarşısını alır və bir növ özlərinə qarşı təhdidləri qabaqlayır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”