Müstəqilliyi qoruyub saxlamaq, onu əldə etmək qədər çətindir.
Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.
XX əsrin sonunda keçmiş SSRİ – nin süquta uğraması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etmiş oldu. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 33 il ötür. 1991-ci il avqustun 30 – da Azərbaycanı müstəqilliyə aparan yolda ilk rəsmi sənəd qəbul edildi . Xalqın tələbi ilə çağırılmış Azərbaycan Respublikası Ali Sovetinin həmin günkü növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun davamı olaraq Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə bəyənilmişdir. Azərbaycan XX əsrin əvvəllərində yaranmış müstəqil dövlətçiliyini ikinci dəfə yenidən bərpa etmişdir.
1918-ci ilin 28 mayında Azərbaycan xalqı şərqdə ilk demokratik,parlamentli respublika yaratmaqla dünyanın mədəni xalqlarından biri olduğunu sübut etmişdir. Təəssüflər olsun ki, Azərbaycan xalqının iradəsnə söykənən milli hökumətin ömrü çox da uzun olmamış, cəmi 23 ay mövcud olmuşdur. 1920-ci ilin 28 Aprelində Rus imperiyasının işğalına məruz qaldığından süquta uğramışdır. Bununlada Azərbaycan tarixinin yeni mərhələsi başlamış, Sovet İttifaqının tərkibində dövlət olmuşdur. Çətin və faciəli hadisələrlə üzləşməsinə baxmayaraq xalqımız məğrurluğunu qoruyub saxlaya bilmiş, mill kimliyinə sadiq qalmışdır. Azad olmaq , müstəqil yaşamaq arzusu isə daim hər kəsin qəlbində yaşamış,unudulmamışdır.Nəhayət 1988-ci ildə Ermənilərin azərbaycanlıların əzəli və əbədi torpağı olan Qarabağda başlatdıqları separatçı hərəkətlərinə SSRİ rəhbərliyinin göz yumması, ermənipərəst mövqe göstərmələri Azərbaycan xalqının hiddətinə səbəb olmuş, vətənin azadlığı,ərazi bütövlüyü uğrunda mübarizəyə sövq etmişdir. Sonunda həmin proseslər SSRİ-nin parçlanmasına gətirib çıxarmış, belə respublikalardan biri də Azərbaycan olmuşdur ki, özünün müstəqillik bəyənnaməsini elan etmişdir.
Həmin illərdə Azərbaycan üçün çətin ictimai –siyasi şərait hökm sürürdü. Həm daxili ictimai-siyasi sabitlik pozulmuş, həm də bədxah qonşu Ermənistan Respublikasının ölkəmizə qarşı başladığı elan olunmamış müharibə üzündən müstəqilliyin çətin günlərindən idi. Bir sözlə görüləsi işlər olduqca çox idi. İlkin olaraq əsas görülməli işlərdən birincisi diplomatik əlaqələrin genişləndirilməsi, müstəqil Azərbaycan dövlətinin tanınmasına nail olmaq, dünya dövlətləri ilə qarşılıqlı münasibətlərin qurulmasını təmin etməkdən ibarət idi. Beləliklə , Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən yanaşı, həm də Azərbaycan xalqının istiqlaliyyət arzusu və müstəqillik uğrunda aparılan mübarizə nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.
Müstəqilliyi qoruyub saxlamaq, onu əldə etmək qədər çətindir. Müstəqillik Aktının qəbulundan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.
Həmin o çətin günlərdə Xalq xilaskarını axtarırdı. Bu missiyanın həyata keçirə bilən yeganə şəxsiyyət isə Ümummilli liderimiz Heydər Əliyev idi. Xalq özünün müdrik, səriştəli böyük oğluna inanır, ölkəmizi üzləşdiyi fəlakətdən xilas edə biləcək lider Heydər Əliyevin şəxsində görürdü.Beləliklə, Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Demokratik dəyərlər dövlət siyasətinin mahiyyətini müəyyən edən əsas meyarlardan biri kimi müəyyən olundu.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur.
Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. İndi dünya Azərbaycanın artan nüfuzu ilə hesablaşmaq məcburiyyətindədir. Ölkəmiz Cənubi Qafqazın ən güclü ordusuna sahibdir.
Bir il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bütün dünya Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
2024-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Bu günlərdə Azərbaycanın beynəlxalq əhəmiyyətli ekoloji əhəmiyyətli COP 29 tədbirinə ev sahibliyi etməsi bir daha inkişafın, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım deməkdir. Dünyanın 170 ölkəsindən nüfuzlu dövlət adamlarının COP 29 tədbirində iştirakı hər bir kəs tərəfində sevinclə qarşılanır, eyni zamanda ölkəmizin qlobal problemlərə münasibətdə fəal mövqeyini əks etdirir.
Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri