22 Dekabr 2024

MÜSTƏQİLLİK İDEYALARI TARİXİ İRSİMİZİN ƏN PARLAQ SƏHİFƏSİDİR! – Komitə sədrinin məqaləsi

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bu gün müstəqilliyimizin bərpası günüdür. Müasir Azərbaycanın müstəqillik tarixinin qızıl səhifəsi olan bu tarix ümummili lider Heydər Əliyev şəxsiyyəti ilə o qədər ehtiva olunmuşdur ki, bu iki dəyəri bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

Müstəqlllik ideyalarının carçısı olan Heydər Əliyev Azərbaycanın tarixi irsinə sevgi bəsləyirdi. O, hələ Naxçıvana rəhbərlik etdiyi, SSRİ-nin mövcud olduğu bir vaxtda ilk fürsətdə öz arzularını gerçəkləşdirdi. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanıldı. 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edildi. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərar qəbul edildikdən sonra yeni qəbul olunmuş dövlət bayrağı zala gətirildi və Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi.

Heydər Əliyev bu hadisəni belə xatırlayırdı: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Məhz bu fəaliyyətin nəticəsi idi ki, Azərbaycan xalqının istəyinə uyğun olaraq 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Tarixi sənədin 2-ci maddəsində deyilir: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”

Heydər Əliyev: “Biz müstəqlliyə nail olmasaq tarix və gələcək nəsillər bizi bağişlamayaqcaq” 

Heydər Əliyevin parlamentdəki ilk çıxışı müstəqllilk tariximizin ideoloji aspektlərini öyrənmək baxımından ən vacib tərkib hissəsidir. Heydər Əliyevin bu çıxışı 7 mart 1991-ci il tarixdə yeni ittifaq müqaviləsinə qoşulmaq məsələsi müzakirə edildiyi zamana təsadüf edir. Həmin vaxt parlament ideoloji baxımdan iki cəbhəyə bölünmüşdü. Bir qisim Azərbaycanın ittifaqdan ayrılıb müstəqil, azad bir dövlət kimi yaşamasının tərəfdarı idi. Digər qisim isə Azərbaycanın ittifaq tərkibində qalmasına tərəfdar idi. Müstəqillik tərəfdarları Azərbaycan xalqının azadlıq istəyinin carçıları idi.

Bu siyasətçilərin önündə gələn Heydər Əliyev idi. Ulu Öndər parlamentdəki çıxışında SSRİ-nin siyasi-fəlsəfi mahiyyətini açaraq praktik nümunələr gətirməklə onun imperiya olduğunu bildirir və yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirdi.

“Bir sözlə, mən yeni ittifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O, öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir”, – deyə Ulu Öndər bildirmişdir.

Heydər Əliyev parlamentdəki ilk çıxışında ideoloji məsələyə özünün sərt və açıq münasibətini ifadə etmişdi. Ulu Öndər bu fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolunu tutmasına, aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. O qeyd edirdi: “Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?” Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanırdı. O, özünü Xalq Cümhuriyyətinin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə çağırır. O, 28 müstəqllik tariximiz olduğu kimi 28 apreli də işğal faktı kimi qiymətləndirməyi zəruri hesab edir.

Heydər Əliyevin parlamentdəki bu çıxışından sonra Azərbaycanın müstəqillik tərəfdarı olan gənclərinin böyük liderin ətrafında birləşməsinə təkan verdi. Biz gənclərə Heydər Əliyevi sevdirən də məhz onun müstəqllik ideyalarının daşıyıcısı və bayaraqdarı olması idi. Heydər Əliyevin müstəqillik düşüncəsi tarixi şüura əsaslanır. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontekstində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: “Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik”.

Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.

Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: “XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı”.

Azərbaycanın siyasi irsinə münasibətdə Prezident İlham Əliyev düşüncəsi də siyasi varisi olduğu liderlə eynilik təşkil etdiyi üçün tarixi şüura söykənir. Dövlətimizin başçısı Azərbaycanın dövlətçilik ənənələrini yüksək qiymətləndirir. O, bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində ideoloji konsepsiya irəli sürürdü. Bu konsepsiya azərbaycançılıq ideologiyası idi. Heydər Əliyevin yaratdığı konsepsiya tarixi şüura əsaslanırdı. Odur ki, yeni konsepsiya tarixi varislik və yeni siyasi şərait kontekstində qiymətləndirilməlidir. Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakılar təşkil edirdi:

1) Dövlət müstəqilliyi;

2) Demokratiya, siyasi plüralizm, şəffaflıq;

3) Hüququn aliliyi;

4) Sosial ədalət.

Heydər Əliyev hər bir çıxışında tarixi məsuliyyəti dərk etməyə, azadlıq və istiqlaliyyətimizin əldə olunmasında bütün gücümüzü səfərbər etməyə çaığırırdı: “Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm”.

Tarix sübut edir ki, yalnız güclü dövlətçilik ənənələrinə malik ölkələr öz gələcək mövcudluğunu təmin və inkişaf edə bilirlər. Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ulu Öndərin Azərbaycan tarixində gələcək nəsillər üçün ən böyük xidməti, heç şübhəsiz ki, Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoymasıdır. Məhz Ulu Öndərin siyasətdə uzaqgörənliyi, ölkənin gələcək inkişaf perspektivlərindən dolayı qayğıları onunla nəticələnmişdir ki, Azərbaycan bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən, dünyanın siyasət aləmində öz dəst-xətti, xarizması, dövlətçilik ənənələrini dərindən bilən, idarəetmə sistemini kamil surətdə mənimsəmiş güclü dövlət başçısının – İlham Əliyevin rəhbərliyi ilə öz parlaq dövrünü yaşayır.

Dövlətçilikdə məsuliyyət anlayışı xüsusi kateqoriyadır və həyati önəm daşıyır. Dövləti idarə edən rəhbərin məsuliyyəti isə millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada siyasi məsuliyyətin ancaq ağıldan və zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərrə qədər incəliyi ilə tanış olmaq da mümkün deyil. Yəni siyasət – bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı kimi qoruyan siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edən siyasi liderimiz olub. İlham Əliyev də məhz bu cür xarakterik xüsusiyyətlərə malik olan Heydər Əliyevin ailəsində dünyaya göz açıb və böyüyüb. Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamasıdır. Ulu Öndər 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

“Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli mənəvi prinsipləri əsasında tərbiyə etmək lazımdır”. Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamına Mehriban xanım Əliyeva öz əməli fəaliyyəti ilə cavab verir. Xeyirxahlıq və xoşməramlı niyyətlərin mücəssəməsi olan birinci xanımın adı və fəaliyyəti cəmiyyətimizə örnəkdir. Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbirlər bu nəcib əməllər sahibinin şəxsiyyətinin böyüklüyündən, xoş-niyyətli, tükənməz imkanlarından xəbər verir.

Cənab İlham Əliyev siyasi irsi yüksək qiymətləndirməklə, Ümummilli Lider Heydər Əliyevin siyasi varislik fəlsəfəsinə hörmətlə yanaşmaqla gələcək nəsillər üçün gözəl nümunə yaradır. İlham Əliyev deyir: “Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq”.

Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, peşəcə tarixçi diplomat olan cənab İlham Əliyev demişdir. “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq… Azərbaycanda bu siyasətin alternativi yoxdur”.

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün daha böyük tarixi missiyanı yerinə yetirmişdir. Tarixi varislik məslələrinə daima həssaslıqla yanaşan Prezident İlham Əliyev tarixi və siaysi baxımdan mühüm əhəmiyyət daşıyan 15 oktyabr 2021-ci il tarixində Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq etmişdir. Qanunda deyilir: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir”.

Beləliklə, adıçəkilən qanunla tarixi hadisələrə bir daha düzgün siyasi qiymət verilmişdir. Müstəqllik və suverenlik Azərbaycan xalqının ən böyük arzusu idi. Bu arzularaın gerçəkləşməsi müasir Azərbaycanın qurucu lideri Heydər Əliyev və iki yüz illik təslimiyyətçilik sindiromuna son qoymuş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş , Müzəffər Ali Baş Komandan ünvanı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimiz əbədi olsun! Tanrı Azərbaycanı qorusun!