Müstəqil Azərbaycanın inkişafında önəmli tarix
12 noyabr – Bu tarix dövlətimizin, xalqımızın həyatında əlamətdar gün kimi qeyd olunur. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib, lakin noyabrın 27-də qüvvəyə minib. Artıq 27 ildir ki, ölkəmiz noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
ycanın müstəqillikdən öncə də konstitusiyası olsa da, bu SSRİ konstitusiyasına uyğun gəlirdi. Bu səbəbdən dövlətimiz müstəqillik əldə etdikdən sonra yeni konstitusiya hazırlanması zərurəti meydana çıxdı. Məhz buna görə, 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası fəaliyyətə başladı. 1995- ci il 12 noyabrda yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1996-cı il fevralın 6-da Ulu Öndərimiz Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i konstitusiya günü elan edildi. Yeni konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair. Konstitusiyamız bütün cəmiyyətin və hər kəsin firavanlığını istəyərək ədalətin, azadlığın, təhlükəsizliyin bərqərar edilməsini əsas tutaraq indiki və gələcək nəsillərin qarşısında məsuliyyətini anlayaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Bu isə Konstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri islahatların həyata keçirilməsinə rəvac vermişdir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə irimiqyaslı dəyişikliklər baş verib: birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşıb və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilib; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşıb; dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu – bələdiyyə orqanları yaradılıb və fəaliyyətə başlayıb. Müstəqil Azərbaycanın qəbul edilmiş yeni konstitusiyası dövlətimizin həm iqtisadi, həm siyasi cəhətdən inkişafında mühüm rol oynayır. Çünki konstitusiyamızda qəbul edilmiş qanunlar, yazılmış maddələr sırf insanların hüquqlarının müdafiəsinə, onun sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir və hər bir uğurlu gələcəyin mənbəyində sağlam cəmiyyət, nizam-intizamlı dövlət dayanır. Bu gün Azərbaycanda qəbul edilmiş qanunlar nizamlı şəkildə icra edilir. Dövlətimizin uğurlu gələcəyinə, və onun inkişafına etibarlı zəmin yaradır.
Gülnarə Əliyeva – Bərdə rayon A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin direktoru