01 İyul 2025

Musa Mursaquliyev: Bu torpaqların sahibləri bizik

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir.

Prezident İlham Əliyev Kəlbəcərin baş planı haqqında deyib ki, nəzərdə tutulduğuna görə, şəhər təbiətə sıx inteqrasiya oluna­caq. Baş plan məhz bu təbii gözəlliyi ehtiva edir. “Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edil­sin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsi­ya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”. Bütövlükdə, Kəlbəcərin inki­şaf konsepsiyası onun əsrarəngiz bölgəyə çevrilməsini təmin edəcək.

Dövlət başçısı bu rayonda hərtərəfli iş görüldüyünü diqqətə çatdıraraq bildirib ki, buraya infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər daxildir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalayıb qurtarmaq mümkün deyil. Bu isə o deməkdir ki, biz bu torpaqların əsl sahibləriyik. Tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir.

Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq.

Musa Mursaquliyev

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru