Münasibətlər yüksələn xətlə inkişaf edir
Prezident İlham Əliyev 24 oktyabr tarixində Gürcüstan Respublikasına işgüzar səfər edib. Cənab Prezident səfəri zamanı Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxış ediblər. Dövlətimizin başçısı çıxış edərək, Gürcüstanın baş naziri ilə görüşlərinin tez-tez keçirildiyini, eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də daimi görüşdüklərini, bu dəfəki səfərinin də Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə təkan verəcəyinə əminliyini ifadə etdi.
Strateji tərəfdaşlıq əlaqələrimizin demək olar ki, müttəfiqlik səviyyəsinə qalxdığını, həm beynəlxalq təşkilatlar səviyyəsində, həm də ikitərəfli formatda bir-birimizi dəstəklədiyimizi, bir çox önəmli layihələrin təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığını cənab Prezident qeyd etdi. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsinin bir milyard dollara yaxınlaşdığını, ölkəmizin Gürcüstana üç milyard dollardan çox sərmayə qoyduğunu və bu sərmayənin hər iki tərəfin maraqlarına cavab verdiyi üçün qarşılıqlı faydalı sərmayə olduğunu da vurğuladı.
Enerji siyasətinə toxunan Prezident İlham Əliyev baş nazir İrakli Qaribaşvili ilə yeni layihələr haqqında düşündüklərini, qaz ixracının, həmçinin, Bakı-Tbilisi-Ceyhan kəməri ilə də neft ixracının artırılacağını, bundan əlavə, Bakı-Supsa neft kəmərindən də istifadə etmək istədiklərini, buna da böyük ehtiyac və potensialın olduğunu qeyd etdi. Azərbaycanın elektrik enerjisini dünya bazarlarına ixrac yolunun Gürcüstandan keçdiyini və Gürcüstanla enerji sahəsində də əməkdaşlıq etmək istədiyimizi bildirdi. Cənab Prezident, həmçinin, nəqliyyat, logistika, ticarət sahəsində də sıx əməkdaşlığımızın olduğunu, ölkələrimiz arasında yükdaşımaların həcminin bu il 75 faiz artığını bəyan etdi.
Azərbaycan və Gürcüstan arasında hərtərəfli münasibətlər müttəfiqlik və dostluq müstəvisində yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələrin inkişafında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri də mühüm yer tutur. Prezident İlham Əliyevin Gürcüstan Respublikasına bu dəfəki səfəri də ikitərəfli əməkdaşlığın, yeni layihələrin həyata keçirilməsində müstəsna rola malikdir. Hər iki ölkə regionda sülhün təmin edilməsinə, yeni layihələrin həyata keçirilməsinə, hərtərəfli inkişafa nail olunmasına tərəfdardır.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı