23 Dekabr 2024

Müdafiə nazirləri arasında birbaşa rabitə anlaşmasının sirri: Paşinyandan sensasion hazırlıq

Ermənistanın rəhbəri Azərbaycan Prezidentinin qərarını qiymətləndirdiyini açıqladı, İrəvan iki ölkənin müdafiə nazirləri səviyyəsində sülh danışıqlarına qədər Rusiyanın iştirakı olmadan ilkin razılaşma əldə edilməsini istəyir, əks təqdirdə, növbəti müharibə başlaya bilər – politoloq və hərbi ekspertdən rəylər

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəlməsi Rusiyanın ürəyincə olmaya bilər. Çünki bu təşəbbüsün Qərbin istəyi ilə gerçəkləşdiyi ehtimal olunur. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Avropa İttifaqı (Aİ) Şurasının yaydığı məlumatda sözügedən razılaşmanın qeyd edilməsi bu mülahizələrə yol açır. Təhlilçilərin fikrincə, Qərb cəbhəsi Rusiyanın vasitəçilik missiyasını əlindən almaq üçün bu səyləri artırır. Elə noyabrın 16-da baş vermiş bir günlük müharibənin Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarına zəng etdikdən sonra dayanması göstərdi ki, Kreml aparıcı rola malikdir. Ona görə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin birbaşa rabitə əlaqəsi qurması üçün razılaşma əldə edildiyi bildirilir. 

Bununla bağlı Paşinyan deyib ki, Ermənistan və Azərbaycan müdafiə nazirlikləri arasında operativ əlaqə yaradılır: “İnsidentlərin qarşısını almaq məqsədilə Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında operativ əlaqənin təşkili məsələsi müzakirə olunur. Bu əlaqə beynəlxalq vasitəçiliyin köməyi ilə formalaşır. Ermənistanın müdafiə nazirinə bu kommunikasiyadan fəal istifadə etməsi, atəşkəs rejiminin pozulması halları barədə azərbaycanlı həmkarı ilə informasiya mübadiləsi həyata keçirməsi tapşırılıb. Əvvəllər Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında bu cür təmas heç zaman olmayıb. Bu ilk dəfədir. Əlaqə yaradılıb və mən Azərbaycan Prezidentinin bu qərarını qiymətləndirirəm. Bu operativ əlaqənin nə dərəcədə səmərəli olacağını zaman göstərəcək”.

Ermənistan liderinin sözündən belə çıxır ki, bu operativ əlaqənin yaranmasına İ.Əliyev razılıq verib. Paşinyanın Əliyevin qərarını qiymətləndirdiyini söyləməsi də belə düşünməyə əsas verir. Amma müdafiə nazirləri arasında əlaqə beynəlxalq vasitəçiliyin köməyi ilə formalaşacaq. Paşinyan beynəlxalq vasitəçilik deyərkən Avropanı, yoxsa Rusiyanı nəzərdə tutur? Hazırda Ermənistanın müdafiə naziri olan Suren Papikyanın mülki bir şəxs olması da xüsusi diqqət çəkir. Görünür, Paşinyan hərbi mafiyaya aid olmayan, generalitetin təsirindən uzaq bir şəxsi MN-ə gətirməklə sərhəddə konfliktlərin qarşısını almaqda maraqlıdır.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a qeyd etdi ki, birbaşa rabitə münaqişəli ölkələrdə sınaqdan çıxarılmış təcrübədir. Onun sözlərinə görə, “soyuq müharibə” dövründə Amerika ilə SSRİ-nin o vaxtkı baş katibləri arasnda birbaşa rabitə yaradılırdı: “Sonra Qorbaçovla Vaşinqton arasında belə rabitə xətti olmuşdu. Ona görə indi Ermənistan-Azərbaycan arasında hərbi qarşıdurmanın, eskalasiyanın yaranması ərəfəsində tərəflərin bir-biri ilə fikir mübadiləsi aparmaq üçün bu rabitə həyata keçirilə bilər. Bunun müdafiə nazirləri səviyyəsində olmasını təbii qarşlamaq lazımdır. Amma ideyanı Avropa İttifaqı irəli sürüb və Azərbaycan da razılıq verib”.

Q.Hüseynli güman etmir ki, Aİ-nın bu istəyinin reallaşmasında Rusiyanın mövqeyini zəiflətmək elementi var: “Rusiyanın kifayət qədər resursları var və hər cür məlumatla təmin edilir. Məncə, Moskva Avropanın bu məsələdə təşəbbüskarlığından narazı qalmayacaq. Kremli narahat edən əsas məsələ nizamlama prosesini Qərbin ələ almasıdır, ona görə Brüssel görüşündən əvvələ Soçidə görüş təşkil edir. Rusiya Cənubi Qafqaza Qərbi yaxın buraxmaq istəmir və moderatorluq səlahiyyətlərini əldən verən deyil. O baxımdan Zəngəzur dəhlizində tikiləcək şosse yolu üçün Rusiyanın tələsdiyini görmək olar, artıq Moskva bölgəyə tikinti materiallarını daşıdığını nümayiş etdirir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Rusiyanın münaqişənin həlli ilə bağlı canfəşanlığı Abdulla Şaiqin məşhur təmsilini xatırladır: “Azərbaycan və Ermənistan uzun illərdir ki, müharibə şəraitindədir. Bunun bir dövrü aktiv fazada olub, bir dönəmi müharibə ilə yadda qalıb, 2020-ci ildə 44 günlük müharibədə isə tərəflər gücünü nümayiş etdirdilər. Bu gün Azərbaycan dövləti Ermənistanla olan münaqişədə diktə edən tərəfdir və sülh danışıqlarına doğru proses getməkdədir. Təbii olaraq, bu ərəfədə vasitəçilərin ortaya çıxdığını müşahidə edirik. Əlbəttə, Rusiyanın əməliyyatların dayandırılmasında rolu danılmazdır, lakin Azərbaycan üçtərəfli razılaşmada mövqeyini möhkəmləndirdi”.

Hərbi ekspert hesab edir ki, ötən dövr ərzində Rusiya bütün imkanlardan istifadə edərək vəziyyətdən mənfəət götürməyə çalışıb: “Əvvəlcə Qarabağda öz hərbi kontingentini yerləşdirdi, erməniləri müdafiə və mühafizə etmək üçü tədbirlər həyata keçirdi, Ermənistanda itirməkdə olduğu nüfuzunu bərpa etməyə çalışdı. İndi də Bakı və İrəvan danışıqlara hazır olduğunu bəyan edir, amma yenə meydana Moskva çıxır, vasitəçilik missiyasını təqdim etməyə çalışır. Ermənistan Rusiyanın vasitəçiliyindən narazıdır, bunun zərərli olacağını bildikləri üçün Moskvanın roluna üstünlük vermir. Ona görə dekabrın 15-də Brüsseldə ikitərəfli danışıqlar aparılmasına razılıq əldə edildi. Ancaq yenə Rusiya qabağa düşərək Soçi görüşünü təşkil etdi. Bununla belə, Paşinyan müdafiə nazirləri səviyyəsində sülh danışıqlarına qədər ilkin razılaşma əldə edilməsini istəyir. Bu müharibənin həllinin yeganə yolu Rusiyanın vasitəçiliyi olmadan danışıqlar aparılmasıdır. Çünki Qarabağdakı rus hərbçilərinin sülhməramlı missiyanı həyata keçirməsi üçün mandat tələb olunacaq”.

R.Məmmədli bildirdi ki, üstəgəl, Rusiya Qarabağdakı ermənilərdən Azərbaycana qarşı təzyiq elementi kimi istifadə edə bilər: “Odur ki, görüş neytral ərazidə olmalıdır, sonda sülh müqaviləsi imzalanmalıdır. Əks təqdirdə, müharibənin növbəti fazasının başlanacağı ehtimalı gözləniləndir. Rusiyanın Cənubi Qafqazdan çıxarılması üçün Azərbaycan-Ermənistan arasında dərin danışıqlar aparılmalıdır”.