22 Dekabr 2024

Möhtərəm prezidentimizin komandanlığı ilə müharibəyə başladıq və qələbəyə nail olduq

Qarşıdan əlamətdar “Zəfər günü”  gəlir. Xalqımızın  şərəfli tarixininə çevrilən “zəfər günü”-Bu gün həm də  milli qürurumuzun  dirçəlişi deməkdir.

1988-ci ildən başlayan Qarabağ münaqişəsi erməni separatçılarının təxribatları sayəsində genişlənərək müharibəyə çevrilmiş, minlərlə soydaşımızın həyatına son qoyulmuşdur. Böyük dövlətlərdən dəstək alan Ermənistan özünün işğalçılıq planlarını həyata keçirərək, tarix qarşısında bəşəri cinayətlər törətməklə torpaqlarımızın xeyli hissəsini ələ keçirmiş, uzun illər danışıqlar aparılmasına baxmayaraq təcavüzkar niyyətlərindən əl çəkməmiş, yeni –yeni torpaqlar qəsb etmək bəyanatları ilə ölkəmizi daim təhdid etmişdilər.

Beynəlxalq hüququn prinsipləri, beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymayan Ermənistan bölgədə  daim sülhün bərqərar olmasına mane olmuşdur. Azərbaycan torpaqları 1993-cü ildə Ermənistan Respublikasının işğalına məruz qalarkən BMT-nin kürsüsündən ədalətin bərpa olunması adına 4 qətnamə çıxarılmış, onlardan heç birinə əməl olunmamış,kağız üzərində qalmışdır. Dünya Beynəlxalq hüququn ən ali sənədlərinin yerinə yetirilməsi, icra mexanizminin yaradılması üçün demək olar ki, heç nə etmədi. 822,853,874,884 saylı qətnamələri uzun illər kağız üzərində qaldı. Bu da öz növbəsində dünyanın bizim üçün ədalət tərəzisinin işləmədiyini, ikili standartların bir daha mövcudluğunu göstərmiş oldu.

Ümummilli lider Heydər Əliyevin apardığı xarici siyasət sayəsində  dünya dövlətləri Azərbaycanın yaratdığı reallıqları gecdə olsa qəbul etməyə başladı. Ölkəmizin qarşıya qoyduğu neft strategiysı , artan iqtisadi nüfuzu getdikcə dünya dövlətləri tərəfindən qəbul olunmağa başlayırdı. Azərbaycanın həyata keçirdiyi xarici siyasət strategiyası dost dövlətlərin sayının çoxalması demək idi. Bu da öz növbəsində Azərbaycanın Beynəlxalq təşkilatların yüksək tribunalarından haqq səsini dünyaya duyurmağa imkan verirdi. Beləliklə, xarici siyasətin uğurlu təşkili diplomatiya cəbhəsində Azərbaycanın davamlı qələbələrini təmin etmiş olurdu.ATƏT ölkələrinin  1994-cü ildə keçirilən Budapeşt sammitində,  1996-cı il dekabrın 2-3-də baş tutan  Lissabon (Portuqaliya) sammitində bir-birinin ardınca Azərbaycanın siyasi mövqeyini möhkəmləndirən bəyənatlar qəbul edilmiş oldu. Bir-birinin ardınca Avropa şurasının qəbul etdiyi qərarlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edən qərarlar çıxarılırdı. Ümummilli lider Heydər Əliyevin siyasi varisliyini davam etdirən  möhtərəm prezidentimiz İlham Əliyev də davamlı diplomatik qələbələr əldə etməklə Azərbaycanın haqq işini başa çatdırmağın yollarını yaxınlaşdırırdı.

Diplomatik üstünlük qazanan ölkəmiz Ermənistanı daim fakt qarşısında qoyur, Beynəlxalq hüququn təməl prinsiplərinə əməl etməsini tələb edirdi. Əfsuslar ki, münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minski qrupu beynəlxalq hüququn yaratdığı tələblərin icra müxanizmini yaratmaq, işğalçıların ölkəmizdən çıxarılmasını, bir milyon qaçqının ata – baba torpaqlarına qayıdışını təmin etmir, işğal altında olan torpaqlarımızda erməni barbarlarının talan-qarətlərinə göz yumurdular. Nəticədə şəhər və kəndlərin daşı-daş üstündə qalmır, ermənilər ən murdar vasitələrlə yaşayış yerlərini dağıdır, qəbristanlıqları yerlə-yeksan edir, Qarabağın tarixi abidələri məhv edilir, Qarabağın mədəni irsi dağıdılırdı.

Azərbaycan Prezidenti dünyanın ədalətinə inanmağın əbəs olduğunu gördüyündən ordumuzun gücləndirilməsi strategiyasını da uğrla həyata keçirir, bunun da nəticəsini 44 günlük müharibədə hamılıqla gördük. Möhtərəm prezidentimizin komandanlığı altında qısa müddətdə ordumuz dünyada bənzəri olmayan qələbəyə imza atdı. Sentyabrın 27 –də başlayan Azərbaycanın vətən müharibəsi bir-birinin ardınca qələbə xəbərləri ilə müşahidə edilməyə başladı.  Düzdü, müharibə fəlakət,faciə, qurbanlar deməkdir. Müharibə arzuolunmayandır. Ancaq düşmən xalqımızı Ya qarabağ,ya ölüm seçimi ilə üz-üzə qoyduğundan müharibə xalqımızın yeganə yolu olaraq qalırdı. Və xalqımız Qarabağın qarşılığında ölümü seçməyi üstün tutdu. Bu da bizim tarixən ata-baba ruhuna sadiqliyimizin, milli hünərə, qeyrətə malik olmağımızın bir nümunəsi idi. Möhtərəm prezidentimizin komandanlığı ilə müharibəyə başladıq və qələbəyə nail olduq.

İndi o günlərdən iki il keçir. Dünya yenədə ədalətin deyil, işğalçının yanında durmaqla bəşəri dəyərlərə hörmətsizlik nümayiş etdirir. Fransa kimi demokratiyanı bayraq tutan dövlət bu gün də erməniləri yenidən müharibəyə həvəsləndirmiş olur. Bu kimi tendensiyalar hələ də davam edir. Xalqımız isə həmişəki kimi birdir, birlikdədir. Möhtərəm prezidentimizin dediyi kimi dəmir yumruq kimi birləşib. Bu birliyə isə qalib gəlməyi hər hansı bədxahlar belə düşünməsinlər.

Zəfərin mübarək, Azərbaycan!!!  

Nəriman İsmayılov- Bərdə Qeydiyyat İdarəsinin rəisi, I dərəcəli Ədliyyə müşaviri