Mina təhlükəsindən özünü və yaxınlarını qoru

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mina təhlükəsindən özünü və yaxınlarını qoru mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” layihəsi uğurla başa çatmışdır.
Layihə çərçivəsində Ağdam Ağcabədi və Beyəqan rayon İcra Hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində hər bir rayon üzrə 30 yerli sakinin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar həyata keçirilmişdir. Seminarlarda müvafiq rayon icra hakimiyyətinin əməkdaşları iştirak etmiş, layihə komandasını və iştirakçıları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə də ciddi fəsadlar yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükəni nəzərə alaraq xüsusi əhəmiyyətini qeyd etmişlər.
Layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır.
Layihə üzrə ekspert, mina təhlükəsizliyi üzrə mütəxəssis Vaqif Sadıqov qlobal miqyasda mina və Müharibənin partlamamış qalıqları, Ottava konvensiyası, müharibənin təsirlərinə məruz qalmış rayonlarda mina və müharibənin partlamamış qalıqları (MPQ) ilə çirklənmə səviyyəsi, mina və müharibənin partlamamış qalıqları haqda ümumi məlumat (mina mifləri), mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış qaydaları, əsas mesajlar, xəbərdaredici işarələr, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınmasında icma səviyyəli maarifləndirmə fəaliyyətləri haqqında təqdimatlar etmiş, maraqlı müzakirələr aparılmışdır.
Qeyd edək ki, layihənin əsas məqsədini keçmiş təmas xəttinə yaxın və müharibədən zərərçəkmiş ərazilərdə təhsil alan, yaşayan, işləyən yerli sakinləri mina və partlamamış hərbi sursatlar, eyni zamanda təhlükəli ərazilər, onların əlamətləri və təhlükəli ərazilərdə düzgün davranış qaydaları haqqında məlumatlandırmaq təşkil etmişdir.
İctimayyətlə Əlaqələr Departamenti







