08 Sentyabr 2024

Milli mətbuatda dünən, bu gün və sabah

Bu gün ölkəmizdə 5 mindən çox media subyektinin olması mətbuatın davamlı inkişafının təmin edilməsinin göstəricisidir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Geridə isə mətbuatın 149 illik bir tarixi var. Təsadüfü deyil ki, Ulu Öndər Heydər Əliyev – Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik – deyirdi.

Milli mətbuatımızın inkişaf tarixini xronoloji ardıcıllıqla 4 mərhələyə bölmək olar:

1.Azərbaycan milli mətbuatının və jurnalistika sisteminin yaranması(1875-1917)
2.AXC dövrü mətbuatı və jurnalistikası (1918-1920)
3.Sovet dövrü Azərbaycan jurnalistikası (1920-1991)
4.Müasir Azərbaycan jurnalistikası (1991 – hazırkı dövrədək).

Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzetinin 2 il ərzində cəmi 56 sayı işıq üzü gördü. Maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalılar, həm də sadə insanlar arasında çox məşhurlaşdı.

XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başladı. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr olundu.
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız xüsusi inkişaf mərhələsinə qədəm qoymaqla istiqlal ideyalarının yayılmasında mühüm rol oynadı.
1920-1991-ci illərdə Azərbaycan mətbuatı ideoloji standartlara baxmayaraq öz milli varlığını qoruyub saxlaya bildi və respublikanın ictimai-siyasi həyatında fəal rol oynadı. 1920-ci ilin 28 aprelində Azərbaycan Cumhuriyyəti devrildikdən sonra, kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bildi, yeni janrlar formalaşdı və publisistikanın yeni bir növü-teleradio jurnalistikası təşəkkül tapdı. 
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin  müstəsna diqqət və qayğısı nəticəsində çoxaldı. Ulu Öndər Heydər Əliyev əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verdi. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərdi.
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası kütləvi informasiya vasitələrinin inkişafına, milli mətbuatın müstəqilliyinin dəstəklənməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması və  sosial təminatının yaxşılaşdırılmasına xidmət edir.   Prezident İlham Əliyevin bu mühüm sənədin təsdiqindən sonra, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, istiqamətində ardıcıl tədbirlərə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər. Bu  mükafatlar Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsinin gedişində informasiya mübarizəsinə öz töhfələrini verdi. Bu baxımdan Ali Baş Komandanın İkinci Qarabağ müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
44 günlük müharibədə Azərbaycan İnformasiya cəbhəsində də qələbə çaldı. Xüsusilə də, illərdir ki cəbhə xəttində çalışan media nümayədələri operativ və səmərəli fəaliyyət göstərdilər. Bu gün azad edilmiş ərazilərimizdən xəbərlər Azərbaycan mediasının prioritet xəttini təşkil etməkdədir. Bərpa olunmuş sərhədlərimizdə baş verənlər kütləvi informasiya vasitələrinin daimi gündəmindədir.
Xəbər təqdimatında jurnalistin daxili senzurası, özünüsenzurası çox vacibdir. Sərhəd bölgəsindən xəbərlərdə isə bu məsuliyyət qat-qat artıq olmalıdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın inkişafında yeni mərhələnin başlanmasını şərtləndirib. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub.
Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir.
Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə  dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməlidirlər.

Bayramın mübarək, Azərbaycan mediası!

Şöhrət Eyvazov – İctimai Televizyanın Qarabağ müxbiri