Milli Məclisdə gərgin müzakirələr – Hesablama Palatasının sədri hesabat verdi
Deputatlardan vətəndaşların problemləri ilə bağlı səlahiyyətli qurumlara çağırışlar
Aprelin 26-da Milli Məclisin növbəti plenar iclası keçirildi.
Komitə sədri Zahid Oruc bildirdi ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir: “Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir? Yaxud İslam ölkələrinin xüsusi fərqlənməsi hazırkı müqəddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı? Minaların təmizlənməsinə hərəsi çox yox, 10 milyon dollarlıq yardım etsə, tarixi Mina dağını ziyarət etmiş olarlar! O cümlədən Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi?100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı?”
Deputat Vahid Əhmədov bildirdi ki, bu gün dünyada çox ciddi iqtisadi böhran gedir və bu böhran Azərbaycana da öz təsirini göstərir. Süni qiymət artımının çox ciddi problemə çevrildiyini deyən deputat bildirdi ki, bunun qarşısını almaq üçün Azərbaycan hökuməti çox ciddi tədbirlər həyata keçirməli və süni qiymət artımının qarşısı alınmalıdır.
V.Əhmədov daha sonra digər məsələyə diqqət çəkdi. Bildirdi ki, son vaxtlar Rusiya Azərbaycana məxsus saytları bloklayır. “Azərbaycanda Rusiyaya məxsus ”Sputnik” agentliyi var və burada fəaliyyət göstərir. Baxmayaraq ki, bu agentlik Azərbaycanda dezinformasiyalarla məşğuldur, amma yayımını davam etdirir. Bir müddət əvvəl onun rəhbərliyinə Abxaziya və Osetiyada fəaliyyət göstərmiş bir polkovnik gətirilib”. Deputat dedi ki, “Sputnik”in rəhbəri Simonyanın bir müddət əvvəl Rusiyada səfərdə olarkən cənab Prezidentə verdiyi sualları xatırlatdı. Dedi ki, Azərbaycanda belə bir saytın fəaliyyəti dayandırılmalıdır. “Mən Mətbuat Şurasına, Media Agentliyinə müraciət edirəm: ”Sputnik”in Azərbaycandakı fəaliyyəti dayandırılsın!”
Əli Məsimli bildirdi ki, Azərbaycandakı sosial problemlərin mütləq əksəriyyəti işsizlikdən qaynaqlanır. Deputat Şəkidə işsizlik faizinin yüksək olduğunu diqqətə çatdırdı: “Bu istiqamətdə bir sıra işlər görülür, lakin davamlı addımların atılması zəruridir. Eyni zamanda xahiş edirəm ki, görülən işlərlə bağlı millət vəkilinə də məlumat verilsin”. Ə.Məsimli qarşıdakı aylarda ölkəmizdə taxıl yığımının başlayacağını və bununla əlaqədar ortaya çıxacaq problemlərin həlli istiqamətində bir sıra addımların atılmasının zərurliyini də vurğuladı.
Tahir Kərimli bank faizlərindən bəhs etdi. “Azərbaycanda elə bir ailə olmaz ki, bank borcları onu əzməsin” deyən deputat faizlərin yüksək olmasından narahatlığını ifadə etdi: “Ərəb ölkələrini çıxmaqla, müsəlman ölkələrində faizlər çox yüksəkdir. Üstəlik, onların çoxu kasıb ölkələrdir. Halbuki İslamda faiz, sələm günah kimi qəbul olunur. Mərkəzi Banka yeni rəhbər təyin olunub. Olarmı ki, biz faiz dərəcələrini aşağı endirək? Cərimələri ləğv edək? Azərbaycan əhalisi bundan çox əziyyət çəkir”. Deputat dedi ki, vətəndaşlar çox ağır şərtlərlə banklardan kredit götürür və sonradan onun altında əzilirlər: “Artıq banklar faiz dərəcələrinə yenidən baxmalı, insanlara 5-6 faizdən artıq olmayan kreditlər verməlidir. Bir çox ölkələrdə faiz məsələsi yoxdur. Kreditlər sıfır faizlə insanlara verilir. Ona görə hesab edirəm ki, artıq bizdə də belə olmalıdır”.
“Bir neçə gündür ki, paytaxtda ictimai fəalın oğurlanması və işgəncə görməsi barədə iddialar gündəmi zəbt edib. Bu iddialar nə qədər mötəbərdir, nə qədər həqiqətə uyğundur onu aidiyyəti orqanlar müəyyən edəcək, amma kifayət qədər narahatlıq doğuran məsələdir. İddia edilən hal baş veribsə, təbii, pisləyirik, amma polisin və dövlətin əsassız yerə hədəf göstərilməsi daha çox pislənməlidir”. Bunu isə deputat Bəhruz Məhərrəmov söylədi.
İclasda Hesablama Palatasının 2021-ci ildəki fəaliyyəti üzrə hesabatı müzakirə edildi. Palatanın ötənilki fəaliyyət haqqında hesabatını qurumun sədri Vüqar Gülməmmədov təqdim etdi.
Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesabatla bağlı komitənin mövqeyini çatdırdı. Bildirdi ki, parlament sədrinin göstərişi ilə hesabat geniş müzakirə olunub.
Qüdrət Həsənquliyev bildirdi ki, İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində Palatanın hesabatı çox demokratik şəkildə müzakirə olunub və müzakirələrə siyasi partiyalar da dəvət edilib. Q.Həsənquliyev hesabatla bağlı fikirlərini deməklə yanaşı, bəzi təkliflərini də səsləndirdi: “Biz Hesablama Palatası haqqında qanuna dəyişiklik etməliyik”.
Deputatın sözlərinə görə, ölkədə sadə insanlar da yaxşı bilirlər ki, saxta tenderlər keçirilir. “Bugünlərdə ABŞ səfiri də bildirdi ki, Qarabağda açıq tenderlər keçirilərsə, o halda ABŞ şirkətləri də bu işlərdə iştirak edə bilər”, Q.Həsənquliyev əlavə etdi. Deputat dedi ki, heç bir qanunda hesabatlara mənfi rəy verilərsə, bunun hansı nəticələrə gətirib çıxaracağı bilinmir: “Məsələn, Nazirlər Kabinetinin hesabatını Milli Məclis qənaətbəxş hesab etməzsə, bunun hansı hüquqi nəticələr doğuracağı bilinmir. Mən hesab edirəm ki, hesabata mənfi rəy verilən zaman Nazirlər Kabineti bütövlükdə istefa verməlidir. Bizim komitələrdə nazirliklərin fəaliyyətləri ilə bağlı nazirlərlə də dinləmələr keçirilir. Hətta əgər nazirlərin hesabatı, fəaliyyəti də dinləmə zamanı parlamenti qane etməzsə, o nazirlər istefaya göndərilməlidir. Biz bu istiqamətdə qanunvericiliyi təkmilləşdirməliyik”.
Deputat Musa Qasımlı sənədə səs verəcəyini bildirdi. Eyni zamanda Hesablama Palatasının rəhbərliyinə xitab etdi. Bildirdi ki, bir neçə il əvvəl Prezidentin sərəncamı ilə Yardımlı-Abasabad yolunun tikintisi ilə bağlı 6 milyon manat vəsait ayrılmışdı: “Bir il keçdi, o yol dağıldı. Sonradan edilən müraciətlərə cavab olaraq Hesablama Palatasının rəhbərliyi bildirmişdi ki, tədbirlər görüləcək. Mən hörmətli Vüqar müəllimdən (Gülməmmədov-red.) soruşmaq istəyirəm: bu tədbirlər görülübmü? Çünki insanlar məsələ ilə bağlı tez-tez müraciət edirlər”.
Deputat Vahid Əhmədov isə bildirdi ki, Palatanın təqdim etdiyi hesabatı və qurumun fəaliyyətini məqbul sayır. Bununla yanaşı, V.Əhmədov bir sıra narahatlıqlarını da bölüşdü: “İnvestisiya proqramları ilə əlaqədar çox ciddi problemlər var. Həmçinin ən ciddi məsələ tenderlərlə bağlıdır. Tenderlərin şəffaflığının qorunmaması çox ciddi problemlər yaradır”. Daha sonra deputat maraqlı bir təklif verdi. Qeyd etdi ki, Milli Məclisin iclaslarında mütəmadi olaraq 30 dəqiqəlik müzakirələr aparılır, bir çox problemlərlə bağlı fikirlər səsləndirilir. Bu mənada V.Əhmədov Hesablama Palatasının bir üzvünün mütəmadi olaraq plenar iclaslarda iştirakını zəruri saydı: “Həmin nümayəndə burada iştirak etməli, gələn il üçün iş planı təsdiq edəndə, parlamentdə qaldırılan məsələləri də özünün iş planına daxil etməlidir”.
Hesablama Palatasının hesabatı 1 səs əleyhinə olmaqla qəbul edildi.
İclasda Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv ediləcək. İclasda “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edildi. Deputat Etibar Əliyev çıxışı zamanı peşə təhsili sahəsindəki problemlərdən bəhs etdi, bu məsələ ilə bağlı təklfilər verdi. Builki buraxılış imtahanlarında abituryentlərin 23 mindən çoxunun 0-50 bal arasında bal topladığını deyən deputatın “təhsil sistemində savadsızlıq tüğyan edir”, sözlərinə spiker reaksiya verdi və dedi ki, təhsil sistemində bizim kifayət qədər uğurlarımız var.
Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.
Birinci vitse-spiker Əli Hüseynli bildirdi ki, Milli Məclisin 4 komitəsi layihəni müzakirə edib. Vitse-spiker bu qanuna Şuşa şəhərinin adından istifadə edilməsi haqqında maddənin əlavə edilməsi zərurətindən danışdı. Bildirdi ki, adlardan istifadə problem olaraq qalır. Şuşa haqqında qanuna bir maddənin əlavə edilməsi ilə problem həllini tapmış olur. Ə.Hüseynli dedi ki, növbəti mərhələdə adlardan istifadə ilə bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bu maddəyə əsasən, Şuşa şəhərinin adından istifadənin qadağan edildiyi barədə fikirləri təkzib edən Ə.Hüseynli burada tənzimlənmənin nəzərdə tutulduğunu vurğuladı. Bildirdi ki, burada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmadan söhbət gedir. “Beləliklə, bu qanun həm Şuşa sözündən, həm də Şuşa sözü ilə bağlı söz birləşmələrindən istifadəni tənzimləyir”, Ə.Hüseyni bildirdi.
Şuşa adından indiyədək istifadə olunduğunu və bu addımların həm də Şuşanı yaşatdığı barədə fikirlərlə razılaşdığını da qeyd etdi. Ancaq bildirdi ki, sahibkarların, hüquqi subyektlərin narahatlığına əsas yoxdur. Çünki qanunun geriyə tətbiqi mümkün deyil, yalnız yüngülləşdirici hallarda tətbiq mümkündür. Amma qanunun qəbulundan sonra artıq Şuşa adından istifadə məsələsi qanunla tənzimlənəcək.
Komitə sədrləri Tahir Mirkişili, Qənirə Paşayeva, Adil Əliyev də qanun layihəsini dəstəklədilər.
Milli Məclisin iclasında pensiya müzakirələri zamanı deputat Fəzail Ağamalı söz alaraq ilginc bir müraciət etdi. O, plenar iclasdakı müzakirələrə qatılan Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə xitab edərək, “mən xahiş edirəm, çıxsın televiziyaya, camaata desin ki, sizin pensiyanızı kəsən bizik. Axı nə günahın sahibiyik ki, insanlar bizi təhqir edirlər?”
F.Ağamalı dedi ki, 60-65 yaşlı insanların pensiyaları kəsilib: “Onları bu müavinətə hansı formada salmaq olar ki, heç olmasa müalicə pulunu ala bilsinlər”.
“Pensiya yaşının artan xətt üzrə getməsinə qarşıyam. Hazırda qanunda bəzi müsbət məqamlar əksini tapıb və bunları bəyənirəm. Ümumilikdə isə ”Əmək pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilmiş dəyişikliyi ədalətsiz yanaşma hesab edirəm”. Bu fikirləri isə deputat Razi Nurullayev söylədi.
İclasda digər qanun layihələri də müzakirələrdən sonra qəbul edildi.