08 Sentyabr 2024

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır

Azərbaycan xalqı tarixən böyük sərkərdələr, dövlət adamları yetişdirmişdir. Bunun sayəsində Azərbaycan dövlətçiliyinin tarixi hələ çox erkən əsrlərə gedib çıxır. Babək kimi sərkərdə 20 ilə qədər ərəb xilafətinə qarşı mübarizə aparmış, xalqın azadlıq ruhunun tərənnümünə çevrilmişdir. Cavanşır ağıllı dövlət adamı kimi Sasani , ərəb imperiyalarının, Xəzərlərin təhdidlərinə baxmayaraq  uzun illər Albaniya dövlətinin müstəqilliyini qoruyub saxlaya bilmişdir. Milli ruhunu yaşadan bir xalq kimi sonrakı dövrlərdə də tarixi şəxsiyyətlərin yetişməsi Azərbaycan dövlətçiliyinin nəsildən – nəsilə ötürülməsi ilə davam etdirilmişdir. Bütün bunların müqabilində həmin tarixi şəxsiyyətlər zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqı dünyada baş verən proseslər fonunda özünün ağlını, siyasi düşüncəsini, milli şüurunu ortaya qoymaqla nəinki dövlət məfkurəsini formalaşdırmış oldu,hətta şərqdə bir sıra mədəni hadisələrə ilk imzalar qoydu. Şərqdə ilk parlamentli respublika, şərqdə ilk opera, şərqdə ilk teatrın yaradılması ilə dünyanın mədəni hadisələrinə müəlliflik edə bildi. Belə tarixi proseslərin formalaşmasında əldə olunan uğurlarından biri də məhz görkəmli şəxsiyyətləri, mədəniyyət, dövlət xadimlərini, fikir adamlarını yetirə bilməsi idi. Bütün bunları qeyd etməklə deyə bilərik ki, Azərbaycan xalqının xoşbəxtliyi sayəsində yetişən dövlət xadimi ümummilli lider Heydər Əliyevin ölkəmizin tarixində müstəsna  rolu olmuşdur. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Dahi şəxsiyyət olaraq ümummilli lider Heydər Əliyev  Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımız daim ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini yüksək qiymətləndirmiş, daim böyük oğlu ilə fəxr etmişdir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Heydər Əliyev kimi şəxsiyyətlər dünyada  nadir, unikal, seçilən siyasətçilər olur.  Dünya siyasətinə təsir etmək, milli maraqları daim qorumaq baxımından belə şəxsiyyətlərə daim hər bir xalqın ehtiyyacı olur. Heydər Əliyev də Azərbaycan xalqı üçün məhz belə bir lider olmuşdur. Xalqın maraqlarını qoruyan, inkişafa doğru aparan, müstəqilliyə hazırlayan lider düşüncəsi ilə yaşayan lider olmuşdur. İndi keçmişə baxanda ümummilli liderin əzəmətinin bir daha şahidi olmaq mümkündür. Keçmişdən uzaqlaşdıqca onun böyüklüyü bir az da aydın, anlaşılan şəkildə dərk olunur. Heydər Əliyev o şəxsiyyətlərdən omuşdur ki, nəyi , nə zaman etməyi yaxşı bilirdi. Hadisələri izləməklə vaxtında qərarlar çıxarmağı bacaran şəxsiyyət kimi Azərbaycan xalqına dövlətçiliyin bəxş edilməsin nail olmuşdur. Bu da müstəqilliyimizin əldə olunmasında , əldə saxlanılmasında bizim həyatda qazandığımız ən böyük nailiyyət deməkdir.

Biz indi keçmişə ekskurs edəndə əsrin əvvəllərində qazanılan müstəqilliyimizin , azadlıq ruhumuzun dirçəldilməsini  SSRİ hakimiyyəti illərinə bağlı olaraq   Heydər Əliyevin xidmətləri sayəsində inkişaf etdirilməsini tam əminliklə deyə bilərik. 70-ci illərdə Azərbaycanın Sovet Respublikaları arasında yüksək fərqlə inkişaf etdirilməsi ümummilli liderin müstəsna xidmətlərinin nəticəsi kimi nəzərdən keçirilə bilər. İqtisadi cəhətdən Azərbaycanın güclənməsi , ideoloji –mədəni mətbuatının inkişaf etdirilməsi, hətta ordu quruculuğunun ilkin təməllərinin yaradılması müstəqilliyə hazırlaşmağın ən bariz nümunəsi sayıla bilər. Hansı ki, ümummilli liderin uzun illər fəaliyyəti bu günkü müasir tariximizin şərəfli səhifələrinin yazılmasını təmin etmiş oldu.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan hakimiyyətinin başına gəlməsi sayəsində  səhiyyənin inkişafı üzrə bir sıra tədbirlərin  həyata keçirilməsi,  mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi oldu. 1970–ci illərdə bir sıra bölgələrdə tibb müəssisələri yararsız binalarda yerləşirdi. Mövcud problemlərin aradan qaldırılması məqsədilə 1970–1980–ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970–1975–ci illərdə 150–dən 185–ə çatdı. Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi yeni tibb ocaqları istifadəyə verildi. Elmi–Tədqiqat Oftalmologiya və Elmi–Tədqiqat Onkologiya institutları üçün yeni binaların tikintisi  başladı.

Maddi texniki bazanın yaradılması ilə yanaşı müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını da tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı. Bütün bunlar ümummilli lider Heydər Əliyevi Azərbaycan vətəndaşına verilən dəyərin təzahürü, Azərbaycan səhiyyəsinə, xalqımızın sağlamlığına göstərilən diqqətin təzahürü demək idi.

1988-ci ildən başlayan hadisələr də xalqımızın qəhrəmanlığının nümunəsi sayıla bilər. Ancaq xalqın lideri olmayanda daha dəhşətli fəlakətlərin baş verməsi qaçılmaz olur. Tarixin müəyyən dövründə Azərbaycan xalqı tarixdən bu dərsləri almış oldu. Ümummilli liderin yox, başqalarının, təcrübəsi, siyasi yetkinliyi olmayan şəxslərin hakimiyyətdə olması Azərbaycan xalqını dəhşətli hadisələrlə üz-üzə qoydu. Ancaq Azərbaycan xalqı müdrikliyinə ortaya qoyaraq gücünü toparlayaraq liderini yenidə hakimiyyətə gətirməklə taleyini etibarlı əllərə vermiş oldu. Bununla da yeni tarixin başlanğıcı qoyuldu. Milli qurtuluşun tarixi Azərbaycan xalqının taleyinə günəş kimi istilik gətirdi. Azərbaycan dövləti tənəzzüldən qurtularaq yenidən tərəqqi yuluna qədəm qoydu. Qısa vaxtda dünyanın qüdrətli dövlətlərinin etibarlı tərəfdaşına çevrildi. Ümummilli liderdən sonra varisliyin layiqincə davam etdirilməsi qələbələrimizin təminatını tam qətiləşdirdi. Layiqli davamçı möhtərəm prezidentimizin böyük sərkərdəliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Düşmən torpaqlarımızdan qovuldu. Bu gün isə Qarabağda yeni tarix yazılır. Qarabağa yeni nəfəs , yeni həyat bəxş olunur. Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağ qara günlərini arxada qoyub, xoş günlərə doğru irəli addımlayır.

Hər ilin 12 dekabrında Azərbaycan xalqı ümummilli lider Heydər Əliyievi ehtiramla xatırlayır. Qədirbilən xalqımız həmişə , daim,  böyük oğlunu minnətdarlıq hissi ilə yad etməyi özünə borc bilir. Tam əminliklə demək olar ki, Azərbaycan xalqı durduqca bu belə də olacaq. Ümummilli liderin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin!

Musa Muradlı – Ekoloji İnformasiya İctimai Birliyinin sədri