Milli Kulinariya Konqresi keçirilib – Fotolar
Oktyabrın 24-də Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Milli Kulinariya Konqresi keçirilib.
Media1.az bildirir ki, konqresin keçirilməsinin əsas məqsədi milli kulinariyanın və qastro turizminin inkişafına dəstək olmaq, yerli istehsalçılar və fermerlər arasında əməkdaşlıq əlaqələrini genişləndirmək üçün platforma yaratmaq, həmçinin yerli tərəvəzlərdən istifadə ideyasını təşviq edən “0 km” fəlsəfəsini təbliğ etməkdir.
Beynəlxalq Kulinariya Günü çərçivəsində baş tutan tədbirdə milli kulinariya nümunələrinin tanıdılması və təbliği istiqamətində görülən işlər haqda məlumat verilib və bir sıra yeni məhsulların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın dünyada “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensialının olduğunu və son illərdə bu istiqamətdə bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib.
Agentlik sədri qastronomiya turizminin inkişafının yalnız ölkənin milli mətbəxinin deyil, həmçinin zəngin maddi-mədəni irsinin, tarixi ənənələrinin, mədəniyyətinin dünyaya tanıdılmasına baxımından mühüm amil olduğunu bildirib.
O, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrinin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər görüldüyünü diqqətə çatdırıb. Fuad Nağıyev kulinariyamızın beynəlxalq səviyyədə tanıdılması, milli mətbəximizin dünya mətbəxində özünəməxsus vacib yerə malik olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün, bütövlükdə bu sahənin inkişafı üçün sənayenin birgə fəaliyyətinin önəmli faktor olduğunu vurğulayaraq mütəşəkkil və koordinasiyalı fəaliyyətin əsas məqsəd olduğunu qeyd edib və sənayeni vahid hədəf üçün birgə fəaliyyətə çağırıb.
Təbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov gənclərin milli mətbəximizin qorunub saxlanması və inkişafında rolunun artırılması üçün zəruri olduğunu, dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi kulinariya sahəsində də gənclərin fəaliyyətinə şərait yaradıldığını, həmçinin nazirlik tərəfindən kulinariya sahəsində çalışan gənclərin beynəlxalq müsabiqələrdə iştirakını dəstəkləndiyini qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Azərbaycanda kulinariya sahəsində məşğul olan kiçik və orta sahibkarların inkişafı üçün mövcud dəstək mexanimzlərindən danışıb. O qeyd edib ki, KOBİA tərəfindən restoran və kafe biznesi üzrə sahibkarlar və aşpazlar üçün maliyyə dəstəyi ilə yanaşı, satış mexanizmləri yaradılır ki, bu da yeni bizneslərin formalaşması və saylarının artmasına şərait yaradır. O əlavə edib ki, kulinariya sahəsinin dəstəklənməsi həm də turizm üzrə yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına kömək edir.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq tədbirlərdə Azərbaycanın milli mətbəxinin geniş təbliğatının aparıldığını qeyd edib, qastronomiya turizminin və milli şərabçılıq ənənələrinin tanıtımı üçün enoturizmin inkişaf etdirilməsi üçün görülən tədbirlər haqqında məlumat verib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov milli mətbəxin qorunmasının ölkəmizin identifikasiyası və milli irsi üçün önəmli amil olduğunu qeyd edib. O, mərkəzin əsas fəaliyyətinin elmi-metodolji bazanın təkmilləşməsinə yönəldiyini, mərkəzin milli mətbəxi təşviq edən, milli yeməklərin reyestrini yaradan qurumlar üçün istinad mərkəzinə çevriləcək elmi mərkəz olmağı hədəfləyini vurğulayıb.
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli çıxışında Assosiasiyanın fəaliyyəti və planlaşdırılan layihələr haqqında məlumat verib. O, kulinarları birləşdirən ictimai təşkilat olaraq bu növ tədbirlərin keçirilməsinə hər zaman önəm verdiklərini və beynəlxalq yarışlarda təmsil olunmağın vacibliyini qeyd edib.
Tədbir panel sessiyalarla davam edib və tədbir çərçivəsində tanınmış aşpazlar tərəfindən ustad dərsləri keçirilib.
Xalidə Gəray