08 Sentyabr 2024

Milli həmrəyliyimiz sarsılmaz, birliyimiz əbədidir!

Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndi.

Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik günü birlik, Azərbaycana məhəbbət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdu.

Ulu Öndər Heydər Əliyevin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyevin effektiv siyasəti nəticəsində isə xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində, eləcə də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addımlar atıldı. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.

Bu gün dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi