23 Dekabr 2024

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın şərəfli tarixidir

33 il əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qalıb. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmiş oldu.

20 Yanvar hadisələri zamanı milli azadlıq və ərazi bütövlüyü uğrunda minlərlə soydaşımız qətiyyət və qəhrəmanlıq nümayiş etdirməklə Azərbaycan xalqının mərd və mübariz olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu. Bir daha sübut olundu ki, Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz edib, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülüb. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı ondadır ki, o, həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.Onu da qeyd edək ki, 20 Yanvar faciəsinə aparan yol əsasən iki amillə – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst, Azərbaycan rəhbərliyinin isə qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları ilə şərtlənib.

Bakıya yeridilən qoşun hissələrinin qəddarlığından söhbət açan zaman bildirmək istərdik ki, SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsinə beynəlxalq birliyin münasibəti heç də qənaətbəxş olmayıb. Baş vermiş dəhşətli cinayət əməlinə konkret hüquqi qiymət verilməmişdir. O cümlədən dünyada demokratiya təəssübkeşi hesab olunan ABŞ-ın da mövqeyində yetərincə prinsipiallıq göstərilməyib. Bir sözlə Azərbaycan imperiya qarşısında apardığı haqq davasında əli yalın və tək qalmasına baxmayaraq yenilməmiş, al qanına boyanmış oğullarını rus cəlladlarının süngüləri altında qərənfil yağışına tutmuşdur. Bununla da imperiyanın məğlubedilməzlik mifini Azərbaycan xalqı 20 Yanvar hadisələri ilə sındırmağı bacarmışdır.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib.

Yanvarın 21-də – faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə ziddiyyət təşkil etdiyini, mərkəzin və o vaxtkı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşüb. Sənəddə ölkədə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadığı halda, yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti açıqlanıb və Milli Məclisin iclasında bu hadisələrə siyasi-hüquqi qiymət verilib.

Tam əminliklə demək olar ki, Azərbaycan xalqının qanına əli batmış cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın Prezident İlham Əliyevin ətrafında monolit birlik nümayiş etdirməsi həm Ermənistan–Azərbaycan, həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcək.

20 Yanvar faciəsinin statistikası

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Bu aksiyanın SSSR-i və Azərbaycan SSR-i konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına zidd olaraq vətəndaşların hüquq və azadlıqları kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.

20 Yanvar hadisələri zamanı canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır

Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından onilliklərin keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur

Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəman­lıq səhifəsi kimi daxil olmuş Qanlı Yanvar faciəsi xalqımızın əzmkar­lı­ğını, vətənpər­vər­lik hissinin qüdrətini göstərən və yaşadan zəfər salna­mə­sidir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi, Elşən Quliyev.