08 Sentyabr 2024

Mətbuat xidməti rəhbərləri üçün master-klass keçiriləcək

Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə 2023-cü ilin I rübündə (yanvar-fevral) mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə növbəti master-klassın keçirilməsi nəzərdə tutulur. 
 
“Rupor”
 xəbər verir ki, kommersiya, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil olunacaq master-klassı London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparacaq. 
 
Qeyd edək ki, Britaniyanın “The Media Society” təşkilatının vitse-prezidenti olan Barni Cons İcmalar Palatasında media məsləhətçisi kimi çalışır. O, “The Andrew Marr Show”,  “Breakfast with Frost” siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub, PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib, bir çox siyasi xadimlərdən müsahibələr götürüb. 
 
Onu da əlavə edək ki, xüsusi formatda təşkil edilən master-klass ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırki dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır. Qeydiyyat üçün office@mtm.az  elektron ünvana müraciət edilməlidir.