Mətbuat Günü ilk dəfə Şuşada qeyd edildi – Prezident jurnalistləri təbrik etdi
Mədəniyyət paytaxtımız Beynəlxalq Media Forumuna da ev sahibliyi etdi
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətdə Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmiləri təmsil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. Təbrikdə deyilir:
“Hörmətli media nümayəndələri! Əziz jurnalistlər! Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.
Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.
Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram”.
Daha sonra Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Forumda çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib ki, bu gün Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq: “Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır. Cəmi iki il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada kimlərsə özlərinin milli, mənəvi və dini ideyalarını təbliğ edir, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilən Şuşa ədalətin bərpa olunacağının rəmzidir”.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 147 illiyi qeyd edilən Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub: “Tarixin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi ”Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və tərəqqi yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. Mediamız yarandığı gündən ciddi senzura altında fəaliyyət göstərməyə məcbur olsa da, Azərbaycanın müstəqillik tarixinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi ictimai fikir tariximizdə yeni mərhələ kimi dəyərləndirilir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb və bunun parlaq nümunəsi 1998-ci ildə senzuranın ləğv edilməsi olub. Bu gün Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsindən ikiqat qürur və fəxarət hissi duyuruq”.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb: “Ordumuzun qəhrəmanlığı həm xalqımızı qələbə ilə sevindirdi, həm də ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz resursları hesabına bərpa edir və bu da dünyada hökm sürən ikili standartların bir sübutudur. Yaxın günlərdə Qarabağ Dirçəliş Fondunun maliyyə göstəriciləri ictimaiyyətə təqdim olunacaq”.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxışında qeyd edib ki, idarə media nümayəndələri ilə sıx əlaqələr qurur: “Şuşa şəhərindəki dağıntılar, bərpa və yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır və təbliğ edilir. Bu gün Azərbaycanda böyük jurnalist ordusu yetişir. Məhz bu jurnalist ordusu 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində operativ informasiyalar verdi, xalqa Ordumuzun uğurları haqqında məlumatlar çatdırdı. Həmçinin Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük rolu var”.
Beynəlxalq Media Forumunun birinci panelində müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olub. Birinci paneldə çıxış edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman diqqətəlayiq təkliflə çıxıb edib: “Təklif edirəm ki, 3 il sonra – Azərbaycan mətbuatının 150-ci ildönümü münasibətilə Şuşada Dünya Media Forumu keçirilsin. Şuşa müqəddəs torpaqdır, çünki şəhidlərin qanı töküldüyü doğma torpaq müqəddəsləşir. Bu tədbirdə iştirak edənlər arasında qəhrəmanlar (qazilər – red.) var ki, onlar Şuşanın azad olunması uğrunda canını fəda ediblər. Onlara minnətdarlığımı bildirirəm”.
“Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim Şuşada beynəlxalq media forumunda iştirak etməkdən qürur duyduqlarını bildirib: “Medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır. Azərbaycanda Medianın İnkişafı Agentliyinin yarandığını görəndə çox sevindim. Bu, daha faydalı, obyektiv və operativ iş görmək üçün imkan yaradır”.
Bolqarıstanın “BTA” İnformasiya Agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva Droumeva diqqətə çatdırıb ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadə xəbərlərin daha böyük auditoriyaya yayılması üçün ən vacib şərtlərdən biridir: “Gənclər sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər və onlar xəbər əldə etmək üçün sosial şəbəkələrə üz tuturlar. Biz sosial şəbəkələrə xüsusi önəm verməliyik. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) feysbuk sosial şəbəkəsində 240 minə yaxın izləyici var. Lakin bizdə rəqəmlər bu qədər deyil. Hazırda bu istiqamətdə bir çox layihələr hazırlayırıq. Həmçinin çalışırıq ki, ölkənin hər yerindən xəbərləri canlı şəkildə çatdıraq”.
APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı və Haqqin.az analitik-informasiya veb-saytının rəhbəri Eynulla Fətullayev müasir dünyada media qarşısında duran çağırışlara toxunub, yaranmış problemlərin həlli istiqamətində səylər göstərilməsinin əhəmiyyətini bildiriblər. Eyni zamanda diqqətə çatdırılıb ki, bu gün feyk xəbərlərlə mübarizə media qarşısında duran vacib məsələlərdən biridir.
Forum digər çıxışlarla davam etdirilib.
Qeyd edək ki, forumda “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da çıxış edib. Çıxışın mətni ilə Musavat.com saytında tanış ola bilərsiniz.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”