23 Noyabr 2024

Meşə kəlləri Qafqaz dağlarına geri dönür.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Qafqaz bölgəsində nəsli kəsilmiş zubrların yetişdirilərək yenidən ana təbiətə qaytarıldığını bildirib. Özünün Facebook səhifəsində qeyd edib ki, Qafqaz meşə kəllərinin yetişdirilib, çoxaldılaraq Şahdağ milli parkına buraxılması nəzərdə tutulub.

“Artıq 17 baş zubrumuz var. Alimlər hesab edir ki, başlanğıc törədici qrup ən azı 50 heyvan olmalıdır. Nəzərə alsaq ki, Qafqaz meşə kəllərinin genetikası azçeşidlidir (hazırda mövcud olan populyasiya təbiətdə nəsli kəsiləndən sonra  zooparkda qalmış cəmi bir erkəkdən başlanğıc götürübdür), yaradıcı qrupda fərdlərin çox olması vacibdir. Bu qrup bir müddət adaptasiya keçdikdən sonra təbiətə – Şahdağ milli parkına buraxılacaqdır.”- deyə Elşad Əsgərov bildirib.

 Meşə kəllərinə yırtıcıların yaratdığı təhlükə barədə ekoloq Elşad Əsgərov qeyd eib ki,  yırtıcılar hələki bunları tanımır, ona görə gen gəzirlər. Qafqaz meşə kəlləri  hələki 300 hektarlıq elektrik çəpərdə saxlanılır, amma içəri ayılar da girir, canavar da, ancaq buna baxmayaraq kəllərə dəymirlər. Hətta Elşad Əsgərov vurğulayıb ki, ayılar gəlib kəllərə hazırlanıb, atılmış yemdən yesələr də özlərinə toxunmurlar.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Elşad Əsgərov gələcəkdə Qafqaz Marallarının Reintroduksiyasının da  həyata keçirilməsinində planlaşdırıldığını deyib. Xüsusən Talış dağları, Kiçik Qafqaz və Böyük Qafqazın şərq ətəklərində buna ehtiyac olduğunu bildirib.