23 Dekabr 2024

Məktəblərdə zəng çalınacaq – ölkə ənənəvi təhsilə qayıdır

1-ci və 4-cü siniflər 22 sentyabrda, 5-11-ci siniflər isə 29 sentyabrda əyani tədris prosesinə başlayacaq

Ötən gün təhsil naziri Emin Əmrullayevim iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirilib. Nazir qeyd edib ki, uzunmüddətli fasilədən sonra Azərbaycanda tədris  əyani şəkildə bərpa olunur: “Sentyabrın 22-dən birinci siniflər, sentyabrın 29-dan isə  5-ci və 11-ci siniflər, orta və ali ixtisas məktəblərində tədris ənənəvi olaraq başlayacaq. Oktyabrın 1-dən də məkbəqədər hazırlıq qruplarında tədris əyani şəkildə davam etdiriləcək”.

Əmrullayev əlavə edib ki, bu günədək 169 869 təhsil işçisi birinci doza, 154 654 təhsil işçisi isə ikinci doza vaksin olunub: “Son həftələrdə vaksinasiyanın sürətləndirilməsi vəziyyətin daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

Nazir qeyd edib ki, dərslərin 2 həftə gec başlamasının əsas səbəbi  hazırkı epidemioloji göstəricilərdir: “Hazırda yoluxmaların 5 faizini şagirdlər, 5 faizini isə müəllimlər təşkil edir. Dərslərə dərhal başlamamağımızın əsas səbəbi də məhz budur, əks halda, məktəblər distant təhsil rejiminə keçid etməli olur. Təhsil Nazirliyi olaraq  təhsil müddətinin arası kəsilən olmasını arzu etmirik. Sentyabr ayında ixtisar olunan 5 günlük təhsil müddəti noyabr tətili ilə əvəzlənəcək”.

E.Əmrullayev ali məktəblərdə də buraxılacaq dərslərin əvəz olunması məsələsinə münasibət bildirib: “Hər bir ali təhsil müəssisəsi öz təhsil planını hazırlayıb tələbələrə təqdim edəcək. Ona görə deyə bilmirik, buraxılan dərslərin əvəzi nə zaman ödənəcək. Bu, ali təhsil müəssisələrinin özündən asılı olacaq. Onların bununla bağlı muxtariyyətini tanıyırıq”.

Emin Əmrullayev: "700 balı heç vaxt təhsilin keyfiyyəti hesab etməmişəm"

Nazir onu da əlavə edib ki, istər tələbələr, istərsə də digər təhsil işçiləri vaksinasiyadan keçməlidirlər: “Bununla bağlı hər hansı güzəştin olacağını düşünmürük. Burada ictimai məsuliyyət önəm daşıyır”.

Təhsil naziri qeyd edib ki, özəl məktəblərin təhsil planı dövlət məktəblərindən fərqlənir. Bu məktəblərdə təhsil müddəti 36-38 həftədirsə, dövlət məktəblərində 34 həftədir: “Təhsilin başlama vaxtı özəl məktəblərin öz qərarıdır. Lakin yoluxma halları artığı halda, eyni qaydalar özəl məktəblərə də şamil edilir. Biz ardıcıllığın qorunmasının tərəfdarıyıq. Doğrudur, özəl məktəblər daha kiçikdir, şagird sayı daha azdır. Bunun ölkədəki epidemioloji vəziyyəti dəyişəcəyini düşünmürük. Təhsil Nazirliyi olaraq başa düşürük ki, 38 həftəlik proqramı 34 həftədə keçmək mümkün deyil. Lakin burada risk və düzgün proqnozlaşdırma bacarığı vacibdir”.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə bildirib ki, məktəbdə dezinfeksiya işləri, hərarətin ölçülməsinə nəzarət ediləcək: “Dərs vaxtı hansısa şagirdin hərarəti qalxarsa, bütün məktəblərdə izolyasiya otaqları hazırlanıb. Uşaqlar  otaqda valideyni gələnədək gözləyəcək. Hansısa məktəbdə yoluxma halı olarsa, Səhiyyə Nazirliyi, Gigiyena Epidemiologiya Mərkəzinə məlumat veriləcək. Bu qurumlar məktəbə gələrək araşdırma aparacaqlar.  Onlar qərar verirlər ki, sinif bağlanır, yaxud dərslər distant keçirilir. Eyni zamanda 226 məktəbdə 400 könüllü cəlb edilib. Onlar da hərarətin ölçülməsi və digər qaydalara əməl olunmasına nəzarət edəcəklər”.

Brifinqdə jurnalistlərin suallarını cavablandıran təhsil naziri deyib ki,  hazırkı şəraitdə vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur: “Məktəbli formaları ilə bağlı yeni qərar verildiyi halda, məlumat veriləcək”. Nazir ali məktəblərdə vaksin olunmayanların distant təhsilə keçməsi ilə bağlı suala da cavab verib: “Bununla bağlı ali məktəb rəhbərləri ilə müzakirə edəcəyik. Amma vaksinasiyadan keçmək  vacibdir”.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki,  nazirlik valideynlərdən COVİD pasportu tələb etmir: “16-18 yaşlı şagirdlərə vaksinasiya məcburi deyil. 18 yaşdan yuxarı şagird və tələbələrin COVİD pasportu olmalıdır. Əlavə olaraq isə ali təhsil müəssisələri ilə tələbələrin COVİD pasportunun təqdim olunmasının asanlaşdırılması üçün məsələni müzakirə edib, ictimaiyyətə təqdim edəcəyik”.

Nazir onu da əlavə edib ki, yaşından asılı olmayaraq uşaqların maska taxması valideynlərdən asılıdır: “Məktəblərdə şagirdlərin maska taxması məcburi deyil. Onu da qeyd edim ki, bu il də tele-dərslər layihəsi davam edəcək. Virtual məktəb platformamız isə hazırdır. Ehtiyac olarsa, bu platforma istifadəyə veriləcək”.

“Mən abituriyentin 700 bal toplamasını təhsil keyfiyyəti hesab etmirəm” deyən təhsil naziri əlavə edib ki, elmi təhlil kifayət qədər ciddi məsələdir: “Biz elmə inanmalıyıq. Bu il həm magistratura, həm də bakalavr sahəsində təhsil planlarının 90 faiz dolması kifayət qədər yüksək göstəricidir. Məndə olan məlumata görə, bəzi fənlərdə nəticələr yüksəkdir, aşağı deyil. Ümumi qəbul nəticələri ilə bağlı qəbul prosesi bitdikdən sonra statistika aparılacaq”.

Nazir müəllimlərin vaksinasiyası ilə bağlı məsələyə də toxunub: “Müəllimin tədrisə cəlb olunması üçün vaksin sertifikatı, əks göstəriş sertifikatı və ya immunitet sertifikatı olmalıdır. Tələbə peyvənd olunmayıbsa, akademik məzuniyyət və ya distant təhsil rejiminə keçid edilə bilər. Bununla bağlı ali məktəb rəhbərləri ilə müzakirələr aparılacaq. Lakin hazırda bütün təhsil işçiləri və tələbələrə peyvənd olunmalarını tövsiyə edirik. Əgər müəllim məktəbdə işləmək istəyirsə, peyvənd olunmalıdır”.

Son günlər valideynləri daha çox maraqlandıran suallardan biri isə “bu il də şagirdlər növbəli şəkildə dərsə buraxılacaqlarmı?” idi. Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bu il orta məktəblərdə şagirdlərin dərsə buraxılması ötənilki kimi növbəli şəkildə həyata keçirilməyəcək. O qeyd edib ki, bütün şagirdlər dərslərdə iştirak edəcəklər.

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

 Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi də tədris ilinin yenilikləri ilə bağlı “Yeni Müsavat”a danışıb: “Artıq ənənəvi təhsilə keçidlə bağlı ən azı nikbin bir xəbər var. Sentyabrın 22-dən etibarən ibtidai siniflər, 29-dan etibarən isə beş, 11-ci siniflər, eyni zamanda ali təhsil müəssisələri, orta ümumtəhsil müəssisələri ənənəvi təhsilə qayıtmağı planlaşdırır. Ümumilikdə, ənənəvi təhsilə qayıdılması düşünürəm ki, doğru addımdır, doğru qərardır.  Baxmayaraq ki, gündəlik yoluxma sayında artım müşahidə edirik,  amma  təhsilin qapadılması doğru deyildi. Hazırkı situasiyada biz mütləq ənənəvi təhsili bərpa etməliyik və  təbii ki, TƏBİB, Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydalara riayət etmək şərti ilə bunlar həyata keçirilməlidir. Yəni  izolyasiya qaydalarına riayət etmək şərtilə biz  ənənəvi təhsili bərpa etməliyik. Ümumilikdə alınmış qərarlar, fikrimcə, vətəndaşlarımız üçün də uyğundur. Çünki onlar da bilmirdilər ki, dərslər hansı qaydada başlanılacaq. İndi artıq qərar verilib. Bütün bunlarla yanaşı, bir məsələni də qeyd edim. Düzdür, indidən bildirilir ki, qarşıdakı günlərdə daha epidemioloji  vəziyyət daha kritik olarsa, məsələn, sentyabr ayının sonuna qədər, o zaman təəssüflər olsun ki, yenidən distant formada, yəni uzaqdan idarəetmə əsasında təhsilə də qayıdıla bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”