Məktəb yaxınlaşdıqca məktəbli formaları ilə bağlı narazılıq artır
Ekspertlərə görə, nazirlik aztəminatlı ailələri məktəbli formaları ilə təmin edə bilər və bu, elə böyük maliyyə deyil
Dərs ilinin açılmasına az müddət qalıb. Valideynlər isə məktəbli geyimlərinin baha olmasından şikayətlənirlər. Əgər bir evdən iki, yaxud üç uşaq məktəbə gedəcəksə, valideyn xeyli pul xərcləməli olacaq.
Qeyd edək ki, növbəti tədris ilindən – sentyabrın 15-dən orta məktəblərdə yeni məktəbli formasının tətbiqi gerçəkləşəcək. “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub. 2022-2023 tədris ilində məktəb hansı rəngi seçibsə, üç il müddətində həmin rəngdən istifadə etməlidir. Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manatadır. Bununla belə valideynlər narazılıq edir ki, 15 manata təklif edilən köynəklərin keyfiyyəti olduqca aşağıdır. Ona görə də daha bahalı köynək almağa məcbur olurlar. Yeri gəlmişkən, paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur.
“Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir status çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın? Dövlət məktəbləri pulsuzdursa, forma da pulsuz olsun heç olmasa”.
Bu sözləri isə müğənni Nura Suri sosial media hesabında yazıb. Sənətçi məktəb geyimlərinin bahalığından gileylənib: “Məktəb ləvazimatları da baha, geyim də. Ümumiyyətlə, 300-500 AZN maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Millət vəkillərinə ünvanlayıram bu sualı. Dostluğumda olanlar cavablandırsın heç olmasa…”
Ağ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova da bizimlə söhbətdə dedi ki, məktəbli formaları ilə bağlı şikayətlər çoxdur: “Şagirdlərin məktəbə vahid formada gəlməsi çox yaxşıdır. Forma geyinən şagirdlər daha intizamlı olurlar. Amma hər ildən bir yeni model forma tələb olunması düzgün deyil. Ümid edirəm ki, bu məsələyə ciddi yanaşarlar. Vacib məsələ şagirdlərin təhsilidir, geyimi yox. Hər il məktəbli forması dəyişilir, buna son qoyulmalıdır, bir az da kasıb ailələri düşünsünlər. Diqqətinizi geyimə yox, təhsilə yönəltsələr daha gözəl olar”.
Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, məktəbli formalarının hər il və ya bir neçə ildən bir dəyişdirilməsi valideynlər arasında ciddi narazılıq yaradır: “Elə ailələr var ki, bir neçə övladı orta məktəbdə, bir neçə övladı da ali məktəbdə təhsil alır və məktəbli formalarının tez-tez dəyişdirilməsi valideynlərin ümumi xərclərini artırır. Elə şagirdlər var ki, onlar aldıqları geyimləri səliqəli saxlayaraq bir neçə il geyinə bilərlər. Odur ki, düşünürəm ki, valideynlərimizin bu narazılığı aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır. Keyfiyyət və forma baxımından elə geyimlər seçilməlidir ki, onların tez-tez dəyişməsinə ehtiyac olmasın”.
Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “2011-ci ildən etibarən ölkədə vahid məktəbli formasından istifadə olunur. Bu, məktəblərdə sosial bərabərliyin təmin olunması, şagirdlərin birinin digərindən maddi vəziyyətinə görə fərqlənməsinin qarşısını alır və kifayət qədər yaxşı haldır. Amma təəssüf olsun ki, son iki il ərzində məktəbli formalarının yeni dizaynda təqdim edilməsi valideynlərin əlavə xərcə düşməsinə gətirib çıxarır. Azərbaycanda təhsil ödənişsizdir, məktəbli formaları da pulsuz olaraq verilə bilər. Bu heç də böyük vəsait deyil. Böyük qrant layihələrinə ayrılan vəsaitləri buna xərcləmək daha məqsədəuyğun olardı”.
Ekspertin sözlərinə görə, məktəbli formaları hamı üçün əlçatan olmalıdır: “Bu vacib bir məqamdır. Ona görə ki burada şagirdlərin dərs prosesində özünü rahat hiss etməsi üçün vacibdir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi aztəminatlı ailələrə məktəbli formaları ilə təminatını həyata keçirməlidir. Azərbaycan kifayət qədər güclü, imkanlı dövlətdir. Təhsilə kifayət qədər böyük məbləğdə vəsait ayrılır. Ailələr var ki, 3 və daha artıq uşaq məktəbə gedir. Yeni formalarda həm payız, həm qış geyimləri var. Valideynlər müxtəlif fəsillərdə fərqli geyimlər almalıdırlar. Bu da ailə büdcəsinə böyük yükdür. Hesab edirəm ki, burada dövlət öz mövqeyini ortaya qoymalıdır. Xüsusilə də aztəminatlı ailələrdən olan şagirdlərin məktəbli formaları dövlət büdcəsinin vəsaiti hesabına olsa yaxşı olar”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”